Hippokrat andını qəlbinə yazıb...

 

Yaşanmış illəri insanın sərvəti sayanlar heç də yanılmırlar. Sərvət deyəndə təbii ki, söhbət hər hansı maddi nemətlərdən getmir. İnsanın yaşadıqca topladığı həyat təcrübəsi, qazandığı dostlar, etdiyi xoş əməllər də bir sərvətdir ki, qiyməti heç nə ilə ölçülmür. Ətrafına işıq saçmaq qabiliyyəti olanların, dara düşənə kömək etməyi bacaranların, təkcə özü üçün yaşamağı ağlına sığışdırmayanların bu yöndə əldə etdiyi sərvət daha böyükdür. Bu, müdriklikdir, yaşa dolduqca daha hörmətli-izzətli olmaqdır, kamillik və bir də ziyalılığın, alicənablığın əlamətidir.

Əgər söhbət həkimdən, müəllimdən gedirsə və onun xarakterinə həmin xüsusiyyətlər xasdırsa, deməli, qazandığı sərvət daha çoxdur. Bu, onun həyata qaytardığı, ağrı-acısını azaltdığı insanların minnətdarlıq duyğuları, yetirmələrinin uğurlarıdır. Deyilənləri cəsarətlə ölkə ictimaiyyətinin yaxşı tanıdığı həkim, alim, səhiyyə təşkilatçısı Kamran Lətif oğlu Aslanova şamil etmək olar.

Kamran Aslanov Səhiyyə Nazirliyinin baş stomatoloqu, tibb elmləri üzrə fəlsəfə doktoru, respublika Stomatoloji Mərkəzinin direktoru, Azərbaycan Özəl Stomatoloji Fəaliyyətlə Məşğul Olanların Assosiasiyasının prezidentidir. O, bütün bu vəzifələrə pillə-pillə çatıb. Və həmin vəzifələrin hər birini şərəflə, ləyaqətlə yerinə yetirmək səviyyəsinə illərlə qətrə-qətrə, zəhmət və alın təri ilə toplanmış bilik, səriştə, təcrübə sayəsində nail olub. Daim axtarışlar aparıb, oxuyub, öyrənib, eyni zamanda, bütün hərəkətlərində ədalətə, obyektivliyə söykənib. Peşə vəzifəsini yerinə yetirdikcə, vətəndaşlıq vəzifəsini də yüksək məsuliyyətlə və ciddiyyətlə həyata keçirib. Bir həqiqəti dərk edib ki, dünyada xeyir işlərdən savayı, hər şey nə vaxtsa unudulur. Nəcib davranışı, yüksək mədəniyyəti, sadəliyi, təvazökarlığı, insanlara diqqəti, qayğı və məhəbbəti ilə bütün xəstələrinin və onu tanıyanların hörmətini qazanıb. Bax, əsl həkim də elə budur. Bəzən özünü belə unudan, ondan kömək ummağa gəlmiş xəstələrinə yardım etməyi başlıca məqsəd sayan müqəddəs peşə sahibi.

"Əsl həkimliyin qayəsi inamdır" - deyə söhbətə başlayan Kamran müəllim Hippokrat andını xatırladı və ondan iqtibas gətirərək xüsusi vurğuladı ki, xəstə həkiminə etibar etməlidir, onu sağaldacağına şübhə yeri qoymamalıdır. Əgər həkimlə xəstə arasında birlik olarsa, xəstəlik aciz qalar, yox, əgər xəstə həkimi yaxına buraxmayıb xəstəliyə tabe olarsa, onda xəstəlik qalib gələr. Odur ki, xəstə öz həkiminə güvənməlidir. Diş isə insanın sağlam, rahat yaşamasının əsas atributlarındandır. İnsanın dişi onun həm siması, həm də sağlamlığının ilkin göstəricisidir. Stomatologiya elmi də digər sahələr kimi özünün peşəkarına ehtiyacı olan bir sahə kimi tanınır. Hər bir həkimin bu sahədə söz sahibi olması isə çətin məsələdir.

