Xarici ölkələrdə dini təhsil alan tələbələrimiz Azərbaycanın

 bu sahədə müvafiq qanunlarını bilməlidirlər

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İskəndərov İran İslam Respublikasına səfəri çərçivəsində Qumda Azərbaycandan olan tələbələrin də təhsil aldığı "Cameətül Mustafa" Universitetinin rəhbərliyi və orada təhsil alan azərbaycanlı tələbələrin bir qrupu ilə görüşmüşdür.

DQİDK-nın mətbuat xidmətindən  AzərTAc-a bildirmişlər ki, azərbaycanlı tələbələrlə açıq şəraitdə keçən görüşdə Elşad İskəndərov əvvəlcə tələbələrin təhsili ilə maraqlanmış, onları narahat edən problemləri, suallarını, təkliflərini, dinləmişdir. Daha sonra o,  bütün bu problemlərin həlli, təkliflərin həyata keçirilməsi barədə öz fikirlərini bölüşmüş, tələbələri maraqlandıran sualları cavablandırmışdır. Komitə sədri bildirmişdir ki, dini təhsil alan tələbələr Azərbaycanın bu sahədə müvafiq qanunlarını bilməlidirlər və bu prosesin milli qanunvericiliyimizə uyğun şəkildə aparılması üçün İran tərəfi ilə məsləhətləşmələr aparılır.

Həmçinin tələbələrlə davamlı əlaqələrin saxlanması, onların dini qanunvericiliklə bağlı problemlərinin həllinə yardım məqsədi ilə DQİDK-ya müraciət etmələri, bunun üçün elektron əlaqə mexanizminin yaradılmasının zəruriliyi qeyd olunmuşdur. Azərbaycanlı tələbələr görüşə görə təşəkkürlərini bildirərək belə əlaqələrə çox ehtiyacları olduğunu qeyd etmişlər.

"Cameətül Mustafa" Universitetinin rektoru ayətullah Ərafi və digər rəhbər heyətlə görüşdə DQİDK-nın sədri dini təhsil, o cümlədən xaricdə dini təhsilin alınması ilə bağlı Azərbaycan Respublikası qanunlarının müvafiq müddəaları barədə universitet rəhbərliyini məlumatlandırmış, İranda dini təhsil alan azərbaycanlı tələbələrin də təhsil prosedurlarının bu qanunlara uyğunlaşdırılmasının zəruriliyini qeyd etmişdir.

Belə bir addımın atılmasının həmin tələbələrin bir çox problemlərinin həllinə də kömək edəcəyini vurğulayan E.İskəndərov, qarşılıqlı əməkdaşlıq çərçivəsində həmin prosesin həyata keçirilməsini təklif etmişdir. Komitə sədri bu prosesin həyata keçəcəyi təqdirdə təhsil almış mütəxəssislərin potensialından gələcəkdə Azərbaycanda müvafiq sahələrdə istifadə edilməsinin mümkünlüyünü bildirmişdir.

Ayətullah Ərafi öz növbəsində bu təşəbbüsü müsbət addım adlandıraraq qeyd etmişdir ki, Qumda təhsil alan azərbaycanlı tələbələrin təhsil prosedurlarının Azərbaycan qanunvericiliyinə uyğunlaşdırılması üçün hər cür əməkdaşlığa hazırdırlar.

Görüşün sonunda bu istiqamətdə konkret təkliflər hazırlanması məqsədi ilə ekspertlər müəyyən edilmişdir.

 

Azərbaycan.-2013.- 18 sentyabr.- S.2.