Azərbaycanın nailiyyətləri beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir

 

Elnur Aslanov: "Qərəzsiz və nüfuzlu tədqiqatlarda təqdim olunan məlumatları əsas götürərək, əminliklə demək olar ki, son on ildə Prezident İlham Əliyev ölkənin səmərəli gələcəyinin təməlini qoymuşdur"

 

Həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində son 10 ildə Azərbaycanda  ümumdaxili məhsul 3,4 dəfə, qeyri-neft istehsalı 2,7 dəfə artıb, ÜDM-in adambaşına düşən həcmi 8,4 dəfə çoxalaraq 7500 ABŞ dollarına çatıb. Bu dövrdə ölkə iqtisadiyyatına 132 milyard ABŞ dolları məbləğində investisiya qoyulub, büdcə gəlirləri 14,2 dəfə, xarici ticarət dövriyyəsi 6,4 dəfə, qeyri-neft məhsullarının ixracı 4,5 dəfə artıb, strateji valyuta ehtiyatları 50 milyard ABŞ dollarına yaxınlaşmışdır. Ölkədə həyat səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşıb, 1,2 milyon yeni yeri açılıb, əhalinin gəlirləri 6,1 dəfə çoxalıb, yoxsulluq səviyyəsi 6 faizə enib.

 

Azərbaycan qlobal rəqabət qabiliyyətlilik indeksinə görə 7 pillə irəliləyib

 

Əldə edilən bu nailiyyətlər beynəlxalq iqtisadi qurumlar tərəfindən yüksək qiymətləndirilir. Məsələn, Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə Azərbaycan "yuxarı orta gəlirli" ölkələr kateqoriyasına yüksəlib, BMT İnkişaf Proqramının müvafiq hesabatına əsasən "yüksək insan inkişafı" ölkələri qrupuna daxil olub. "Fitch Ratings", "Standard & Moody's" kimi beynəlxalq reytinq agentliklərinin tədiqatları isə göstərir ki, Azərbaycanın kredit reytinqi əhəmiyyətli dərəcədə yaxşılaşıb. Bütün bunlar aparılan sosial-iqtisadi  islahatların uğurlu göstəriciləridir.

Bu günlərdə isə Azərbaycanın iqtisadi uğurları Dünya İqtisadi Forumunun hesabatında öz əksini tapdı. Belə ki, qurumun ictimaiyyətə təqdim etdiyi 2013-2014-cü il üzrə "Dünya Rəqabətlilik Hesabatı"nda bildirilir ki, Azərbaycan qlobal rəqabət qabiliyyətlilik indeksinə görə 7 pillə irəliləyib, 148 dövlət arasında 39-cu yerdə qərarlaşıb. Xatırladaq ki, 2012-2013-cü il hesabatında ölkəmiz 144 ölkə arasında 46-cı, 2011-2012-ci il hesabatında isə 142 ölkə arasında 55-ci yeri tutmuşdu.

Qlobal iqtisadiyyatın böhran dövrünü yaşadığı və yüksək rəqabət mühiti ilə səciyyələnən bir vaxtda Azərbaycanın 7 pillə irəliləməsi və dünyanın 50 ən rəqabətqabiliyyətli iqtisadiyyatı sırasına daxil olması ölkədə aparılan məqsədyönlü sosial-iqtisadi inkişaf siyasətinin əyani göstəricisi və ölkəmizin beynəlxalq nüfuzunun artmasının nümunəsi kimi qiymətləndirilə bilər. Bundan əlavə, Azərbaycan makroiqtisadi mühit göstəricisinə görə 8-ci, əmək bazarının səmərəliliyi göstəricisinə görə 30-cu, texnoloji hazırlıq səviyyəsinə görə 50-ci, innovasiyalara görə isə 51-ci yerdə qərar tutmuşdur. Reytinq cədvəlində Qazaxıstan 50-ci, Rusiya 64-cü, Gürcüstan 72-ci, Ermənistan 79-cu  pillələrdə qərarlaşmışlar.

 

Rəqabətqabiliyyətliliyin artması onu göstərir ki, Azərbaycan müstəqil iqtisadi siyasət yürüdür

 

Qeyd edək ki, Dünya İqtisadi Forumunun Qlobal Rəqabətqabiliyyətlilik İndeksi şirkət rəhbərləri arasında qlobal sorğunun nəticələrinin və xüsusi statistik məlumatların kombinasiyasına əsaslanan qlobal və ən nüfuzlu tədqiqatdır. Həmin tədqiqatın nəticələrinə görə dünya ölkələrinin iqtisadi rəqabətqabiliyyətlilik göstəricisi üzrə reytinqi tərtib edilir.

Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun sözlərinə görə, rəqabətqabiliyyətliliyin artması onu əyani şəkildə göstərir ki, Azərbaycan müstəqil iqtisadi siyasət yürüdür, şaxələndirmə  sayəsində iqtisadi-siyasi dividendlər qazanır:  "Göründüyü kimi, nüfuzlu beynəlxalq təşkilatlar etiraf edirlər ki, Prezident İlham Əliyevin enerji resurslarından asılılığın azaldılmasına, innovasiyalı və ya başqa sözlə, "ağıllı" iqtisadiyyatın yaradılmasına yönəlmiş siyasəti, "qara qızıl"ın intellektual kapitala çevrilməsi aşkar görünən, gözəçarpan və real nəticələr verir. Milli iqtisadiyyatın şaxələndirilməsi siyasəti nəticəsində bu ilin ilk yeddi ayında qeyri-neft sektoru daha 10 faiz artmışdır"

2013-cü ildə bir çox aparıcı iqtisadiyyatlar aşağı düşüb. Məsələn, Braziliya 48-ci yerdən 56-cı, Hindistan 59-cu yerdən 60-cı, CAR 52-ci yerdən 53-cü yerə enib. Ənənəvi güclü iqtisadi sistemi olan bu ölkələrin fəallığının azalmasına baxmayaraq, şaxələnmiş iqtisadi struktura malik Azərbaycan mövqeyini yaxşılaşdırıb və ilk 40 ölkə sırasında qərarlaşıb. Bu barədə danışan Elnur Aslanov bildirib ki, 2012-2013-cü illərin hesabatı ilə müqayisədə Azərbaycanın vəziyyətinin 7 bənd, 2010-2011-ci illərin hesabatı ilə müqayisədə isə 16 bənd yaxşılaşması Prezident İlham Əliyevin iqtisadisosial siyasətinin səmərəliliyini və uğurlarını, milli rəqabətqabiliyyətliliyin möhkəmlənməsini, ölkənin və onun təsisatlarının iqtisadi artımın sabit tempini təmin etmək qabiliyyətini əks etdirir. Bu amillər sosial-iqtisadi siyasətin təkmilləşdirilməsi və ölkənin sürətli innovasiyalı inkişafı yolu ilə əldə edilir.

Bütün bunarı ümumiləşdirərək Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov qeyd edib ki, qərəzsiz və nüfuzlu tədqiqatlarda təqdim olunan məlumatları əsas götürərək, əminliklə demək olar ki, son on ildə Prezident İlham Əliyev ölkənin səmərəli gələcəyinin təməlini qoyub.

 

 

Antiazərbaycançı şəbəkənin ölkəmizdəki idarəçilik modelinə qara yaxması mümkün deyil

 

Azərbaycanda demokratiya sahəsində də möhtəşəm uğurlar əldə olunub. Bu sırada seçki sisteminin son illərdə daha da təkmilləşdirilməsi, vətəndaşların və siyasi birliklərin seçki hüquqlarının yüksək səviyyədə təmini, seçki qanunvericiliyinin demokratik meyarlardan irəli gələn əlavələrin və dəyişikliklərin edilməsini göstərmək olar.

Lakin bu yaxınlarda ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Ehtiyacların Qiymətləndirilməsi üzrə Missiya Hesabatında ölkəmizə qarşı qərəzli mövqe ortaya qoyulub. Azərbaycanın demokratik uğurları, seçki sistemindəki  şəffaflığının təhrif olunması ölkəmizə qarşı qərəzin nümayişidir. Bu hesabat göstərir ki, ATƏT DTİHB araşdırmalarını qeyri-obyektiv aparıb və qarşısına yalnız Azərbaycanın demokratik imicinə ləkə vurmaq məqsədi qoyub.

Lakin bununla əlaqədar araşdırmalar aparan Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi (ESİSC) tərəfindən hazırlanan "Azərbaycan Respublikası: müsbət idarəçilik modeli" sərlövhəli təhlili yazıda ATƏT DTİHB-nin hesabatının qərəzli olduğu sübut edilərək Avropa ictimaiyyətinə çatdırılıb. Yazıda Azərbaycanda seçki qanunvericiliyinin daha da təkmilləşdirildiyi, Seçki Məcəlləsinə mütərəqqi əlavələr və dəyişikliklər olunduğu, səsvermənin gedişinin internetdən izlənilməsinin mümkünlüyü faktlarla diqqətə çatdırılıb. Buna görə qeyd olunub ki, bir sıra beynəlxalq müşahidəçinin Azərbaycanda seçkilərə hazırlıq prosesini və seçkiqabağı vəziyyəti müsbət qiymətləndirdikləri halda, ATƏT DTİHB ölkəni qeyri-müvafiq olaraq avtoritar rejim kimi təqdim edərək, ötən iyirmi ildə Azərbaycan demokratiyasının qazandığı bütün nailiyyətləri təkzib etməklə, düşünülmüş mənfi hesabat hazırlamaq qərarı verib.

Azərbaycanın qərəzli tənqid obyektinə çevrilməsinə səbəb kimi ölkəmizin enerji resurslarına sahib olmasını və nadir geosiyasi mövqedə yerləşməsini göstərən ESİSC bildirir ki, Azərbaycanın düzgün idarəçilik modeli bir sıra ölkələr və hökumətlər üçün gözəl nümunədir. Bütün bunlar göstərir ki, antiazərbaycançı şəbəkənin ölkəmizdəki müsbət idarəçilik modelinə qara yaxması mümkün deyil. Ona görə Azərbaycana qarşı hazırlanan qərəzli hesabatlar da elə beynəlxalq səviyyədə tənqid və qınaqla  üzləşir.

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan. - 2013.- 14 sentyabr.- S. 4.