AZƏRBAYCAN MİLLİ İDEYASI: siyasi və iqtisadi müstəqillikdən modernləşməyə

 

Qloballaşma dövründə hər bir xalqın milli ideyasının yalnız təmsil etdiyi dövlətin coğrafi hüdudlarında deyil, qlobal məkanda həyatiliyini sübut etməsi son dərəcə zəruridir. Milli ideya xalqın identikliyini özündə nə qədər əks etdirsə də, ümumən yeni dünya nizamının reallıqlarına cavab verməli və bəşəri dəyərlərlə uzlaşmalıdır. Mütərəqqi xarakteri ilə dinamik inkişafa, sülh və tərəqqiyə, sivilizasiyalararası dialoqa xidmət etməyən ideyaların geniş ictimai dəstək alması, qlobal miqyasda yayılması mümkün deyildir. Müstəqil Azərbaycanın son 10 ildə ictimai həyatın bütün sahələri üzrə yürütdüyü siyasət milli maraqları özündə tam ehtiva etməklə yanaşı, bütövlükdə inkişaf, sabitlik və rifaha, təhlükəsizliyin təminatına yönəlmişdir.

 

 

Milli ideya statusu almış hədəflər

 

İstənilən milli ideyanın gerçəkləşdirilməsi üçün xalqın güclü idarəçilik səriştəsinə malik liderinin olması vacib şərtlərdir. Məhz belə praqmatik liderlərin seçdiyi düzgün strategiya milli hədəflərə doğru inamlı addımların atılmasına, qarşıya qoyulmuş məqsədlərin uğurla reallaşdırılmasına imkan yaradır. Bu mənada, Heydər Əliyev siyasi kursunu 2003-cü ildən inamla davam etdirən və zamanın tələblərinə uyğun yeni siyasi çalarlarla zənginləşdirən Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin gələcəyi ilə bağlı müəyyənləşdirdiyi strateji hədəflər özünün həyatiliyi, reallığa adekvatlığı ilə milli ideya statusu almaqdadır.

Azərbaycanın son illərdəki dinamik inkişafı fonunda ölkənin qarşısında müəyyənləşdirilmiş məqsəd və vəzifələr, ümumilikdə, milli ideyanın xarakteri də statik səciyyə daşımır, zamanla dəyişir, yeniləşir. Əgər 1993-2003-cü illərdə dövlət müstəqilliyinin daxili və xarici təhdidlərdən qorunub saxlanılması, iqtisadiyyatın dirçəldilməsi, ölkəmizin beynəlxalq arenada tanıdılması praktiki məqsədlər idisə, son 10 ildə obyektiv həyat reallıqları yeni hədəflər müəyyənləşdirmişdir. Cənab İlham Əliyevin prezidentliyi illərində respublikamız qarşısında duran ümummilli məqsədləri dəqiq müəyyən edərək onların gerçəkləşdirilməsi istiqamətində ardıcıl, sistemli fəaliyyət göstərən ölkə kimi dünyanın yeni iqtisadi fenomeninə çevrilmişdir.

Ümumi şəkildə ifadə etsək, bu gün ölkədə həyata keçirilən siyasətin başlıca məqsədi modernləşmə mərhələsini də sürətlə başa vuraraq Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsində yüksəltmək, demokratik idealların cəmiyyətdə möhkəmlənməsinə nail olmaq, yeni düşüncəli vətəndaş yetişdirməkdir. Yeni dövrün milli ideallarına çevrilən bu məqsədlərin reallığa adekvatlığı isə qətiyyən şübhə doğurmur. Ən azı bu baxımdan ki, Azərbaycan özünün çoxminillik dövlətçilik tarixində heç zaman indiki kimi güclü, qüdrətli, özünə inamlı olmamışdır. Prezident İlham Əliyev bir müddət əvvəl İsmayıllı rayonuna səfəri zamanı demişdir: "Azərbaycanın bugünkü reallıqları bir daha müstəqilliyimizin üstünlüklərini göstərir. Tarixdə Azərbaycan heç vaxt bu qədər güclü olmamışdır. Bunun başlıca səbəbi müstəqil olmağımızdır. Müstəqillik ən böyük sərvətdir. Hər bir vətəndaş müstəqilliyi qorumalıdır, öz işi ilə müstəqilliyimizə töhfə verməlidir. Elə etməliyik ki, bundan sonra Azərbaycan daim inkişaf yolu ilə getsin".

