İqtisadi inkişafın uğurlu formulu

 

Prezidentin iştirakı ilə iki gündə beş rayonda 16 sosial obyektin açılışı və 3 obyektdə aparılan böyük abadlıq-quruculuq işləri regional siyasətin alternativsizliyindən xəbər verir

 

Ötən 10 ildə qarşıya qoyulmuş başlıca vəzifələr əhalinin sosial rifah halının yaxşılaşdırılmasından abadlıq-quruculuq işlərinin daha sürətlə aparılmasından, xidmət və infrastruktur sahələrində işin müasir dövrün tələblərinə uyğunlaşdırılmasından ibarətdir. Bu illərdə həyata keçirilmiş çoxşaxəli tədbirlər sistemi həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə miqyaslı, konkret və ünvanlı olması ilə diqqət çəkir. Ölkə başçısı yeni dövrün tələblərinə uyğun olaraq Azərbaycanın bütün regionlarının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün konktet vəzifələr müəyyənləşdirmişdir.

Bu gün ikinci elə bir dövlət tapmaq çətindir ki, son 10 ildə ümumi daxili məhsulun artım tempinə görə dünyada lider mövqeyini qoruyub saxlasın, qısa müddətdə dövlət büdcəsinin vəsaitlərini 12 dəfədən çox artıra bilsin. Azərbaycan bunları bacarmaqla yanaşı, həm də regionların sosial-iqtisadi inkişafına xidmət edən mühüm dövlət proqramlarını, fərman və sərəncamları uğurla icra etmişdir. Ölkədə həyata keçirilən sosial infrastruktur layihələri nəticəsində bölgələrin siması dəyişmiş, sahibkarlığın inkişafı, yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması, yerlərinin açılması naminə sistemli addımlar atılmışdır.

Azərbaycanın son illərdəki büdcəsinə nəzər saldıqda həyata keçirilən iqtisadi strategiyanın milli maraq və mənafe baxımından səmərəliliyi bir daha təsdiqini tapır. MDB dövlətlərinin büdcə vəsaitləri 2003-2012-ci illərdə 3-4 dəfə artdığı halda, respublikamızda bu göstərici üzrə fərq 10 dəfədən çoxdur. Azərbaycanın büdcə gəlirlərinin illik artım tempi ötən dövrdə orta hesabla 30-40 faiz artımla müşayiət olunmuşdur.

Son 3 ilin dünya iqtisadiyyatının ağır, sarsıdıcı böhranla üzləşdiyini nəzərə aldıqda, Azərbaycanın bu üzücü prosesdən maksimum az itki ilə çıxdığını, üstəlik, ümumi daxili məhsulun artımı sahəsində mühüm irəliləyişlərə nail olduğunu demək olar. Modernləşmə istiqamətində inamlı tədbirlər həyata keçirən Azərbaycanda hazırda milli ideya səviyyəsində nəzərdən keçirilən məqsədlərdən biri də məhz respublikanın orta inkişaf etmiş ölkələr səviyyəsindən yüksək inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılmasıdır. Bu məqsədin gerçəkləşdirilməsi üçün 2020-ci ilədək ümumi daxili məhsulun azı 2 dəfəyədək artırılması mühüm vəzifə kimi müəyyənləşdirmişdir. Respublikanın ilbəil genişlənən maliyyə imkanları isə bu məqsədə çatmaq üçün islahatları keyfiyyətcə yeni mərhələdə də yüksək dinamizmlə davam etdirməyə imkan verir.

Dövlət başçısının 14 aprel 2009-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın başlıca məqsədi ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaqdır. Sahibkarlığın inkişafı da ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından həyata keçirilən dövlət siyasətinin aparıcı istiqamətlərindən birini təşkil edir.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının davamı kimi ötən müddətdə ayrı-ayrı bölgələrin inkişafı ilə bağlı əlavə sərəncamlar imzalanmışdır. Həmin sərəncamlar əsasında Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən, Qəbələ, Şəki, Balakən, Qax, Zaqatala, İsmayıllı, Oğuz, Şamaxı, Lənkəran, Astara, Lerik, Masallı, Şirvan, Hacıqabul, Kürdəmir, Saatlı, Sabirabad, Ağstafa, Gədəbəy, Qazax, Şəmkir, Tovuz, Ağdam, Bərdə, Tərtər, Ağsu, Ucar, Zərdab (şəhər), Yardımlı və digər rayonların inkişafı üçün əlavə tədbirlər sistemi müəyyən edilmiş, dövlət büdcəsindən zəruri maliyyə vəsaiti ayrılmışdır.

