«Azərbaycan» qəzetinin redaksiyasında prezidentliyə namizədlərin ödənişsiz əsaslarla təşviqat materiallarının dərci ardıcıllığını müəyyənləşdirmək üçün püşkatma keçirilib

 

Oktyabrın 9-da keçiriləcək prezident seçkilərinin təbliğat-təşviqat kampaniyasına artıq start verilib. Rəsmi dövlət qəzeti olan "Azərbaycan" da prezidentliyə namizədlərin ödənişsiz əsaslarla təşviqat materiallarına yer ayırıb. Dünən "Azərbaycan" qəzetinin redaksiyasında namizədlərin təşviqat materiallarının səhifələrdə yerləşdirilməsi ardıcıllığını müəyyənləşdirmək üçün püşkatma keçirilib.

Qeydə alınmış prezidentliyə namizədlərin səlahiyyətli nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən redaksiya Püşkatma Komissiyasının sədri, "Azərbaycan" qəzetinin Parlament və siyasət şöbəsinin redaktoru İxtiyar Hüseynli bildirib ki, rəsmi dövlət nəşri olan "Azərbaycan" qəzeti 9 oktyabr prezident seçkilərinin təbliğat və təşviqat kampaniyasında fəaliyyətini Azərbaycan Respublikasının Seçki Məcəlləsinin və Mərkəzi Seçki Komissiyasının "Azərbaycan Respublikası Prezidentinin seçkilərində kütləvi informasiya vasitələri ilə seçkiqabağı təşviqatın aparılması qaydaları haqqında" Təlimatına əsasən müəyyənləşdirib. Rəsmi dövlət qəzeti prezidentliyə qeydə alınmış namizədlər üçün ödənişsiz əsaslarla təşviqat materiallarına yer ayırıb: "Qanunvericiliyə uyğun olaraq, həftəlik nəşr səhifələrimizin ən azı 10 faizini prezidentliyə qeydə alınmış namizədlər üçün ödənişsiz əsaslarla təşviqat materiallarına ayırmalıyıq. Həftədə 6 dəfə 8 səhifə həcmində nəşr olunan qəzetimizin müvafiq olaraq, hər təşviqat həftəsi üçün 5 səhifəni qeydə alınmış namizədlər üçün bərabər bölünmə qaydasında ayırır".

İxtiyar Hüseynli əlavə edib ki, üç təşviqat həftəsi çərçivəsində 10 namizədin təbliğat-təşviqat materialları qəzetin cümə, şənbə və bazar günləri nömrələrində dərc olunacaq: "Qəzetdə dərc ediləcək təbliğat-təşviqat materialları hər namizəd üçün A-2 formatlı qəzetdə yarım səhifə, yəni 1000 kv.sm nəzərdə tutulur. Namizədlərin reklam materiallarının dərci ardıcıllığında ədalətlilik və bərabərhüquqluluq təmin olunub. Belə ki, hər namizədin ilk səhifədə, yaxud da qəzetin üst hissəsində təşviqat materialını yerləşdirmək imkanı olacaq".

Sonra namizədlərin səlahiyyətli nümayəndələrinin iştirakı ilə püşkatma keçirilib.

Püşkatmadan sonra səlahiyyətli nümayəndələri maraqlandıran bütün suallara aydınlıq gətirilib. Prezidentliyə namizədlərin səlahiyyətli nümayəndələri püşkatmanın şəffaf keçirildiyini bildirmiş, həmçinin prosedur qaydalarının ədalətli olduğunu xüsusi vurğulamışlar.

 

Azərbaycan.-2013.- 18 sentyabr.- S.6.