Ümumilikdə, yeni mərhələni daha çox bazar münasibətlərinin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, modernləşmə strategiyasının reallaşdırılması mərhələsi kimi səciyyələndirmək olar. Bu xüsusda müasir dövrün milli ideyasının Azərbaycan üçün nədən ibarət olduğu da tamamilə aydındır. Prezident

İlham Əliyevin bəyan etdiyi kimi, məqsəd Azərbaycanda yaxın 2020-ci ilədək ümumi daxili məhsulun 2 dəfəyədək artımına, 2018-ci ilədək bütün sosial problemlərin həllinə nail olmaq, sistem islahatlarını başa çatdırmaqdır. "Azərbaycan 2020: gələcəyə baxış" Konsepsiyası məhz bu və digər məqsədlərin reallaşdırılması baxımından sosial-iqtisadi, siyasi və hüquqi platform rolunu oynayır. Belə bir mükəmməl sənədin hazırlanması və təsdiqi deməyə əsas verir ki, cənab İlham Əliyev xalqın gələcəyi ilə bağlı aydın baxışlara malikdir.

 

İqtisadi müstəqilliyə təminat

 

Son illərə qədər respublikada milli ideya səviyyəli məqsəd kimi nəzərdən keçirilən daha bir məsələ də müsbət həllini tapmış, Azərbaycan 2009-cu ildə iqtisadi sahədə keçid dövrünü uğurla başa vuraraq iqtisadi və sosiomədəni modernləşmənin keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur. Həyata keçirilən dövlət siyasəti iqtisadi sahədə ənənəvi hesab edilən neft-qaz sektoru ilə bərabər, investisiya, sahibkarlıq, maliyyə-bank sektoru, tədiyyə balansı, kənd təsərrüfatı kimi bölmələrdə dinamik inkişafı təmin etmişdir. Eyni zamanda, beynəlxalq iqtisadi münasibətlərin milli maraqların qorunması çərçivəsində gücləndirilməsi qlobal strukturlara səmərəli inteqrasiyanı sürətləndirmişdir. Bu fonda əhalinin sosial müdafiəsi məsələsi də daim ön planda tutulmuş, bunun üçün əməli addımlar atılmış, müvafiq dövlət proqramları qəbul olunmuş, qanunvericilik bazası daha da təkmilləşdirilmişdir.

Prezident İlham Əliyevin Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi münasibətilə iyunun 26-da keçirilən möhtəşəm paradda söylədiyi kimi, son 10 ildə inkişaf dinamikasına görə Azərbaycanla müqayisə oluna biləcək ikinci bir ölkə yoxdur. Ötən 10 il, ilk növbədə, dünya siyasətinə təsir göstərən möhtəşəm layihələrin reallaşdırılması ilə səciyyəvidir. Ümummilli liderin yeni neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin, Bakı-Tbilisi Ərzurum qaz kəmərinin istifadəyə verilməsi, "Ümid", "Abşeron" kimi perspektivli yataqlar kəşf olunması, Şərqlə Qərbi qovuşduracaq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinə başlanılması, TANAP layihəsinin gerçəkləşməsi bu baxımdan xüsusi qeyd olunmalıdır.

Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına nəqli məqsədilə boru kəmərlərinin şaxələndirilməsi respublikamızın bütövlükdə Avropa məkanının enerji təhlükəsizliyi sisteminin əsas təminatçılarından birinə çevrilməsini təmin etmişdir. Bu gün Azərbaycan bütövlükdə MDB və Avropa məkanında heç bir ölkədən enerji asılılığı olmayan, müstəqil siyasət yeridən azsaylı dövlətlərdən biridir. Bununla yanaşı, respublikamız regional və beynəlxalq əhəmiyyətli layihələri də daxili imkanları hesabına maliyyələşdirmək gücündə olduğunu sübut etmişdir. Təkcə bir faktı demək kifayətdir ki, Azərbaycan Şərqlə Qərbi birləşdirəcək strateji əhəmiyyətli Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin maliyyələşdirilməsi üçün Gürcüstana 25 il müddətinə 575 milyon dollar kredit vermişdir.

