Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə Birləşmiş Ərəb Əmirliklərinin Dubay Məhkəmələri arasında əməkdaşlıq haqqında İşçi Proqramı imzalanmışdır

 

Birləşmiş Ərəb Əmirliklərinin Dubay Məhkəmələrinin baş direktoru Əhməd Səid bin Həzimin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində  sentyabrın 17-də Azərbaycan Respublikasının Ali Məhkəməsində olmuşdur.

AzərTAc xəbər verir ki, qonaqlar Ali Məhkəmənin inzibati binasını gəzmiş, hakimlərin iş şəraiti ilə tanış olmuş, məhkəmə tarixi muzeyinə baxmışlar.

Dubay Məhkəmələrinin baş direktoru muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır.

Sonra Birləşmiş Ərəb Əmirliklərinin Dubay Məhkəmələrinin baş direktoru Əhməd Səid bin Həzimin başçılıq etdiyi nümayəndə heyəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev arasında görüş olmuşdur.

Görüşdə Ali Məhkəmənin sədri R.Rzayev qonaqlara ənənə və dəyərlərlə bir-birinə yaxın olan Azərbaycan və ərəb xalqları arasında həmrəyliklə bağlı çoxsaylı nümunələrin mövcudluğunu qeyd etmişdir. Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında qarşılıqlı səfərlərin, iki ölkə arasında bağlanmış iqtisadi müqavilələrin, humanitar sazişlərin əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsi üçün böyük imkanlar açdığını diqqətə çatdırmışdır.

Ali Məhkəmənin sədri Azərbaycan ilə Birləşmiş Ərəb Əmirliklərinin məhkəmə-hüquq sistemləri arasında əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu, bu münasibətlərin uğurla inkişaf edərək beynəlxalq təşkilatlar çərçivəsində də genişlənəcəyini vurğulamışdır. Bildirilmişdir ki, respublikamızda məhkəmə-hüquq sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyi Ali Məhkəmənin yeni strukturunda və fəaliyyətində də öz əksini tapmışdır.

Ramiz Rzayev Birləşmiş Ərəb Əmirliklərinin Dubay Məhkəmələrinin baş direktorunun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin ölkələrimizin məhkəmə orqanları arasında əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə etmişdir.

Əhməd Səid bin Həzim isə Dubayda məhkəmələrin fəaliyyət dairəsi barədə məlumat vermiş, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını bildirmişdir. Qeyd etmişdir ki, bu əməkdaşlıq bundan sonra da davam etdiriləcəkdir.

Görüşdə məhkəmə-hüquq təcrübəsi ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Sonda Azərbaycan Respublikası Ali Məhkəməsi və Birləşmiş Ərəb Əmirliklərinin Dubay Məhkəmələri arasında əməkdaşlıq haqqında İşçi Proqramı imzalanmışdır.

 

Azərbaycan.-2013.- 18 sentyabr.- S.2.