Bərdə rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə

 dair əlavə tədbirlər haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" Bərdə rayonunda da uğurla həyata keçirilmiş, mühüm infrastruktur layihələri yerinə yetirilmiş, Olimpiya İdman Kompleksi, Müalicə Diaqnostika Mərkəzi, Uşaq xəstəxanası, musiqi məktəbi inşa edilmiş, Tarix-Diyarşünaslıq Muzeyi əsaslı təmir olunmuş, təhsil və digər sosial yönümlü obyektlər istifadəyə verilmiş, iri kənd təsərrüfatı müəssisələri yaradılmış, yeni avtomobil yolları çəkilmiş, geniş abadlıq-quruculuq işləri aparılmışdır.

Bərdə şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bərdə rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Bərdə  Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 2,0 (iki) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 sentyabr 2013-cü il

Azərbaycan.-2013.- 18 sentyabr.- S.2.