K.Aslanov 46 ildir ki, stomatologiya sahəsində uğurlu fəaliyyəti ilə tanınır.

Ömrünü-gününü həsr etdiyi stomatologiya sahəsindən, başçılıq etdiyi kollektivdən, ölkəmizin səhiyyə və tibdə qazandığı nailiyyətlərdən ürək dolusu söhbət açan Kamran müəllim özü haqqında danışmağı sevmir. Qısaca məlumat verdi ki, 1943-cü ilin sentyabr ayında Bakıda dünyaya gəlib. Valideynlərinin hər ikisi Azərbaycan Tibb İnstitutunun müəllimi olub. 1960-cı ildə Bakıdakı 7 nömrəli orta məktəbi, 1965-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun stomatologiya fakültəsini bitirib. 1966-cı ildən stomatoloq-həkim kimi Bakıdakı 2 nömrəli stomotoloji poliklinikada əmək fəaliyyətinə başlayıb. Həmin vaxtdan da bu sahədə çalışıb.

Ona tapşırılan vəzifələr dəyişsə də, daha doğrusu, getdikcə daha böyük və məsuliyyətli olsa da, Kamran müəllim həmişə həkimlik andına sadiq qalıb. Bu vəzifələrin hamısına həkim vicdanı ilə yanaşıb.

Tərcümeyi-halındakı sətirlər bir növ bunların "möhür"ü, təsdiqidir. Belə ki, Kamran Aslanov əmək fəaliyyətinə başladığı poliklinikada 10 ilə qədər həkim- stomatoloq və şöbə müdiri işləyib. 1976-cı ildə Bakı şəhər 1 saylı stomatoloji poliklinikanın baş həkimi əvəzi, 1979-cu ildən baş həkimi, 1982-ci ildən 4 saylı stomatoloji poliklinikanın baş həkimi vəzifəsində işləyib.

1986-cı ildə Respublika Stomatoloji Mərkəzinin direktoru təyin olunan Kamran Aslanov bu vəzifədə indiyədək çalışır. 1987-1993-cü illərdə, 1996-2003-cü illərdə Səhiyyə Nazirliyinin baş stomatoloqu olub və qısa bir fasilədən sonra 2006-cı ildən indiyədək yenə də bu vəzifədədir.

Həkimlik Kamran Aslanov üçün nədir? Peşə-sənət, tale-alın yazısı, üzərinə düşən missiya-vəzifə? Deyərdik ki, bunların hamısı. Üstəlik də, bu peşə onun üçün bir əmanətdir. İxtisasca həkim olan ata-anasından əxz etdiyi bir sevgidir -  peşə sevgisi. O, həmin sevgini gənc həkimlərə, yetirmələrinə, doğma övladlarına belə dəyərli bir ərməğan kimi verib.

"Həkim şərəfli və hər kəsin bacarmayacağı bir peşədir, - deyir Kamran müəllim. - Doğrudur, Tibb Universitetini bitirən hər şəxs bu sənətin kamil sahibi olmaq məqamına çatmasa da, bütövlükdə götürsək, bu sahənin spesifikliyi və olduqca ciddi və tələbkar yanaşmaya malik olması onun çətinliyini bir qədər də artırır. Xoş o insanın halına ki, bu məsuliyyətin öhdəsindən layiqincə gələ bilir.

Əsl həkimin sözündə də bir şəfqət var. O, xəstəsini təkcə dava-dərmanla sağaltmır, ən müasir və dəqiq cihaz və tibbi alətlərlə xilas etmir. Xəstəni şirin sözü, ümidli baxışı, xoş davranışı ilə də müalicə edir. Həkimə müraciət edən xəstənin ilk növbədə rastlaşdığı mülayim rəftar elə onun məlhəmi olur..."

