Azərbaycan hələ XIX əsrin sonunda neft ixrac edən ölkə kimi tanınırdı

 

130 il əvvəl yaradılmış "Xəzər-Qara dəniz neft sənayesi və ticarət

cəmiyyəti" bu işə öz töhfəsini vermişdir

 

 

Parisdə Bankir evlərinin sahibləri olan Rotşild qardaşları Bakının neft mədənləri ilə hələ XIX əsrin 70-ci illərinin sonlarından maraqlanmağa başlamışdılar. Bununla belə, Bakıda "Xəzər-Qara dəniz neft sənayesi və ticarət cəmiyyəti"nin rəsmi təsdiq olunması 1883-cü ilin may ayına təsadüf edir. Bu cəmiyyət müflisləşmiş Batum (bu yerin adı 1936-cı ilə qədər Batum, sonra Batumi olub) neft sənayesi və ticarəti cəmiyyətinin əsasında təşkil olunmuşdu.

Sözügedən firmanın təsis olunduğu andan Rotşildlər qarşılıqlı sərfəli şərtlərlə 135 kiçikorta müəssisədən kerosini ( nefti) satın alır, onu Rusiyaya və digər xarici ölkələrə göndərirdilər. neftin komisyon satışı üçün onlar müəssisələrlə güzəştli əsaslarla müqavilələr bağlayırdılar. Əgər 1884-cü ildə firmanın Bakıdan  xaricə göndərdiyi neft məhsullarının həcmi 2,4 milyon pud idisə, 5 il sonra həmin rəqəm 30 milyon puda çatdı.

Sənaye və energetika naziri Natiq Əliyev "Neft və XXI əsr Azərbaycan iqtisadiyyatında neft amili" kitabında həmin dövrü xarakterizə edərək yazır ki, XIX əsrin 80-ci illərində Bakıda neft hasilatı geniş vüsət almışdı. Bu da dövrün ən iri sənayeçilərinin diqqətini cəlb edirdi. Xarici kapital hesabına bir-birinin ardınca yeni cəmiyyətlər yaranırdı. Onların arasında "Nobel qardaşları" cəmiyyəti, Rotşildlərin "Xəzər-Qara dəniz neft sənayesi və ticarət cəmiyyəti" də var idi. Bu sıraya eləcə də Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Şəmsi Əsədullayev, Əjdər bəy Aşurbəyov, Murtuza Muxtarov kimi yerli sənayeçilərin yaratdığı şirkət və firmalar da daxil idi.

Rotşild qardaşları ilk dəfə nefti "Fergüsson" gəmisi ilə Antverpenə göndərmişdilər. Sonra isə nefti elə həmin gəmi ilə Londona da yola salmışdılar.

Qardaşlar Rusiya seyflərində 6 milyon qızıl rubldan və 25 milyon frankdan ibarət ilkin kapitalları yaranandan sonra daha böyük enerji ilə işə girişmişdilər. Onların müvəffəqiyyətinin əsas səbəblərindən biri Rusiya hakimiyyətinin yüksək təbəqəsi ilə yaxşı münasibətlər yaratmaqları idi. Məhz bu səbəbdən XIX əsrin 80-ci illərinin sonunda Rotşildlərin "Xəzər-Qara dəniz neft sənayesi və ticarət cəmiyyəti", "Nobel qardaşları" firması ilə yanaşı, Rusiyanın neft işində  liderə çevrilmişdi.

Rotşildlərin Bakıdakı neft sənayesi təsərrüfatının baş mühəndisi uzun müddət David Landau olmuşdu. O, sonralar (1962-ci il) Nobel mükafatına layiq görülmüş fizik, bakılı Lev Landaunun atası idi. Cəmiyyətin rəhbərlərindən biri isə tanınmış kimyaçı, Rusiya İmperator Texniki Cəmiyyətinin Bakı şöbəsi şurasının üzvü Adolf Quxman idi.

