BTC yeni layihələrə yol açdı

 

Bu kəmərin təməlinin qoyulduğu gündən 11 il keçir

 

 

2002-ci il sentyabrın 18-də Bakıdan 55 kilometr cənubda yerləşən Səngəçal terminalında üçüncü minilliyin nəhəng mühəndis qurğusunun - Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin təməlqoyma mərasimi keçirilirdi. Həmin tarixi hadisəni əyani görmək, ümummilli lider Heydər Əliyevin tədbirdəki parlaqyaddaqalan nitqini dinləmək xoşbəxtliyi bu qeydlərin müəllifinə də nəsib olub.

Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçıları, ABŞ-ın energetika naziri, BTC layihəsinin tərəfdaşları olan tanınmış xarici şirkətlərin səlahiyyətli nümayəndələri, neçə-neçə ölkənin jurnalistləri burada idilər. Ulu öndər onların qarşısında tarixi bir nitqlə çıxış etdibu çıxışda səslənən hər fikir, hər müddəa, BTC-nin gələcəyi, onun tərəfdaşları, inşaatçıları, yeni neft-qaz layihələri barədə deyilən sözlər həmişəlik yaddaşımızda qalıb.

Ümummilli lider Heydər Əliyev 2002-ci ilin o günəşli payız günündə BTC-nin həmin ana qədər keçdiyi yoldan bəhs edərək onun artıq reallaşmaqda olduğunu qeyd etdi: "Bu yaxın vaxtlarda İstanbulda "Üç dənizin əfsanəsi" adlı konfrans keçirildi. Orada əfsanə haqqında söhbət gedirdi. Mən orada nitq söylədim, dedim ki, siz burada əfsanədən danışırsınız. Amma mən sizə demək istəyirəm ki, bu, xəyal deyil, əfsanə deyil, üç dəniz - Xəzər dənizi, Qara dəniz,  Aralıq dənizi birləşəcəkdir. Bunu birləşdirən də Türkiyə, Gürcüstan, Azərbaycan, onların həyata keçirdikləri bu layihə və Amerika Birləşmiş Ştatlarının bu məsələyə daimi dəstəyi olmuşdur. Ona görə də indi xəyaldan gerçəkliyə gəlib çatmışıq".

Lakin bu nailiyyət BTC-nin əleyhdarlarını çox narahat edirdi. Hələ bir sıra qeyri-hökumət təşkilatları guya BTC-nin Gürcüstanın "Borjomi" mineral su mənbəyinə ekoloji zərbə vuracağı fikrini ortaya atacaqdı. Layihənin ƏMSSTQ (Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi) sənədlərinin imzalanmasını gecikdirmək cəhdləri olacaqdı. Hələ BTC-nin bədxahlarından dəstək alan qruplar layihəni maliyyələşdirəcək beynəlxalq maliyyə qurumlarının binaları qarşısına toplaşacaq və kəmərin irəliləməsinə əngəllər törətməyə səy göstərəcəkdilər...

Ümummilli lider Heydər Əliyev kəmərin maliyyələşdirilməsi istiqamətində beynəlxalq maliyyə qurumları ilə danışıqlar apardı və məsələ müsbət həll olundu. Ulu öndər BTC-nin bütün maneələrdən keçəcəyinə və özünün dünyamiqyaslı əsərinin uğurla tamamlanacağına əmin idi. Buna görə də elə orada, təməlyoqma mərasiminin keçirildiyi Səngəçal terminalında - özülü çox möhkəm olan kəmərin başlanğıc nöqtəsində böyük inam və qətiyyətlə demişdir: "Bakı-Tbilisi-Ceyhan irəliyə gedəcək, gedəcək, gedəcəkdir!"

Belə də oldu. BTC irəlilədi. Çünki düzgün düşünülmüş, real bir layihə idi. Ulu öndər təməlqoyma mərasimində kəmərin istifadəyə veriləcəyi vaxtı da əvvəlcədən dəqiqliklə söylədi: "2005-ci ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri tamamilə hazır olacaqbiz hamımız birlikdə buradan Türkiyənin Ceyhan limanına gedəcək və orada Azərbaycan neftinin, Xəzər neftinin Ceyhan limanından yola salınmasının şahidi olacağıq".