Bu məlum həqiqəti Kamran həkim öz həyat təcrübəsində, çoxillik həkimlik fəaliyyətində bir daha yəqin edib. Xəstələrinə bəslədiyi səmimiyyət və mehribanlıq, alicənablıq və xeyirxahlıq, məsuliyyət və cavabdehlik hissi əslində, onun xarakterini səciyyələndirən xüsusiyyətlərdir. Ətrafındakı bütün insanlara, xalqına və vətəninə bəslədiyi eyni münasibət daha geniş çərçivə və böyük əhəmiyyət kəsb edir.

Başqa sözlə, Kamran Aslanov xəstələrinə, həmkarlarına, tələbələrinə, tanıdığı və tanımadığı bütün insanlara diqqət və qayğı göstərməyə qabil olan böyük qəlbli bir şəxsiyyətdir. Bütün bunlar isə xalq, vətən, torpaq, yurd sevgisi və təəssübkeşliyindən yaranan təzahürləridir.

Kamran müəllim deyir ki, ölkədə stomatologiya sahəsinin inkişafına, kadrların təkmilləşdirilməsinə diqqətin artırılması heç də təsadüfi deyil. Çünki bu, səhiyyənin özünəməxsus, həm də çox əhəmiyyətli sahələrindən biridir. Məhz buna görə də stomatoloji poliklinikaların maddi-texniki bazası daha da gücləndirilir, təkmilləşdirilir, həkimlərin  professionallığına diqqət artırılır. Bunun da nəticəsində səhiyyə sistemində keçirilən islahatlar çərçivəsində əhaliyə stomatoloji xidmətin səviyyəsi yüksəlir.

Yarım əsrə az qalır ki, K.Aslanov stomatologiya, stomatoloji xəstəliklərin müalicəsi, profilaktikası, problemlərinin öyrənilməsi ilə məşğuldur. Kamran müəllimin bir üstünlüyü də ondan ibarətdir ki, o, həm praktik həkim, həm də nəzəriyyəçi alimdir. Buna görə də çalışdığı sahənin bütün problemlərini bilir və onları aradan qaldırmaq üçün dərindən düşünür.

Stomatoloji müəssisələrin fəaliyyətində əsaslı dönüşün yaradılması, keyfiyyət standartlarının müasir tələblərə uyğunlaşdırılması, pullu xidmətin tətbiqi, ixtisasın profilaktika istiqamətində inkişafı, implantologiya sahəsində müsbət nəticələrin çoxalması və s. Kamran Aslanovu düşündürən məsələlərdir. Onun alim qələmindən çıxan bir sıra məqalələr də bunu təsdiqləyir. Hələ 1985-ci ildə Moskvada müdafiə etdiyi "Körpüyəbənzər protezlərdən sonra əmələ gələn fəsadlar və onların aradan qaldırılması üsulları" mövzusunda müdafiə etdiyi namizədlik dissertasiyası tibb elmini uzun müddət narahat edən məsələlərdən birinə həsr olunmuşdur.

Kamran Aslanov stomatologiyanın bugünü və sabahı haqqında daim düşünür. O deyir ki, profilaktik işlər yaxşılaşdırılmalıdır. Çünki bütün dünyada stomatoloji xəstəliklər çox yayılıb. Əlbəttə, Azərbaycan da istisna deyil. Ona görə də profilaktik baxışlar aparılarkən aşkar edilən xəstəliklərin heç də hamısı müalicə olunmur. Bunun üçün kompleks tədbirlər görülməlidir. Sahənin elmi-texniki bazası təkmilləşdirilməklə yanaşı, ölkənin, əsasən də, Bakı şəhərinin içməli su problemi tam həll edilməli, onun tərkibi daim yoxlanılmalıdır ki, xəstəliklərin profilaktikasına nail olunsun.

Kamran Aslanov ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu istər birinci, istərsə də ikinci dövrdə Azərbaycan səhiyyəsinin və tibb elminin inkişafına göstərdiyi diqqət və qayğını dərin minnətdarlıq hissləri ilə xatırlayır. Ulu öndərlə şəxsi görüşləri isə heç zaman yaddaşından silinmir, qəlbində daim yaşayır. Axı, Kamran müəllim ümummilli liderin uzun müddət stomatoloji sağlamlığına şəxsən cavabdehlik daşıyıb, həkim briqadasının rəhbəri olub.