Azərbaycanın ildən-ilə əhəmiyyətli dərəcədə artan maliyyə imkanları onun həm də sərmayədar ölkəyə çevrilməsini, digər dövlətlərin iqtisadiyyatına kapital yatırmasını şərtləndirir. Türkiyə, Gürcüstan, Moldova, İçveçrə və Yunanıstan ərazisində inşa edilən nəhəng sənaye obyektləri respublikamızın həmin ölkələrin bu məhsullara olan təminatında həlledici rol oynaması ilə bərabər, sərmayədar dövlət kimi dünya bazarında rəqabət imkanlarını artırır.

Prezident İlham Əliyevin 10 illik prezidentlik dövrünün ən mühüm göstəricilərindən biri də ölkənin neft gəlirlərindən asılılığının əhəmiyyətli dərəcə azaldılmasıdır. İqtisadiyyatın diversifikasiyası ilə bağlı nəzərdə tutulmuş tədbirlərin sistemli və ardıcıl reallaşdırılması üçün dövlət başçısının müvafiq fərman və sərəncamları ilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" və bir sıra sahəvi inkişaf proqramları təsdiq edilmişdir və hazırda uğurla icra olunur.

 

Güclü dövlət - yüksək sosial rifah

 

Ümumilikdə, son illərin digər makroiqtisadi göstəriciləri Prezident İlham Əliyevin yürütdüyü siyasətin xalqın maraqlarına tam cavab verdiyinin əyani təsdiqidir. 2003-2012-ci illərdə ümumi daxili məhsulun orta illik artımı 13 faiz, qeyri-neft sektorunda 10,6 faiz təşkil etmişdir. ÜDM 3 dəfə, onun adambaşına düşən həcmi 2,7 dəfə, qeyri-neft sektoru 2,3 dəfə, əsas kapitala yönəldilən investisiyaların həcmi 7,3 dəfə artmışdır. Bu dövrdə ölkə iqtisadiyyatı 3 dəfədən çox artmış, onun inkişafına 132 milyard dollar məbləğində sərmayə qoyulmuşdur. Bu müddətdə bir milyondan çox yeni iş yeri açılmış, yoxsulluğun səviyyəsi 44,7 faizdən 5,6 faizə enmişdir. Əldə olunmuş dinamik iqtisadi artımın nəticəsidir ki, Azərbaycanın "yuxarı orta gəlirli" ölkələr sırasında mövqeyi daha da möhkəmlənmişdir.

Ötən 10 ildə Azərbaycanda həyata keçirilən islahatların insan və vətəndaş amilinin yüksəlişinə xidmət etdiyini xüsusi vurğulamağa ehtiyac yoxdur. Respublikanın iqtisadi cəhətdən inkişaf etmiş dövlətə çevrilməsi məqsədinin özü də, ilk növbədə, ölkə vətəndaşlarının sosial rifah səviyyəsinin yüksəldilməsi məqsədinə hesablanmışdır. 2003-cü ildə Azərbaycanda yoxsulluğun səviyyəsi 44,4 faiz təşkil edirdisə, hazırda bu rəqəm cəmi 5,6 faizdir. Prezident İlham Əliyevin 2008-ci il 15 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı" 2015-ci ilədək respublikada yoxsulluğun tamamilə ləğvini nəzərdə tutur.

Cənab İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanda bütün sosial-iqtisadi göstəricilər kimi orta aylıq əməkhaqqının da dəfələrlə artımı baş vermişdir. 2003-cü ilin göstəricilərinə əsasən, Azərbaycanda orta aylıq əməkhaqqı təxminən 78 manat səviyyəsində idisə, 2013-cü ilin birinci yarısının yekunlarına görə 408,8 manatdır.

Hazırda Azərbaycan orta aylıq əməkhaqqı səviyyəsinə görə Rusiya və Qazaxıstandan sonra üçüncü yeri tutur. Beynəlxalq maliyyə institutlarının hesabatlarına əsasən, 2003-2012-ci illərdə Azərbaycanda orta aylıq əməkhaqqı 5 dəfədən çox artmışdır. 2013-cü ildə orta aylıq əməkhaqqının artımının davam edərək 440 manatı (təqribən 565 ABŞ dolları) keçəcəyi gözlənilir.

