Əli HƏSƏNOV: «Azərbaycan vətəndaşlarının
iradəsi builki seçkilərin
də taleyini həll
edən əsas amildir və hamı bu seçimə hörmətlə
yanaşmalıdır»
ATƏT DTİHB-in aralıq hesabatı
reallığı əks etdirmir
Azərbaycan Prezident
Adminstrasiyasının İctimai-siyasi
məsələlər
şöbəsinin müdiri Əli Həsənovun APA-ya müsahibəsi
-
Artıq prezident seçkisinə bir aydan da az
vaxt qalır. Ümumiyyətlə, 2013-cü il
seçkilərinin özünəməxsus xüsusiyyəti,
onun indiyə qədər keçirilmiş analoji seçkilərdən
fərqi, spesifik cəhəti varmı?
- Müstəqil
Azərbaycanın 22 illik inkişaf tarixində hər bir
prezident seçkisinin ümumi cəhətləri və
özünəməxsus xüsusiyyətləri olub. Ümumi cəhətlər ondan ibarətdir ki,
seçicilər səsvermə vasitəsilə, qanunvericiliklə
müəyyən olunmuş standartlar və beynəlxalq təcrübəyə
uyğun olaraq ildən ilə təkmilləşən prosedur
qaydaları əsasında növbəti 5 ildə dövləti
idarə edəcək və cəmiyyəti yönləndirəcək
rəhbər seçirlər. Spesifik cəhətlər
isə daha çox seçki dövründə dövlətin,
cəmiyyətin inkişaf səviyyəsi, seçki prosesinə
qoşulmuş siyasi qüvvələr, namizədlər,
dünyada və regionda mövcud olan iqtisadi, siyasi
reallıqlar, ölkənin beynəlxalq mövqeyi, nüfuzu ilə
bağlı olur.
Azərbaycanda
ilk seçkilər 1992-ci ildə kifayət qədər mürəkkəb
ictimai-siyasi şəraitdə keçirildi. O zaman Azərbaycan çox
ağır duruma salınmışdı, anarxiya, xaos bütün
ölkəni bürümüşdü. İqtisadiyyat
çökmüş, əhalinin vəziyyəti günü-gündən
ağırlaşırdı, Ermənistanla hərbi əməliyyatlar
getdiyi bir dövrdə vətəndaş müharibəsi
alovlanmağa başlamışdı. Nəticədə
xalq mövcud iqtidardan imtina edərək ümummilli lider Heydər
Əliyevi Bakıya dəvət etdi. 1993-cü
ildə Heydər Əliyev Azərbaycan Prezidenti seçiləndə
ölkə faktiki olaraq dağılmaq, öz milli müstəqilliyini
itirmək təhlükəsi ilə üz-üzə
qalmışdı. Qısa zaman kəsiyində onun siyasi
uzaqgörənliyi, müdrikliyi, zəngin idarəçilik təcrübəsi
sayəsində cəmiyyəti vahid ideya ətrafında birləşdirmək,
Azərbaycan dövlətçiliyinə qəsd edən daxili
və xarici qüvvələri neytrallaşdırmaq,
ictimai-siyasi sabitliyi bərqərar etmək, dövlət idarəçilik
institutlarını formalaşdırmaq, ölkənin gələcək
inkişaf yolunu müəyyənləşdirmək və bu
yolla inamla irəliləmək mümkün oldu. Növbəti - 1998-ci ildəki prezident seçkilərində
Azərbaycan artıq ciddi təhlükələri arxada
qoymuş, demokratiya yolu ilə sabit inkişaf edən bir
ölkəyə çevrilməkdə idi. Buna baxmayaraq,
ölkədə hələ də müstəqil dövlət
quruculuğu başa çatmamışdı, daxildə
sabitlik təmin edilsə də, xarici təhdid və təzyiqlər
ara vermirdi. Azərbaycanın
beynəlxalq aləmlə əlaqələri tam
formalaşmamışdı. İqtisadiyyatda
dirçəlmə prosesi başlamışdı, amma iqtisadi
potensialımız çox zəif idi. Ərazilərimiz
işğal olunmuşdu, bir milyondan artıq qaçqın və
məcburi köçkünümüz var idi,
yığılıb qalmış və həlli vacib olan,
lakin böyük maliyyə vəsaiti tələb edən
problemlərimiz qalmaqdaydı. Bütün
bunlarla yanaşı, 1993-1998-ci illərdə cəmiyyətin
keçdiyi inkişaf yolu xalqda gələcəyə
güclü inam, nikbin əhval-ruhiyyə yaratmışdı.