"Ulu öndərlə bağlı xatirələrimi danışmaqla qurtaran deyil" - deyir Kamran müəllim: "Ömür vəfa etsə, həmin mövzu barədə ətraflı söhbət açmaq niyyətindəyəm".

Stomatologiya sahəsinin mütəxəssisləri öz həmkarlarının bütün nailiyyətlərini yüksək qiymətləndirirlər. Tibb elmləri doktoru, professor, əməkdar elm xadimi Fazil Ağayev deyir: "Stomatoloji xidmətin elmi-texniki tərəqqi ilə bağlılığı daha sıxdır. Ona görə də bu xidmətin təşkilində həm çoxmərhələlik, həm də hamı üçün məqbul olmaq prinsipi üzrə stomatoloji bölmələrin modelinin yaradılması tarixi zərurətə çevrilmişdi. Bu zərurəti həm həkim-stomatoloq, həm də səhiyyə təşkilatçısı kimi dərk edən və onun təminatına imkan yaradan Kamran Aslanov o dövr üçün xüsusi əhəmiyyət kəsb edən nümunəvi müəssisənin modelini qurmuşdur. Bu modelin üstünlüyü ondadır ki, o, terapevtik stomatoloji yardımı ölkənin bütün iri yaşayış məntəqələrində təmin etməklə, yüksək ixtisaslaşma tələb edən xidmətlər üçün vahid mərkəzin yaradılmasına əsaslanırdı. Nəticədə respublikanın baş stomatoloqu kimi Kamran Aslanovun fəaliyyətini tənzimləmək və istiqamətləndirmək imkanı yaranmışdı".

Beləliklə, Kamran Aslanov rəhbərlik etdiyi mərkəzin fəaliyyətini həm təşkilati-metodik, həm də elmi istiqamətə yönəldə bilmişdir. Nəticədə orada ənənəvi tədbirlərlə yanaşı, yeni profilaktik metodlar işlənib sınaqdan keçirilir.

Dərin biliyə malik olmaq, eyni zamanda, fikrin aydınlığı, nitqin səlisliyi ilə istədiklərini auditoriyaya çatdırmaq bacarığı hər kəsin qismətinə düşmür. Bunun hər ikisi Kamran Aslanova müyəssərdir. Məhz bu səbəbdən onun istər ölkə daxilində, istərsə də xaricdə keçirilən elmi konfrans və simpoziumlardakı çıxış və məruzələri də diqqəti cəlb edir. Belə çıxışlar isə tez-tez olur. Ötən illərin birində Azərbaycanın paytaxtında keçirilən "Stomatoloji xəstəliklərin profilaktikası və uşaqların sağlamlığı" elmi-praktik konfransında Kamran müəllim öz ənənəsinə sadiq qalaraq yenə də aktual bir mövzuya toxundu. O, "Uşaq stomatoloji xidməti: real vəziyyət və inkişaf perspektivləri" mövzusunda məruzə etdi. Orada uşaq stomatologiyasının nailiyyətləri göstərilməklə yanaşı, bütün həlli vacib məsələlər çözüldü.

Qazanılmış nailiyyətlərlə, əldə edilmiş biliklərlə kifayətlənməmək, daim irəliyə getmək xüsusiyyətləri Kamran müəllimi xarici ölkələrdəki həmkarları ilə də sıx əməkdaşlıq əlaqələri saxlamağa sövq edir. Eləcə də onlar Azərbaycan mütəxəssisləri ilə fikir, təcrübə mübadiləsi aparırlar. Rusiya Federasiyasının stomatoloqları dəfələrlə Kamran Aslanovun direktor olduğu mərkəzdə innovasiya kursları keçmişlər. Bu kurslar "Terapevtik və ortopedik stomatologiyanın seçilmiş məsələləri", "Ağrısızlaşdırma metodları və vasitələri", "Ambulator stomatoloji praktikada sematik xəstəliklər fonunda təsadüf olunan təxirəsalınmaz hallarda tibbi yardım" mövzularına həsr olunmuşdu.