2003-cü ilin əvvəlində Azərbaycanda cəmi 20 manat təşkil edən orta aylıq pensiyanın məbləği hazırda 175 manata yaxındır. Yeni pensiya sisteminin tətbiqindən bu vaxtadək yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması ilə bağlı 8, sığorta hissəsinin artırılması ilə bağlı 6 sərəncam imzalanmışdır.

Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının statistikasına əsasən, Azərbaycan hazırda əmək pensiyasının baza hissəsinin məbləğinə görə MDB ölkələri arasında ilk yerlərdən birini tutur.

 

 

 

Uğur diplomatiyası

 

Ötən 10 ildə sivil dünyanın qəbul etdiyi meyarlara cavab verən balanslı xarici siyasət yeridən respublikamız özünün Cənubi Qafqaz regionundakı əhəmiyyətli ərazi, geostrateji və geoiqtisadi üstünlüklərindən maksimum faydalı şəkildə yararlanmağa, habelə beynəlxalq təşkilatlarda layiqli təmsilçiliyə çalışmışdır. Əlverişli nəqliyyat-kommunikasiya və tranzit imkanlarına, iqtisadi inkişaf dinamikasına, etnik-dini tolerantlığına görə Avrasiya qitəsinin ən cəlbedici məkanlarından birinə çevrilən Azərbaycan ayrı-ayrı dövlətlərin bölgədə toqquşan maraqlarının optimal balansına da uğurla nail olmuşdur.

Xarici siyasət məsələlərinə geniş yer ayıran, Azərbaycanın "hücum diplomatiyası"nı, qlobal təhdidlərə qarşı adekvat reaksiyasını təmin edən dövlət başçısı İlham Əliyev son 10 ildə respublikamızın diplomatik mövqeyini xeyli dərəcədə gücləndirmişdir. Respublikamızın konkret zaman, məkan və şəraitə uyğun olaraq müəyyənləşdirdiyi xarici siyasət strategiyasında müstəqilliyin möhkəmləndirilməsi, milli maraqların qorunması, ərazi bütövlüyü və suverenliyin bərpası, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, regional iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, diaspor və lobbi quruculuğu kimi prioritetlər xüsusi aktuallıq kəsb etmişdir.

Xarici siyasətdə öhdəliklərə sabitlik, şəffaflıq, başqa dövlətlərin daxili işlərinə qarışmamaq kimi aparıcı istiqamətlər önə çəkilmiş, region dövlətləri ilə hərtərəfli əlaqələrinin genişləndirilməsində mehriban qonşuluq prinsipləri təşviq edilmişdir. Cənab İlham Əliyevin prezidentliyi dövrü xarici siyasətdə fəallığın, intensivliyin və səmərəliliyin artması ilə yadda qalmış, Azərbaycan bölgədə müşahidə olunan neqativ geosiyasi dəyişiklik meyillərinə kifayət qədər rasional və təmkinli münasibət göstərmişdir.

Yalnız bir neçə fakt Azərbaycan diplomatiyasının son 10 ildəki uğurları barədə dolğun mənzərə yaradır: Azərbaycan son iki ildə BMT Təhlükəsizlik Şurasına üzv seçilmiş, Rusiyanın Azərbaycandakı yeganə hərbi bazasının - Qəbələ Radiolokasiya Stansiyasının fəaliyyəti dayandırılmış, Azərbaycan zabiti Ramil Səfərovun vətənimizə ekstradisiyası reallaşdırılmış, türk və islam dövlətləri ilə münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur.

Çevik və çoxtərəfli diplomatik fəaliyyətimizin, Azərbaycanın təşəbbüskarlığı və ev sahibliyi ilə Bakıda keçirilən çoxsaylı mötəbər beynəlxalq tədbirlərin nəticəsidir ki, Bakı artıq regionun "diplomatik paytaxtı"na çevrilmişdir.

 

Multikulturalizm ünvanı

 

Son vaxtlaradək Azərbaycanın coğrafi mövqeyi ilə bağlı belə bir fikir səslənirdi ki, ölkəmiz Şərqlə Qərb arasında mənəvi körpüdür. Lakin Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, indi Azərbaycanın iqtisadiyyatı və elmi-mədəni potensialı elə səviyyəyə çatmışdır ki, biz daha sadəcə olaraq iki sivilizasiya arasında körpü rolunu oynamırıq; biz bu sivilizasiyaların hər ikisinin daşıyıcısı olmaqla, həm də multikulturalizm məkanına çevrilmişik. Son illərdə qazanılmış böyük iqtisadi nailiyyətlər Azərbaycana özünün beynəlxalq mövqeyini möhkəmləndirmək, Şərq ilə Qərb arasında tutduğu əlverişli coğrafi vəziyyətdən daha optimal surətdə istifadə etmək imkanı vermişdir.

