Ucar rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair əlavə tədbirlər
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Səkkiz
min nəfər əhalinin yaşadığı 4
yaşayış məntəqəsini birləşdirən
Türkəci-Ənvər Məmmədxanlı-Çiyni-Bərgüşad
avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan
Respublikasının 2013-cü il dövlət büdcəsinin
dövlət əsaslı vəsait qoyuluşu xərclərinin
bölgüsündə kəndlərarası avtomobil
yollarının tikintisi və yenidən qurulması
üçün nəzərdə tutulmuş vəsaitin 4.7
milyon (dörd milyon yeddi yüz min) manatı Ucar Rayon İcra
Hakimiyyətinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli
gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
16 sentyabr 2013-cü il
Azərbaycan.-2013.-17 sentyabr.-S.1.