Azərbaycan vətəndaşı səmim-qəlbdən
inanırdı və tam əmin idi ki, cəmi 5 ilə ölkəni
acınacaqlı durumdan çıxararaq inkişaf yoluna
yönəltməyə müvəffəq olmuş Heydər
Əliyev bundan sonra da bütün maneələrə sinə
gərmək, cəmiyyətin, vətəndaşların
layiqli həyat şəraitini təmin etmək, Azərbaycanı
güclü, nüfuzlu bir dövlətə çevirmək
iqtidarındadır. Əminliklə demək olar
ki, Azərbaycan xalqı bu seçimi ilə növbəti dəfə
öz müdrikliyini, uzaqgörənliyini nümayiş etdirdi.
1993-2003-cü illər Azərbaycanın müstəqil
dövlətçiliyinin formalaşması, gələcək
inkişafının təməl bazasının
yaradılması, ölkəmizin beynəlxalq aləmə
uğurlu inteqrasiyası illəri olmuşdur. Bu, ulu öndər
Heydər Əliyevin Azərbaycan xalqı qarşısında
tarixi və misilsiz xidməti idi. Heydər Əliyev nəinki
Azərbaycanın müstəqilliyini təmin etdi, həm də
bu dövlətin gələcək strateji inkişaf
konsepsiyasını yaratdı, idarəçilik
sükanını etibarlı əllərə təhvil verdi. Məhz buna görə də Azərbaycan
xalqı 2003-cü ildə seçim qarşısında
qalmadı, birmənalı şəkildə ulu öndərin
siyasi kursunun davam etdirilməsinə səs verdi.
Son 20 ilin
təcrübəsi onu göstərdi ki, o dövrdə Heydər
Əliyev siyasi xəttindən başqa Azərbaycanın
strateji inkişafını müvəffəqiyyətlə təmin
edə biləcək digər siyasi kurs yox idi və ola da bilməzdi. Qeyd etmək istərdim
ki, xüsusilə son 10 ilin təcrübəsi,
reallıqları bu fikrin çox ibrətamiz olduğunu əyani
şəkildə təsdiq edir.
- Ancaq
2003-cü ildə Azərbaycanın inkişaf perspektivləri
ilə bağlı çoxsaylı mülahizələr,
versiyalar irəli sürülürdü...
- Mən
onların arasında iki istiqaməti xüsusi vurğulamaq istərdim.
Birincisi, iddia edilirdi ki, Azərbaycan Heydər
Əliyevin müəyyənləşdirdiyi yolla statik irəliləyişini
davam etdirəcək. Heydər Əliyev
kursunun təhlillərə, nəzəri və praktiki biliklərə
əsaslanan proqramlar əsasında davam etdirilməsi, cəmiyyətə
yeni inkişaf modelinin təqdim olunması isə ikinci istiqaməti
təşkil edirdi. Qarşıda duran vəzifələrə
yaradıcı yanaşma cəmiyyətə yeni nəfəs gətirdi,
xalqa növbəti inkişaf mərhələsində Azərbaycanın
yeni, müasir simasını göstərdi. Hakimiyyətin nümayiş etdirdiyi qətiyyət,
müdriklik, irəli sürdüyü rasional və praqmatik təşəbbüslər
cəmiyyətin ona olan inamını və rəğbətini
daha da artırdı. Hesab edirəm ki, bir tərəfdən
ölkənin uğurlu inkişafı, yaradılmış
sosial-iqtisadi baza, xalqın Heydər Əliyev şəxsiyyətinə
ehtiramı, onun siyasətinin davam etdirilməsinə birmənalı
pozitiv münasibəti, digər tərəfdən isə irəli
sürülən yeni təşəbbüslər, ölkənin
inkişafına yaradıcı yanaşma, novator ideyalar, hakim
komandanın gücünə, səriştəsinə olan
inam 2003-cü ildəki prezident seçkilərində
xalqın seçiminə təsir edən başlıca amillər
oldu.
Qeyd edim ki, keçən müddətdə Azərbaycan
cəmiyyətində həyata keçirilən siyasi kurs və
inkişaf istiqamətləri mövcud və yeni yaradılan
bazis əsasında ucaldılacaq gələcək Azərbaycanın
konturlarını və modelini təqdim etdi. Yeni inkişaf
modelinin başlıca məqsədi Azərbaycanın
dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə
yüksəlməsini və dünya birliyinin layiqli
üzvünə çevrilməsini nəzərdə tuturdu.