Müasir dövrdə sivilizasiyalar arasında dialoqun ən mühüm problemlərindən biri də multikulturalizmdir. Bu anlayışın mahiyyətində cəmiyyəti daha çox ədalət, mərhəmət kimi ümumbəşəri ideyalara təşviq etmək cəhdləri də var. Multikulturalizm elə bir siyasətdir ki, o, mədəni plüralizmi qəbul edir və onun inkişafına şərait yaradır. Bu, ölkə əhalisinin etnik irqi və dini müxtəlifliyindən asılı olmayaraq, onların hamısının hüquq və azadlıqlarına hörmətlə əlaqədardır. Multikultural cəmiyyətdə hər bir vətəndaş öz mədəniyyətini, dilini, ənənəsini, etnik və dini dəyərlərini inkişaf etdirmək, ana dilində məktəb açmaq, qəzet və jurnal dərc etdirmək sahələrində bərabər hüquqlara malikdir.

Multikulturalizm hamı tərəfindən tanınan, müxtəlif mədəniyyətlərə tolerant münasibətə əsaslanan dinc, yanaşı yaşama prinsipidir. Müxtəlif xalqların, millətlərin, dinlərin xüsusiyyətlərinə tolerant münasibətin azərbaycanlıların mentalitetinə xas bir dəyər olduğunu nəzərə alsaq, fərqli baxışlara, adətlərə, vərdişlərə dözümlülük mövqeyini özündə ehtiva edən multikulturalizmin Azərbaycan üçün xüsusi əhəmiyyətini dərk etmək çətin deyildir.

Multikulturalizmin alternativinin özünütəcrid olduğunu bəyan edən Azərbaycan Prezident İlham Əliyev çıxışlarının birində demişdir: "Multikulturalizm başqa xalqın nümayəndəsinə hörmət, başqa dinə hörmətdir. Öz dininə hörmət başqa dinə hörmətdən başlayır. Multikulturalizm ayrı-seçkiliyə yol vermir, əksinə, bütün xalqları birləşdirir. Eyni zamanda, hər bir ölkənin öz qaydaları, öz ənənələri vardır. Azərbaycanda yaşayan xalqlar əsrlər boyu multikulturalizm şəraitində yaşayıblar".

Azərbaycan isə son illərdə bu sahədə aparılan müzakirələrin sadəcə iştirakçısı qismində çıxış etmir, eyni zamanda, bəşəriyyətin gələcək inkişafı naminə mədəniyyətlərarası, konfessiyalararası və sivilizasiyalararası dialoq üçün real imkan və mexanizmlərin müəyyənləşdirilməsinə xidmət göstərən bu cür müzakirələrin təşəbbüskarı və təşkilatçısı missiyasını yerinə yetirir.

2011-2012-ci illərin oktyabrında paytaxtımızda keçirilən 1-ci və 2-ci Bakı beynəlxalq humanitar forumaları müxtəlif ölkələrin dövlət siyasətində multikulturalizmin mövqe və imkanlarının bir daha təhlilinə, etnik və mədəni özünüdərk arasında azad seçimin təmin olunmasına, azadlıq, bərabərlik və dözümlülük kimi təməl dəyərlərin cəmiyyətdə bərqərar olmasına yönələn qlobal miqyaslı tədbirlərlə dünyanın ən yeni tarixinə əhəmiyyətli hadisə kimi daxil olmuşdur.