Xatırladaq ki, ilk dəfə rəhbər vəzifəyə seçiləndə Kamran Aslanov gənc bir kadr idi. Lakin istər həkim səriştəsi, istərsə də xarakterindəki önəmli xüsusiyyətlər ona indiyə qədər etibar edilmiş bütün vəzifələrdə etimadı doğrultmağa imkan verib.

Kamran Aslanov 27 ildir respublika Stomatoloji Mərkəzinin direktorudur. Bu mərkəz uzun illərdir, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya kafedrasının tədris-təcrübə bazasıdır. Kamran müəllim hələ mərkəzə rəhbər təyin olunduğu ilk dövrlərdə bu müəssisədə təmir-yenidənqurma işləri aparılmışdır. Nəticədə terapiya, cərrahiyyə, ortopedik stomatologiya, rentgen və fizioterapiya kabinetləri müasir avadanlıqlarla təchiz edilmiş və yüksək ixtisaslı mütəxəssislərlə təmin olunmuşdur.

Kamran müəllimin diqqət və qayğısının, gərgin zəhmətinin və daim irəliyə baxmasının nəticəsidir ki, bu gün mərkəzdə insanlara dünya standartları səviyyəsində tibbi-stomatoloji xidmət göstərmək üçün maddi baza mövcuddur. Bununla bahəm, müəssisənin yüksək peşəkarlığa malik kadr potensialı da var. Məsələn, cərrahiyyə şöbəsində dişin çəkilməsi ilə yanaşı, müxtəlif ambulator, cərrahiyyə əməliyyatları aparılır. Terapiya şöbəsində yerli ağrısızlaşdırma metodu ilə müalicə üsulu tətbiq edilir.  Parantologiya şöbəsində, eləcə də ən müasir üsullardan istifadə olunur.

Başqa sözlə, mərkəz öz adını və funksiyasını doğruldaraq ölkənin digər stomatoloji müəssisələrinə örnək, nümunə rolunu oynayır.

Mərkəzdəki ideal səliqə-sahman sanki burada gedən digər əsas işləri tamamlayır. Bu, həmişə mərkəzin qonaqlarının da diqqətini cəlb edir. Hələ sovet dönəmində Azərbaycanda olan akademik Yevgeni Çazov respublikanın rəhbərlərinin müşayiəti ilə mərkəzə gəlmişdi. O, tez-tez suallar verir, hər şeylə maraqlanır və axırda deyir: "Siz bilirsinizmi, mən sadəcə tanış olmaq xatirinə baxmıram. Mənim ilk peşəm diş texnikliyi olmuşdur. Mən yaxşı stomatoloji mərkəzləri çox görmüşəm. Amma etiraf edim ki, beləsini görməmişəm".

Bütün bunların başlıca səbəbi mərkəzin direktorunun və digər mütəxəssislərin çalışdıqları sahənin yeniliklərini onun tövsiyəsi ilə izləməkləri, bilik və səriştələrini daim təkmilləşdirmələridir. Axı, stomatologiya, Kamran həkimin qeyd etdiyi kimi, tibbin ən yüksək texnologiyalı sahələrindən biridir. Üstəlik, o, həm də sürətlə inkişaf edir. Odur ki, stomatoloq professional hazırlıq səviyyəsinə çatmaq və mütəmadi artan tələbləri ödəmək üçün ən müasir müalicə və diaqnostika üsullarını bilməli, onun bütün bunlar barədə ardıcıl surətdə məlumatları olmalıdır.

Direktorun bütün bu tələbkarlığı ondan irəli gəlir ki, onun özü necə deyərlər, yerində saymayan, daim öyrənən, təkmilləşən, axtarışlar aparan, yeni yollar tapan mütəxəssisdir.