"Xəzər-Qara dəniz neft sənayesi və ticarət cəmiyyəti"nin yaradıcısı baron Alfons Rotşild olmuşdu. O, məşhur Paris bankiri Ceyms Rotşildin oğlu idi. Rotşildin vasitəsilə çar hakimiyyəti Fransada bir sıra istiqraz vərəqələri buraxdı. Bunun sayəsində Bakı ilə Batumu birləşdirən Zaqafqaziya dəmiryolunun tikintisi başa çatdı. 1883-cü ildə yekunlaşan bu tikinti üçün vəsaiti Rotşild ödəmişdi. Nəticədə o, Bakının neft müəssisələrinə güzəştli şərtlərlə sahib olmaq hüququ qazanmışdı. Beləliklə, 1884-cü ildə Zaqafqaziya dəmiryolu ilə 5,6 milyon puda yaxın müxətlif neft məhsulları daşınmışdır. Bununla da Rusiya neftinin qərbinə "qapı" açılmış və dünya neft bazarında 30 ilə yaxın sürən sərt bir mübarizə başlanmışdı.

Sözügedən cəmiyyət Zaqafqaziya dəmiryolunda özünün 600 ədəd vaqon-sisternini yerləşdirəndən sonra bunun kifayət qədər olmadığını görmüş və 1887-ci ildə daha 300 vaqon-sistern əlavə etmişdi.

Təsadüfi deyil ki, Rusiyanın ixrac ticarətinin birləşməsi işində birinci çıxış edən də A.Rotşildin firması olmuşdu. O, 1887-ci ildən başlayaraq öz məhsullarının ixracı ilə yanaşı, Rusiyanın 40-50 digər neft mədənlərindən neftin komisyon satışını təşkil etmişdi. Dəqiq təşkil olunmuş biznesin nəticəsində 1880-ci ildə Rotşild firmasının xaricə göndərdiyi neftin həcmi 16 milyon pudu ötmüşdü ki, bu da Rusiyadan bütün ixracın 58,6 faizini təşkil edirdi. Bu zaman Rotşildin şəxsi müəssisələrində istehsal cəmi 2,5 milyon pud idi.

XIX əsrin sonunda Rusiyanın neft işində istehsalın təmərküzləşməsi prosesi güclənir. 1890-cı ildə təkcə 13 zavod işıqverən yağların dörddəüç hissəsini buraxırdı. Daxili bazarı ələ almaq məqsədilə Rotşild "Xəzər-Qara dəniz neft sənayesi və ticarət cəmiyyəti"nin bir sıra Volqaboyu şəhərlərdə - Nijni Novqorodda, Samarada, Sarisinoda və Həştərxanda cəmiyyətin idarələrini, eləcə də Baltikyanı regionlarda Riqa çənləri adlanan idarələr açır. Belarusda bu idarələr Vitebsk, Polşada isə Varşava çənləri adlanır. Bu regionlara neft məhsullarının çatdırılması "Mazut" ticarət-nəqliyyat cəmiyyətinin su yolları ilə həyata keçirilir. 1898-ci ildə bu cəmiyyəti də Rotşildin özü yaratmışdı.

Sonralar "Mazut" təkcə Xəzər dənizində 13 tankerə malik iri neft ixracı birliyinə çevrilir. O zaman Zaqafqaziya dəmiryolları neftneft məhsullarının daşınmasının öhdəsindən gələ bilmədiyi üçün su nəqliyyatı mühüm əhəmiyyət kəsb edirdi. Xəzər donanması gəmilərinin təmiri Bakı və Həştərxan şəhərlərində həyata keçirilirdi. Çünki gəmi təmiri müəssisələri bu şəhərlərdə yerləşirdi.

Getdikcə neftin nəqli üçün boru kəməri çəkilişi zərurəti yarandı. 1883-cü ildə Zaqafqaziya dəmiryolunun açılışından və Xəzərlə Volqa arasında birbaşa əlaqə yarandıqdan sonra Bakı-Batum boru kəmərinin çəkilişi ideyası ortaya çıxmışdı. Amerikalı Helbert Tvedl Qafqazda özünü təsdiq etmək məqsədilə birinci olaraq Xəzər-Qara dəniz boru kəmərinin çəkilişinə cəhd etmişdi.

Boru kəməri çəkilməsi ideyasına, ilk növbədə, A.Rotşild, H.Z.Tağıyev, İ.İlimov, M.Nağıyev, A.Benkendorf, S.Bağırov kimi iri sənayeçilər dəstək verirdilər. Beləliklə, 1907-ci ilin iyul ayında Bakı-Batum neft kəməri istismara verildi.