 

Demokratikləşmə milli ideyanın mühüm komponentidir

 

Prezident İlham Əliyev Kürdəmir rayonuna səfəri zamanı qarşıdakı illərdə ölkədə sistem islahatlarının aparılması zərurətini xüsusi önə çəkmişdir. Söhbət siyasi və hüquqi liberallaşmaya, vətəndaş cəmiyyəti təsisatlarının inkişafına xidmət edən islahatların sürətləndirilməsi zərurətindən gedir. Şübhəsiz, iqtisadi cəhətdən inkişaf etməmiş hansısa dövlətdə demokratikləşməyə və vətəndaş cəmiyyəti quruculuğuna yönələn cəhdlər uğursuzluqla nəticələnir, çünki tətbiqinə cəhd göstərilən mütərəqqi yeniliklər vətəndaşların real yaşayış səviyyəsi, həyat tərzi ilə uzlaşmır. Məhz bu reallıqdan çıxış edən Prezident İlham Əliyev ötən 10 ildə hər iki təmayülə vəhdət şəklində yanaşaraq ölkənin uzunmüddətli inkişafını məhz demokratik və iqtisadi islahatların paralel şəkildə davam etdirilməsində görür. Bu mənada, yüksək sosial-iqtisadi inkişafla yanaşı, demokratikləşmə prosesinin sürətləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğu prosesinin başa çatdırılması, hüquqi dövlətin, sözün həqiqi mənasında, bərqərar olması müasir Azərbaycan milli ideyasının tərkib hissələri kimi nəzərdən keçirilir.

Təcrübə göstərir ki, liberalizm, demokratiya və bazar münasibətləri prinsipləri məcmu halda çıxış edir. Məhz demokratik dövlət bazar münasibətlərinin, azad rəqabətin mövcudluğunun və səmərəli fəaliyyətinin təminatı kimi çıxış edir. İqtisadi məcburiyyət formasından insanları azad etməklə, bu sahədə nomenklatura imtiyazlarını aradan götürməklə demokratik cəmiyyətin hər bir üzvünün iqtisadi azadlığının reallaşması üçün ən yaxşı şəraiti yaradır.

Cəmiyyətin demokratikləşməsi millətin intellektual potensialının həyata keçməsinə, yeni sivilizasiyaya yaxınlaşmağa meydan açır. Ancaq demokratikləşmənin özü də milli ideyaya bağlı olmasa, sosiumun milli özəlliyi nəzərə alınmasa, uğursuzluğa məhkumdur. Milli ideyanın millətin inkişafına, dövlətin tərəqqisinə tam dolğun xidmət etməsi üçün o, cəmiyyəti innovasiyalı modernləşməyə istiqamətləndirməlidir. İnsanların şüuruna hakim kəsilən milli ideya millətin konkret fundamental məqsəd və vəzifələrinə nail olmaqda reallaşmalıdır. Məhz buna görə də demokratikləşmə Azərbaycan milli ideyasının mühüm komponentinə çevrilir.

Ümumilikdə isə Prezident İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli "Azərbaycan Respublikasında İnsan Hüquqları sahəsində Milli Fəaliyyət Proqramı", 23 may 2011-ci il tarixli "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında", 27 dekabr 2011-ci il tarixli, 5 sentyabr 2012-ci il tarixli "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın və "Korrupsiyaya qarşı mübarizəyə dair" 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı" insan hüquq və azadlıqlarının təmini, demokratik və açıq cəmiyyətin qurulması baxımından yeni imkanlar açmışdır. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında siyasi və hüquqi mühitin liberallaşdırılmasına xidmət edən kompleks tədbirlərin nəzərdə tutulması isə Azərbaycanı bu sahədə qabaqcıl dövlətə çevirmək niyyətindən irəli gəlir.

 

Ekspansiya siyasətinin məkrli təzahürləri

 

 

Əlbəttə, demokratiya özbaşınalıq və hərc-mərclik deyil, qanunların aliliyinə söykənən idarəetmə forması və siyasi mədəniyyətdir. Onun müəyyən qanunauyğunluqlarından kənara çıxdıqda, demokratiya insanların, dövlətin inkişafına deyil, demokratik idealların, prinsiplərin buxovlanmasına, məhvinə gətirib çıxarır. Bununla belə, müasir dövrdə "demokratiya çətiri" altında hələ də özünün imperialist siyasətini yürüdən, geosiyasi və iqtisadi maraqları ətrafında reveranslar edən bəzi aparıcı dövlətlərin, eləcə də müəyyən təşkilatların "ikili standartları" nəinki demokratik ideallara kölgə salır, hətta beynəlxalq hüququ iflic duruma gətirir.