Lakin bildiklərini ortaya qoymaq, insanlarla ünsiyyət qurmağı bacarmaq və bununla, qabiliyyətini onların xeyrinə yönəltmək heç də hər mütəxəssisə nəsib olan xoşbəxtlik deyil. Çünki bunun özü də bir vergidir, istedaddır. Kamran müəllimin zəngin, eyni zamanda, hər kəs üçün anlaşıqlı nitqini dinlədikcə məhz belə düşünürsən, onun necə ünsiyyətcil insan olduğunu əyani görürsün.

Kamran müəllimin fikrincə, həkim eyni zamanda yüksək intellektə malik ziyalı olmalıdır. Ona müraciət edən pasiyentlərə, eləcə də xəstələrlə birlikdə gələn doğmalarına, qohumlarına alicənablıq, insanlıq münasibəti göstərməli, ziyalılıq nümayiş etdirməlidir. Həkim hər yerdə ziyalı olmalıdır. Xəstələri, həmkarları, tələbələri arasında da, cəmiyyət içərisində də.

Kamran Aslanovu bir dəfə görənlər də, onu yaxından tanıyanlar da bu keyfiyyətlərin onun özündə də bariz şəkildə olduğunu söyləyirlər. Kamran müəllim haqqında söhbət düşəndə dəfələrlə "çox ziyalı insandır", "əsl ziyalı"dır sözlərini eşitmişik.

Ziyalılıq elə bir keyfiyyətdir ki, təkcə diplomla, savadla və biliklə qazanılmır. O, eyni zamanda, insanın öz daxilindən, mənəviyyatından gəlir. Kamran Aslanovun ziyalılığı onun əsil-nəcabətindən, aldığı ata-ana tərbiyəsindən, görüb-götürmüş insan olduğundan, özünün mənəvi dünyasının zənginliyindən irəli gəlir. Onun ziyalılığı hər yerdə - işində-peşəsində, vəzifə kabinetində, böyük elmi məclislərdə, insanlara - vətəninə, xalqına münasibətində aydın şəkildə əks olunur.

Kamran Aslanov həmkarlarına həmişə hörmətlə yanaşan bir həkimdir. Özünün dərin biliyinə, zəngin təcrübəsinə baxmayaraq, çiyin-çiyinə çalışdığı həkimlərin peşəkarlığına da arxalanır. Çoxşaxəli fəaliyyətlə məşğul olan həkim, alim, təşkilatçı, rəhbər vəzifələr sahibi olan Kamran Aslanov həm də qayğıkeş pedaqoqdur. Ali dərəcəli həkim olan Kamran Aslanov 1992-2000-ci illərdə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya kafedrasının assistenti, eləcə də ATU-nun ortopedik stomatologiya kafedrasının dosenti olub. Bildiklərini heç vaxt tələbələrindən əsirgəməyib.

Tibb elmləri doktoru, professor, əməkdar elm xadimi Oqtay Seyidbəyov da elə bunu vurğulayır: "Əgər desək ki, onun ömür salnaməsinin ən dəyərli və mənalı səhifələri tələbə auditoriyası ilə bağlıdır, bu, heç də mübaliğə olmaz. Kamran müəllim öz yetirmələrinə hörmətlə, həm də böyük tələbkarlıqla yanaşır. Nəzəriyyəçi-alim, praktik həkim kimi onun fikirlərinin düzülüşündəki ardıcıllıq, əsas ideyanı maraq obyektinə çevirmək, konkretliyə güclü meyil, mürəkkəb mətləbləri sadə və anlaşıqlı tərzdə şərh edə bilmək bacarığı onun gözəl pedaqoq olduğuna dəlalət edir. Tələbələrini elmli və savadlı görmək bu şəxsiyyətin yeganə idealıdır".