Həyata keçirilən iqtisadi siyasətin əsasən sosialyönümlü mahiyyət daşıması bir sıra reallıqlarla şərtlənmiş, cəmiyyətin sosial sifarişini əks etdirmişdir. Aztəminatlı vətəndaşların sosial müdafiəsi, istehsalçı və istehlakçının maraqlarının uzlaşdırılması, bir sözlə, sosial-liberalizm xətti cənab İlham Əliyevin prezidentlik dövrünü səciyyələndirən prioritet istiqamətlərdən biri kimi diqqəti çəkir. Azərbaycanda yeni mülkiyyət formalarının yaranması, sahibkarlığın sürətli inkişafı, qiymətlərin tənzimlənməsi əhalinin sosial baxımdan nisbətən zəif təbəqəsinin maraqlarını inkar etmir. 2009-cu il martın 18-də keçirilmiş ümumxalq referendumu ilə Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə edilmiş bir sıra mütərəqqi əlavələr də Azərbaycanda hər bir vətəndaşın normal yaşayış səviyyəsinin, sosial rifah halının yüksəldilməsi, firavan yaşayışının təmini yönümündə həyata keçirilən tədbirlərin mahiyyətindən irəli gəlmişdir. Həmin maddəyə edilmiş dəyişikliyə görə insan və vətəndaş hüquq azadlıqları ilə yanaşı, "Azərbaycan Respublikasının vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi" dövlətin ali məqsədləri sırasına daxil edilmişdir. Bu əlavənin Konstitusiyada əksini tapması respublikanın maliyyə imkanlarının əhəmiyyətli dərəcədə artması, hökumətin iqtisadi siyasət strategiyasında sosialyönümlü məsələlərin prioritetə çevrilməsi ilə şərtlənmişdir.  Azərbaycan dövləti insan hüquq və azadlıqlarının yüksək səviyyədə müdafiəsi ilə öz vəzifəsini qətiyyən məhdudlaşdırmayıb, hər kəsin layiqli həyat səviyyəsinin təmin olunmasını da ciddi öhdəlik kimi üzərinə götürmüşdür.

Neft gəlirlərinin iqtisadiyyatın vacib sahələrinə, xüsusən də, qeyri-neft sektoruna, istehsal sahələrinə yönəldilməsi, yeni müəssisələrin açılması yolu ilə işsizlik probleminin aradan qaldırılması, bir sözlə, əhalinin sosial müdafiə tədbirlərinin gücləndirilməsi Azərbaycanda həyata keçirilən sosialyönümlü iqtisadi siyasətin ana xəttini təşkil edir. Dövlət başçısı iqtisadi inkişafa yalnız neft amili hesabına nail olmağı məqbul saymayaraq tarazlı və davamlı tərəqqi naminə qeyri-neft sektoruna xüsusi diqqət yetirilməsinin vacibliyini önə çəkir. Bu siyasət neftdən asılılığı azaltmaqla ölkədəki dinamik iqtisadi inkişaf tempini sabit saxlamağa imkan verən fundamental əsasların yaradılmasını nəzərdə tutur.

Ümumiyyətlə, dövlətin sosialyönümlü siyasəti yalnız bazar münasibətlərinin və sahibkarlıq fəaliyyətinin azadlığını saxlamaqla vəsait və ehtiyatların düşüncəli surətdə yenidən bölüşdürülməsinə imkan verən yüksək iqtisadi inkişaf vasitəsilə həyata keçirilə bilər. Sosialyönümlü dövlətin əsasını insan ləyaqəti, ədalət, məsuliyyət, fərdin maddi statusunun kəskin fərqliliyini aradan qaldırmaq məqsədləri təşkil edir. Bu, ictimai həyatı humanistləşdirmək, cəmiyyətdə qarşıdurmanın azalmasının, vətəndaş həmrəyliyinin formalaşmasının, bütün sosial qrup və fərdlərin mənəviyyatının artmasının labüd yoludur. Qərbin sosial məsələlərə geniş yer verən bir sıra ölkələrinin inkişaf təcrübəsi bazar azadlığının və dövlətin iqtisadiyyata təsiri arasındakı balansın nə qədər çətinliklə əldə olunduğunu göstərir. Yüksək sosial xərclərin təmin olunması bəzən vergilərin qalxmasına gətirib çıxarır, bu isə istehsal sahələri üçün maneə yaradır. Hökumət belə hallarda sosial proqramları müvəqqəti azaltmağa məcbur olur. Yəni, ən inkişaf etmiş dövlətlərin təcrübəsində də sosial-iqtisadi və mədəni hüquqların təmini ilə bağlı böyük çətinliklər yaranır. Azərbaycanın milli inkişaf modeli isə elə uzaqgörənliklə düşünülmüşdür ki, dövlətin sosialyönümlü siyasəti azad bazar iqtisadiyyatının tələbləri ilə kəskin ziddiyyətlər doğurmur.