1900-1901-ci illərdə "Nobel qardaşları" firması və "Mazut" birliyi arasında müqavilə imzalandı. Bu müqavilə ilə onlar xarici bazardakı ticarətlərini uzlaşdırmağa başladılar. Lyudviq Nobelin oğlu EmmanuilAlfons Rotşild neftin ixracı sahəsində öz güclərini birləşdirdilər. Beləliklə, 1901-ci ilin sonunda "Nobmazut" birləşməsi yarandı. Düşünülmüş surətdə iqtisadi siyasət aparan "Nobmazut" bütün gücü ilə QafqazAbşeron neft bazarına girməyə can atan "Standart Oyl" Amerika şirkətinə qarşı dayana bildi.

"Nobmazut"un təşkili bir sıra rəqib firmaların müqavimətinə rast gəldi. Nəticədə 1901-ci ildə onlar ingilislərin maliyyə himayəsi ilə "Tokamp" firmasını yaratdılar. Əgər E.Nobel ingilis sənayeçilərindən Almaniyada nefti birgə satmaq barədə razılıq almasaydı, "Tokamp" "Nobmazut" üçün böyük əngəl olacaqdı.

1907-ci ilin əvvəlində Nobel-Rotşild birləşməsi Rusiya imperiyasının bir çox regionlarında böyük anbarlara malik idi. Təbii ki, neft məhsullarının saxlanmasının geniş şəbəkəsi Bakıda cəmləşmişdi. Daha sonra "Nobmazut" neft sənayesini inhisarlaşdıraraq neft istehsalında da bu addımı atır.

1907-ci ilin sonunda birləşmə Rusiya imperiyasının daxili bazarında neft satışının 75 faizini öz əlinə almışdı. Emmanuil NobelinEdmond Rotşildin operativ və bacarıqlı hərəkətləri nəticəsində 1909-cu ildə Rusiyada istehsal olunan bütün yağların satışının 90 faizi "Nobmazut"un payına düşürdü.

1910-1911-ci illərdə Edmond Rotşild Rusiyanın "Neft" cəmiyyətinin paylarının əsas hissəsini, "Q.M.Lianozov və oğulları" cəmiyyətində isə təxminən 2 milyon rublluq pay əldə edir.

Azərbaycanın neft tarixinin araşdırıcısı, professor Miryusif Mirbabayevin fikrincə, A.Rotşildin yaratdığı firmanın müvəffəqiyyətinin bir səbəbi də onun daim dəqiq-dürüst informasiyaya malik olması idi. Belə ki, Rotşildlər Parisdən, Sankt-Peterburqdan və Bakıdan iqtisaditexniki cəhətdən əsaslandırılmış məlumatlar alırdılar. Neft işi haqqında düzgün məlumat əldə etmək onlara dünyada baş verən hadisələr fonunda öz işlərini uğurla qurmağa kömək edirdi.

Qeyd edək ki, NobelRotşild qardaşları Rusiya imperiyası ərazilərində fəaliyyətləri dövründə xeyriyyəçiliklə də məşğul olmuşlar. Məsələn, Rotşildlərin müəssisələrində işçilərin sığortası həyata keçirilirdi. Onlar xəstələnəndə, yaxud şikəst olanda müəyyən pul vəsaitləri alırdılar. Rotşild müəssisələrinin rəhbərləri eləcə də gimnaziyakommersiya məktəblərinə himayədarlıq edir, Rusiyadakı yəhudi icmalarına maddi kömək göstərirdilər.

1918-ci il iyunun 2-də Bakı kommunasının dekreti ilə "Xəzər-Qara dəniz neft sənayesi və ticarət cəmiyyəti"nin, "Mazut" birliyinin milliləşdirilməsinin Rotşildlərə artıq heç bir dəxli yox idi. Çünki 1912-ci ildə onlar özlərinin Rusiyadakı neft müəssisələrini ingilis-holland tresti olan "Royal Datç Şell"ə satmışdı...

 

 

 

F.SADIQLI,

Azərbaycan.-2013.-17. sentyabr.-S.8.