Təbii sərvətlər üzərində nəzarəti həyata keçirmək, "yenidən bölgü" niyyətini reallaşdırmaq istəyən məlum qüvvələrin İraq, Əfqanıstan, Liviya, Misir, Tunis, Yəmən və Suriyada "demokratiya və insan hüquqlarının qorunması" adı altında həyata keçirdiyi dağıdıcı "ssenari"lərin nəticələri göz önündədir. Bu gün bütövlükdə Yaxın Şərq barıt qoxusu verir: dinc insanlar öldürülür, vətənlərindən didərgin düşərək qaçqına çevrilirlər. Misir və Suriyada cərəyan edən hadisələr "inqilab ssenariləri"nin məhvə məhkum olduğunu göstərməklə yanaşı, demokratiya ixracı cəhdlərinin doğurduğu fəsadları üzə çıxarır. Vaxtilə Yaxın Şərqdə iqtisadi-siyasi gücü ilə seçilən həmin dövlətlər cəmi bir-iki il içində "qara inqilablar" nəticəsində vətəndaş müharibəsinə sürükləniblər. Regionda tənəzzül, səfalət, aclıq, bir sözlə, humanitar fəlakət baş alıb gedir.

İmperializmin tərkib hissəsi olan ekspansiya siyasəti islamafobiya meyillərini də kəskinləşdirmişdir. İslamı və müsəlman dövlətlərini "terrorla mübarizə" adı ilə hədəfə götürənlər, əslində, Avropa ölkələrində müsəlmanlara qarşı törədilən terrorun, ayrı-seçkiliyin, dözümsüzlüyün fərqində belə deyillər. Üstəlik, Qərbin müəyyən dairələri nəyəsə görə belə hesab edirlər ki, müsəlman dövlətlərinə demokratiyanı onlar öyrətməli, dövlət quruculuğu onların istədiyi kimi olmalıdır.

İmperialist dövlətlər regionun iqtisadi cəhətdən qüdrətli və demokratik müsəlman dövlətlərindən olan Türkiyənin nüfuzunun artmasından da ciddi təşviş keçirir, bu ölkənin daxili işlərinə kobud müdaxilə edir, aranı qarışdırmağa çalışırlar. "Gəzi parkı" hadisələrinin ardınca son günlərdə qardaş ölkədə kiçik bir azlığın vəziyyəti yenidən gərginləndirməyə çalışması, "Taksim" meydanında baş verənlər xarici təsirlərin qabarıq təzahürüdür. Lakin Türkiyə güclü dövlət kimi bu cəhdlərin əbəs olduğunu dəfələrlə sübuta yetirmiş və xalqının iradəsilə təxribat cəhdlərinin qarşısını qətiyyətlə almışdır.

Müstəqil Azərbaycan da son 10 ildə bu təsirləri öz üzərində hiss edərək uğurla neytrallaşdırmış, demokratik inkişafın yalnız hüquqi, siyasi və iqtisadi islahatların paralelliyi şəraitində mümkünlüyünü öz təcrübəsində sübuta yetirmişdir. Müxtəlif beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanla bağlı ifrat qərəzin yer alması, kiçik nöqsanların həddən artıq şişirdilməsi ölkə ictimaiyyəti üçün müəyyən mənada, adiləşmişdir. Lakin bəzən bu çirkin kampaniyaya Avropa və dünya miqyasında müəyyən nüfuza malik təşkilatların da qoşulması, sadəcə, təəssüf hissi doğurur. Bəzi xırda faktların ictimai kontekstdən çıxarılaraq ümumiləşdirilməsi, bunun qanunauyğunluq, sistematik baş verən hadisələr, ümumi inkişaf meyli kimi təqdim edilməsinə cəhd göstərilməsi, şübhəsiz, Azərbaycandakı demokratik prosesləri gözdən salmağa yönəlmişdir. Regionda insan hüquqlarının kobud şəkildə pozulduğu, insan ləyaqətinə etinasızlığın baş alıb getdiyi dövlətlər var. Ermənistan bu sırada ön yerdə dayanır. Lakin məhz Azərbaycanın həmin dövlətlər sırasından çıxarılıb xüsusi diqqət mərkəzinə çəkilməsi xeyirxah münasibətdən irəli gəlmir və qərəzli xarakter daşıyır.

