Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasına yeni qəbul olunmuş kursantlar Vətənə sədaqət andı içmişlər

 

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasına yeni qəbul olunmuş kursantlar Vətənə sədaqət andı içmişlər.

Nazirliyin İctimai Əlaqələr Mərkəzindən AzərTAc-a bildirmişlər ki, akademiyanın şəxsi heyətinin, kursantların valideynlərinin iştirakı ilə keçirilən təntənəli mərasimdə hərbi marşın sədaları altında sıra meydanına döyüş Bayrağı gətirilmiş və Dövlət himni səsləndirilmişdir.

Akademiya rəisinin müavini, general-mayor İsgəndər Allahverdiyev kursantları və onların valideynlərini əlamətdar gün münasibətilə təbrik edərək bu andın xalqa, müstəqil Azərbaycana sədaqət andı olduğunu bildirmişdir. Hərbi qulluqçu sona qədər andına sadiq qalmalı, Vətən torpağının hər qarışını göz bəbəyi kimi qorumalıdır. Qeyd edilmişdir ki, gənc kursantlar bu çətin və olduqca şərəfli peşənin sirlərinə yiyələnərək əsl zabit kimi yetişməli, milli maraqlarımızın etibarlı təmin olunması sahəsində qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirməlidirlər. Bunun üçün isə təhsildə və xidmətdə yüksək nəticələr göstərmək, nizam-intizamlı olmaq lazımdır.

İ.Allahverdiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən fəal hüquq-mühafizə siyasətində daim ön sırada olan Milli Təhlükəsizlik Nazirliyinin uğurlu fəaliyyətinə ölkə rəhbərliyi və ictimaiyyəti tərəfindən daim yüksək qiymət verildiyini qeyd etmişdir. 

General-mayor İ.Allahverdiyev daha sonra ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərdən danışmış, təhlükəsizlik xidməti orqanlarının inkişafında və milliləşməsində, Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının yaradılmasında və formalaşmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini qeyd etmişdir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən milli təhlükəsizlik orqanlarına göstərilən diqqət və qayğını xüsusi vurğulamışdır.

Akademiya rəisinin müavini milli təhlükəsizlik naziri Eldar Mahmudovun tədrisə, gələcək zabitlərin hərtərəfli inkişafına, həmçinin döyüşfiziki hazırlığına gündəlik nəzarətini və bu məsələlərin yüksək səviyyədə təşkili ilə əlaqədar tələbkarlığını diqqətə çatdırmışdır. Belə ki, bu gün akademiyada kursantların istifadəsinə verilmiş tədris korpusları, yataqxanalar, yeməkxanalar, idman və sağlamlıq kompleksləri, klublar və istirahət guşələri ən yüksək standartlara cavab verir.

Tədbirdə çıxış edən gənc kursantlar və valideynlər ümummilli liderin adını daşıyan xüsusi təyinatlı bu ali təhsil müəssisəsində təlim-tədris və hərbi-fiziki hazırlıq üçün yaradılmış yüksək şəraitdən razılıqlarını bildirmişlər.

Tədbirin sonunda gənc kursantlar hərbi orkestrin müşayiəti altında sıra addımları ilə tribuna önündən keçmişlər.

Təntənəli mərasim çərçivəsində təhsil müəssisəsinin akt zalında akademiyanın rəhbərliyi valideynlərlə görüşmüş, kursantlar üçün yaradılmış tədris, xidmət və məişət şəraitindən, həmçinin təhsillə bağlı qarşıda duran vəzifələrdən danışmış, sualları cavablandırmışlar.

 

Azərbaycan. - 2013.- 15 sentyabr.- S. 6.