Hesab olunurdu ki, cəmiyyət həyatının
bütün sahələri bir-biri ilə üzvi şəkildə
bağlı olduğuna görə, ayrı-ayrılıqda
hansısa bir sahənin inkişaf etdirilməsi zəruri effekt
verməyəcək. Qarşıya qoyulmuş məqsədlərə
nail olmaq üçün, ilk növbədə, güclü
maliyyə imkanları, elmi şəkildə əsaslandırılmış
və hər bir sahəni əhatə edən proqramlar,
onların kompleks şəkildə
reallaşdırılması lazımdır.
2006-cı ildə nəhəng transmilli enerji layihələrinin
başa çatdırılması və işə
düşməsi Azərbaycana güclü maliyyə
axınını təmin etdi. Təsdiq olunmuş çoxsaylı
dövlət proqramları, imzalanmış fərman və sərəncamlar,
bu sənədlərdə nəzərdə tutulmuş məsələlərin
icrası iqtisadiyyatın şaxələndirilməsinə,
qeyri-neft sektorunun inkişaf etdirilməsinə, sosial problemlərin
həllinə, insan kapitalının
formalaşdırılmasına, regionların tərəqqisinə,
paytaxtla bölgələrin inkişafı arasında kəskin
disbalansın aradan qaldırılmasına, ölkənin, cəmiyyətin
müasir simasının formalaşdırılmasına, korrupsiya,
inhisarçılıq və digər bu kimi neqativ hallara
qarşı səmərəli mübarizənin
aparılmasına, vətəndaş cəmiyyətinin daha da
sürətli inkişafına etibarlı zəmin yaratdı.
Ən əsası, nümayiş etdirilən qətiyyət,
güclü siyasi iradə, hakim komandanın, dövlət
strukturlarının qarşıya qoyulmuş vəzifələrin
həyata keçirilməsinə tam səfərbər
olunması, müasir çağırışları nəzərə
alan rasional idarəçilik bütün məqsədlərə
çatmağa imkan verdi.
On ildə
Azərbaycan iqtisadiyyatı üç dəfə artdı,
yoxsulluğun səviyyəsi 49 faizdən 6 faizə,
işsizlik 5 faizə endi. Azərbaycanda
müasir iqtisadi və sosial infrastruktur yaradıldı. Ölkənin enerji təhlükəsizliyi tam, ərzaq
təhlükəsizliyi isə əsasən təmin olundu.
Azərbaycanın icmal büdcəsinin xərcləri 13 dəfə
artaraq 1,5 milyard manatdan 20 milyard manata
çatdı. 2003-cü ildə 800 milyon dollar təşkil
edən strateji valyuta ehtiyatları artıq 50 milyard dollara
yüksəlmişdir. Əmək
haqları, pensiyalar, təqaüdlər ardıcıl şəkildə
artırıldı və bu göstəriciyə görə,
Azərbaycan MDB məkanında öncül yerləri tutur.
Vətəndaşlara sovet dövründən
qalmış əmanətlərə görə kompensasiyalar
verildi. Minlərlə istehsal obyekti, nəhəng zavod və
fabriklər, texnoparklar fəaliyyətə başladı, 1.2
milyon yeni iş yeri yaradıldı. 2500 məktəb,
yüzlərlə səhiyyə müəssisəsi, mədəniyyət,
idman obyektləri tikilib istifadəyə verildi. Bu gün
bütün dünya Bakının yeni, müasir simasından
danışır. Amma regionlara səfər edəndə
Bakı ilə digər şəhərlər arasında fərq
bir o qədər də hiss olunmur. Çünki
regionlar da paytaxt kimi dinamik inkişaf edir, müasirləşir.
Azərbaycan regionun nəqliyyat-logistika mərkəzinə
çevrildi. Bu gün Bakı siyasi,
iqtisadi, humanitar, idman və digər sahələrdə qlobal əhəmiyyətli,
mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkan
kimi tanınır. İnformasiya-kommunikasiya
texnologiyalarının inkişafı nəticəsində Azərbaycan
ilk süni peykini kosmik fəzaya çıxardı və
kosmik ölkələr klubuna üzv oldu.