Bu proqnoz da doğruldu. 2005-ci ilin fevral ayında "Azəri" yatağından  neft alındı və may ayında Səngəçal terminalından BTC-yə vuruldu. Mayın 25-də Bakıda və Səngəçalda BTC-nin Azərbaycan hissəsinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasimlər keçirildi.

Bir il bundan sonra - 2006-ci il mayın 28-də Azərbaycan nefti Ceyhana çatdı. İyulun 13-də BTC-nin tam bir sistem kimi işə düşməsi Türkiyədə təntənəli surətdə qeyd edildi.

Bakı-Tbilisi-Ceyhan kəməri ulu öndər Heydər Əliyevin adını şərəflə daşıyır. O, Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" yataqlarından çıxarılan nefti "Şahdəniz" yatağından hasil olunan kondensatı ahəngdar təhlükəsiz şəkildə nəql edir. Kəmərə qismən Türkmənistan nefti vurulur.

Layihənin əməliyyatçısı olan BP şirkətinin məlumatına görə, 2006-ci il iyunun 4-dən, yəni Ceyhandan Azərbaycan nefti ilə yüklənmiş ilk tankerin yola salındığı gündən bu ilin birinci yarısının sonunadək dünya bazarlarına göndərilmiş tankerlərin sayı 2227-ə çatıb. Təkcə cari ilin birinci yarısında Ceyhanda 166 tanker yüklənib.

Bu günlərdə ARDNŞ-dən aldığımız məlumatda bildirilir ki, keçən ay BTC vasitəsilə 2 milyon 480 min 50 ton Azərbaycan nefti nəql olunub. Cari ilin yanvar-avqust aylarında bu kəmərlə 20 milyon 220 min 5 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2013-cü il sentyabrın 1-nə qədər BTC- 225 milyon 671 min 819 ton neft vurulub. Bundan başqa, keçən ay BTC ilə 201 min 401 ton Türkmənistan nefti nəql edilib.

Hələ BTC-nin təməli qoyularkən ulu öndər demişdir ki, bu kəmər yeni-yeni layihələrə yol açacaq. Azərbaycanın Gürcüstanın ərazisində BTC ilə eyni dəhliz boyu uzanan Cənubi Qafqaz Boru Kəməri bu arzunu da gerçəkləşdirdi.

Bu, "Şahdəniz" qazını Türkiyə sərhədinədək daşıyan Bakı-Tbilisi-Ərzurum kəmərinin əsas hissəsi olan bir xətdir.

İndi Azərbaycanın karbohidrogen ehtiyatlarının ixracının diversifikasiyası üçün geniş imkanlar açılıb. 2018-ci ildə "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılan qaz Avropaya nəql olunmağa başlayacaq. Azərbaycan qazının dünyaya gedən yolu Türkiyədən keçəcək. Bunun üçün həmin ölkənin ərazisində uzunluğu 2000 kilometrdən çox olan TANAP - Trans Anadolu Qaz Boru Kəməri inşa ediləcək. TANAP xətti TAP-a (Trans Adriatik Qaz Boru Kəməri) qovuşaraq "Şahdəniz" qazını Yunanıstana, İtaliyaya, Bolqarıstana digər ölkələrə çatdıracaq.

11 il əvvəl Səngəçalda BTC-nin təməli qoyularkən ulu öndər Heydər Əliyev Azərbaycanda yeni-yeni nəhəng layihələrin reallaşacağına inamını ifadə etmişdi. BTC  dünyanın gözü qarşısında bu inamı doğrultdu. Azərbaycanda yenə böyük layihələr reallaşır ölkəmizin karbohidrogen ehtiyatlarını dünya bazarlarına aparan yollar getdikcə şaxələnir.

 

 

Flora SADIQLI,

Azərbaycan.-2013.- 18 sentyabr.- S.2.