2003-cü ildən ölkədə məqsədyönlü surətdə həyata keçirilən sosial infrastruktur layihələrinin əsasında da məhz insan amili, vətəndaşa layiqli xidmət məramı dayanmışdır. 3 min metr hündürlükdə yerləşən Xınalıq kəndinə yolun, sovet dövründən mavi yanacaq üzü görməyən Lerik və Yardımlıya təbii qaz kəmərinin çəkilməsi buna sübutdur. Eləcə də Naxçıvanın davamlı olaraq elektrik enerjisi və təbii qazla təmin olunması, Bakıya Oğuz-Qəbələ zonasından su kəmərinin çəkilməsi, paytaxtda yeni körpülərin, yol ötürücülərinin, piyada keçidlərinin istifadəyə verilməsi, respublika əhəmiyyətli yollarda əsaslı yenidənqurma işlərinin aparılması, rayonlarda yeni təhsil, səhiyyə, mədəniyyət, Olimpiya-idman komplekslərinin tikintisi, qaçqın düşərgələrinin ləğvi və digər tədbirlər dövlət başçısının iqtisadi siyasətinin dinamizmini, səmərəliliyini bir daha sübuta yetirir.

Dövlət proqramlarının icra vəziyyətini daim diqqət mərkəzində saxlayan Azərbaycan Prezidenti mütəmadi olaraq regionlara səfərlər edərək görülən işlərlə əyani tanışlıq imkanı qazanmış, mövcud problemlərin həlli üçün yerli icra orqanlarının rəhbərlərinə müvafiq tapşırıqlar vermiş, məmurlar qarşısında vəzifə məsuliyyətini, vətəndaşlara həssas münasibət məsələsini aktuallaşdırmışdır. Bu səfərlər dövlət başçısına vətəndaşların həyat tərzi, düşüncələri, arzu və istəkləri, eyni zamanda, regionların inkişafı istiqamətində həyata keçirilən tədbirlərlə yaxından tanış olmaq imkanı yaradır.

Prezident İlham Əliyev bu günlərdə Yevlax, Bərdə rayonlarına, Naftalan şəhərinə, eləcə də Şəmkir və Gədəbəy rayonlarına iki günlük səfəri zamanı 16 sosial obyektin açılışında iştirak etmiş, 3 obyektdə aparılan abadlıq-quruculuq işləri ilə tanış olmuşdur. Ölkə başçısının adı çəkilən rayonlara səfəri Heydər Əliyev Mərkəzinin, avtomobil yollarının, məcburi köçkün ailələri üçün yeni salınmış məhəllənin, yeni xəstəxananın, məktəb binalarının, mehmanxana komplekslərinin, körpülərin, içməli suyun verilməsi mərasimi, Bayraq Meydanı mərkəzinin açılışı ilə əlamətdar olmuşdur.

Ölkə başçısı Şəmkir şəhərində içməli suyun verilməsi mərasimində iştirakı zamanı bildirib: "Regional inkişaf proqramı hər il yüz milyonlarla manat vəsaitin qoyuluşu deməkdir. Son 10 il ərzində isə bütövlükdə ölkə iqtisadiyyatına 150 milyard dollar vəsait qoyulmuşdur. Yəni, əgər illərə bölsək, bu hər ilə orta hesabla 15 milyard dollar düşür. Azərbaycan kimi ölkə üçün bu, çox böyük rəqəmdir. Bütün bu vəsaiti biz düşünülmüş siyasət və ardıcıl, məqsədyönlü fəaliyyət nəticəsində əldə etmişik. Azərbaycan xalqının zəhməti, istedadı və düzgün siyasəti hesabına biz buna nail ola bilmişik. Bu gün Azərbaycanda olan dinamik inkişaf heç bir yerdə yoxdur. Mən bunu tam əminliklə və qətiyyətlə deyirəm. Ona görə yox ki, biz burada özümüzü tərifləyirik. Amma bu, reallıqdır. Heç bir ölkə son 10 il ərzində Azərbaycan qədər inkişaf etməyib və inkişaf etmir. Bu ildinamik inkişaf təmin edilib. Altı ayın yekunları da onu göstərir. Qeyri-neft sektoru sürətlə inkişaf edir, yerləri açılır, yoxsulluq azalır və abadlaşan şəhərlərimiz dediyim sözlərin ən gözəl təsdiqidir. Bir daha demək istəyirəm ki, bu reallıq özünü Şəmkir rayonunun timsalında da çox gözəl şəkildə göstərir".

Ölkədə infrastruktur layihələrinin reallaşdırılması, ictimai həyatın bütün sahələrinin yeniləşdirilməsi Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin mühüm tərkib hissəsinə çevrilmişdir. Həyata keçirilən bu tədbirlər insanların daha firavanrahat yaşamasına, ümumilikdə ölkə iqtisadiyyatının dinamik inkişafına xidmət edir.

 

 

Elnur HACALIYEV

 

Azərbaycan. - 2013.- 14 sentyabr.- S. 4.