Aşkar görünür ki, Azərbaycanda mütləq əksəriyyətin etimadını qazanan, sürətli sosial-iqtisadi inkişafı təmin edən, ictimai-siyasi sabitliyi qoruyub saxlayan, qlobal enerji layihələrinin gerçək təminatçısına çevrilən, ölkənin beynəlxalq arenada nüfuz və mövqelərini möhkəmləndirən güclü hakimiyyətin mövcudluğu antiazərbaycançı şəbəkəyə qətiyyən sərfəli deyildir. Regionda maraqlarını gerçəkləşdirmək istəyən müəyyən dairələr Azərbaycanda zəif və marionet qüvvənin hakimiyyətdə olmasını daha çox istəyirlər. Çünki xalqın dəstəyini almayan hakimiyyət üçün milli maraq məfhumu da olmur. Son 20 ildə xalqın dəstəyindən məhrum olmuş aqressiv müxalifət partiyaları hakimiyyət maraqları naminə həmin qüvvələrə öz xidmətlərini təklif edirlər. Bu qüvvələrin mövcud hakimiyyətə qarşı mücadiləsi də əslində, hakimiyyət dəyişikliyinə yox, müstəqil dövlətimizi vassal, "forpost"a çevirmək məramına hesablanmışdır.

Fəqət, Azərbaycan hazırda elə bir yüksək inkişaf mərhələsinə qədəm qoymuşdur ki,  iqtidar-müxalifət münasibətləri, hakimiyyət uğrunda mübarizə yalnız sivil, demokratik forma və metodlarla aparıla bilər. Bu isə dialoq, real şüarların və daha cəlbedici sosial-iqtisadi proqramların irəli sürülməsi yoludur. Dövlətin uzunmüddətli inkişaf məqsədlərinə etinasızlıq göstərən məsuliyyətsiz, ifrat radikalizm və "inqilabi" ritorika yeniləşən ictimai prioritetlərə yad olmaqla, onlarla uyuşmur. Fəqət, ölkədəki və xaricdəki müəyyən qüvvələr bu gerçəkliyi nədənsə dərk etmək istəmirlər. Onlar unudurlar ki, xalq və xüsusən, yüksək təhsilli indiki nəsil küçə siyasətini, mitinq hay-küyünü, köhnəlmiş şüarları qəbul etmir. Bunun nəticəsidir ki, müxalifətin qarşıdakı prezident seçkiləri ilə bağlı vahid namizəd axtarışları uğursuzluqla nəticələnmişdir.

Azərbaycan demokratik inkişaf yolunu Avropa və Qərbin xoşuna gəlmək üçün seçməmişdir. Bu yol xalqın plüralist demokratiyanı bərqərar etmək, hüquqi dövlətin yüksək standartlarına nail olmaq əzmi ilə bağlıdır. Qərəzli iddialara və qərarlara rəğmən, respublikamız demokratiyanın şəksiz üstünlüklərini gerçəkləşdirərək, insan hüquqlarına və azadlıqlarına hörmətə əsaslanan demokratik, hüquqi dövlət quruculuğu yolundan heç vaxt çəkilmir.

2013-cü ilin 9 oktyabr seçkilərinə hazırlıq prosesinin tamamilə azad, şəffaf şəkildə, qanunvericiliyə uyğun şəkildə getməsi, ümumilikdə seçkiqabağı mühitin demokratikliyi aqressiv müxalifətin xaricdəki havadarlarını da susmaq məcburiyyətində qoymuşdur.

Azərbaycan xalqı anarxiyanı, xaosu, gərginliyi deyil, sabitlik, tərəqqi və inkişafı dəstəkləyir. Çünki bu siyasətin son 10 ildə ölkəmizə, həyatımıza hansı böyük uğurlar gətirdiyini, nə kimi yeniliklərə yol açdığını hamı yaxşı bilir. Həyata keçirilən iqtisadi-siyasi islahatlar fonunda Vətənini, xalqını sevən hər bir azərbaycanlı gələcəyə böyük ümidlə baxır. Azərbaycan xalqının qarşıdakı sınaqdan uğurla çıxacağı, öz iradəsi əsasında, azad şəkildə istədiyi namizədi prezident seçəcəyi şübhəsidir.

 

Hüseynbala MİRƏLƏMOV,

 

Milli Məclisin deputatı, yazıçı-publisist

 

Azərbaycan. - 2013.- 14 sentyabr.- S. 5.