Lakin Kamran Aslanovun öz bilik və təcrübəsini gənc həmkarları ilə paylaşmaq istəyi təkcə auditoriya ilə məhdudlaşmayıb. O, bunu hər gün, hər an iş prosesində də həyata keçirir. Üstəlik, qeyd olunduğu kimi, çoxsaylı çıxışları, məqalələri, kitabları da bu məqsədə xidmət edir. Uzun illərin axtarışından sonra onun "Azərbaycanda stomatologiyanın tarixi" və inkişaf mərhələləri" adlı kitabı nəşr olunmuşdur. Cəsarətlə demək olar ki, bu, stomatologiyanın ölkəmizdə inkişafının tarixi mərhələlər üzrə öyrənilməsində ilk sanballı tədqiqat əsəridir. Həmin kitabda müəllifə qədim dövrlərdən başlayaraq xalq təbabəti və sağlamlıq elminin təşəkkül tapması, stomatoloji xəstəliklərin yayılması, profilaktikası və müalicəsi ilə bağlı məqamları əks etdirmək müyəssər olmuşdur.

Azərbaycanda stomatologiyanın tarixi keçmişi, son yüz ildə bu sahədə tədricən əldə edilmiş müvəffəqiyyətlər, uğurlar tanınmış alimlər, mütəxəssislər tərəfindən layiqincə işıqlandırılsa da, bu barədə xeyli elmi məqalə, dissertasiya işi, kitablar, broşürlər yazılsa da, həmin materiallar ötən əsrin müvafiq sahədəki mənzərəsini özündə tam təcəssüm etdirmir. Xüsusən də, 1970-ci illərdən sonrakı vaxtlarda respublikanın stomatoloji həyatı, onun inkişafındakı qlobal elmi və praktiki dəyişikliklər, uğurlar, dünya elminə inteqrasiya və dəyər bu qəbildən olan məsələlər barədə sanballı tədqiqat əsəri meydana qoyulmayıb.

Odur ki, Kamran Aslanovun dərin elmi araşdırmalarının nəticəsi olaraq meydana gələn "Azərbaycanda stomatologiyanın tarixi və inkişaf mərhələləri" kitabı qeyd olunan boşluğun aradan qaldırılmasında mühüm bir addım idi.

Kamran Aslanov Azərbaycan Respublikasının əməkdar həkimidir. Təltif olunduğu "Əməkdə fədakarlığa görə" medalı, "Səhiyyə əlaçısı" döş nişanı da onun çoxillik zəhmətinə, yüksək peşəkarlığına verilən qiymətdir.

İnsanın ömür yolları heç də həmişə rəvan, hamar olmur. Kamran müəllim də indiyədək enişli-yoxuşlu uzun bir həyat yolu keçib. 70 ilin sevincini-kədərini, qışını-baharını görüb. Heç bir iş, heç bir nailiyyət ona asan başa gəlməyib, gərgin zəhmət, daim öyrənmənin əziyyətinə qatlaşmaq bacarığı, sonsuz axtarışlar yol yoldaşı olub. Bəzən taleyin zərbələrini də görüb. Ömür-gün yoldaşı Esmira xanımı erkən itirib. Təsəllisi isə sevimli atanın yolunu davam etdirən üç övladı və əziz nəvələridir. Yeri gəlmişkən qeyd edim ki, Kamran müəllimin böyük qızı Ülviyyə Aslanova respublika Mama-Ginekologiya İnstitutunda həkim işləyir. Lamiyə pediatriya sahəsini seçib. Fərəh isə bilavasitə ata sənətinin davamçısı - stomatoloqdur.

Bəli, ömrünün 70-ci pilləsinə uğurla çatan Kamran Aslanov eyni zamanda, kamilliyin, müdrikliyin zirvəsindədir. Adətən, bu yaşa çatanda insanlar arxaya boylanıb: "İllər, sizdə nəyim qaldı?" - deyə bəlkə də  öz-özlərinə bir hesabat verirlər. Kamran müəllimin ötən illərdə qazandıqları - bunların ən başlıcası xalq sevgisidir - elə xalqın öz gözü qarşısındadır. Enerjisi, yaşayıb-yaratmaq həvəsi tükənməyən həkim, alim, müəllim, gözəl insan Kamran Aslanov bu gün həm də sabah görəcəyi işlər, gerçəkləşdirəcəyi planlar haqqında düşünür.

 

 

 

İradə ƏLİYEVA

 

Azərbaycan. - 2013.- 14 sentyabr.- S. 10.