Bütün
bu uğurların nəticəsidir ki, 2011-ci ildə Azərbaycan
155 ölkənin dəstəyi ilə, sərt rəqabət
şəraitində BMT Təhlükəsizlik Şurasına
üzv oldu, dünya siyasətinin müəyyənləşdirilməsində
iştirak edən ölkə statusu qazandı. Əldə
olunmuş mühüm nailiyyətlər sayəsində Azərbaycan
artıq 2009-cu ildə iqtisadi keçid dövrünü
başa vurdu, dünyanın aparıcı maliyyə və
iqtisadi institutlarının hesabatlarında öncül yerləri
tutmağa başladı. Dünya
İqtisadi Forumunun bu ilki son hesabatında Azərbaycan
iqtisadiyyatın rəqabətə davamlılığına
görə dünyada 39-cu ölkədir və Avropa Birliyinin
28 üzv ölkəsindən 15-ni qabaqlayır.
Azərbaycan bu uğurlara öz hesabına, heç kimdən
heç nə almadan, heç nə ummadan, istəmədən,
boyun əymədən, öz müstəqil siyasəti ilə
nail oldu. Bəli,
etiraf etməliyik ki, müstəqillik tariximizin bütün
dövrlərində Azərbaycana təzyiq etmək istəyən,
onu öz yolundan döndərməyə çalışan,
öz iradəsinə tabe etdirməyə cəhd göstərən,
hətta təhdid metoduna əl atan xarici qüvvələr
mövcud olub və indi də var. Müstəqilliyimizin ilk illərində
biz zəif idik, dövlətçiliyimiz tam
oturuşmamışdı, təzyiq və təhdidlərə
qarşı dövlətin immuniteti
formalaşmamışdı. Buna görə də
biz bəzi məsələlərdə güzəştə
getməyə, müxtəlif əsassız iddialara həssas
yanaşmağa məcbur olurduq, izahat verirdik, məsələlərin
yanlış təqdim olunduğunu sübut etməyə
çalışırdıq. Ancaq
2013-cü ildəki Azərbaycan 2003-cü ildəki ölkə
deyil. Mübaliğəsiz demək olar ki,
Azərbaycan tarixinin heç bir dövründə, heç
vaxt bu qədər azad, müstəqil və güclü
olmamışdır. Bu gün Azərbaycanla
təzyiq vasitəsilə danışmaq, onu milli maraqlarına
zidd mövqeyə məcbur etmək mümkün deyildir.
Həqiqətən də Azərbaycanın
bugünkü reallıqları hər bir vətəndaşı
ruhlandırır, sevindirir. Layiqli həyat şəraiti
təmin olunmuş Azərbaycan vətəndaşları,
xaricdə yaşayan soydaşlarımız arxalarında
güclü, onları dünyanın istənilən nöqtəsində
müdafiə etməyə qadir olan bir dövlət
görürlər və belə bir dövlətin vətəndaşları
olduqlarına görə fəxr edirlər. Avropa
Birliyinin "Avropa Qonşuluq Barometri" çərçivəsində
keçirilmiş sorğu göstərdi ki, Azərbaycanda əhalinin
92 faizi öz hökumətinə
inanır. Yəni ölkə əhalisinin
92 faizi hakimiyyətin fəaliyyətini bəyənir və ona
etimad göstərir. Bütün obyektiv rəy
sorğuları xalqla hakimiyyətin sıx birliyinin təcəssümüdür.
Budur son 10 ilin real nəticəsi. Budur 2013-cü ilin, bu günün seçki
reallığı. Bu reallığa qarşı hər
hansı iddia, onun əhəmiyyətini azaltmaq cəhdləri
heç kimə
dividend gətirməyib və bundan sonra da xeyir verə
bilməz.
Bugünkü hakimiyyət öz xalqına güvənir,
onun bütün qərarları xalqın istəyini,
arzularını əks etdirir. Bu qərarların mənbəyi
Azərbaycan xalqıdır. Biz xalqın
güclü dəstəyini, etimadını, rəğbətini
görürük və buna görə daha da cəsarətlə,
inamla milli maraqlara əsaslanan siyasət
yürüdürük. Biz nə qədər
xalqa yaxınlaşırıqsa, opponentlərimiz bir o qədər
xalqdan uzaqlaşır. Nə qədər
inamla xalqın içinə gediriksə, insanlarımızla
yaxın təmasda oluruqsa, onlar bir o qədər xalqla təmasdan
yayınır, daha çox xarici dairələrlə, səfirliklərlə
ünsiyyətə can atırlar. Hakimiyyətin
mənbəyi xalqdır. Fikrimizcə, kim
bu reallığı daha ciddi dərk edərək ona əməl
edəcəksə, o da qalıb gələcək. 2013-cü il
seçkilərinin taleyini də məhz Azərbaycan
seçicisi həll edəcək.
-
Müxalifət partiyalarını və bloklarını təmsil
edən namizədlər artıq qeydiyyatdan keçib və
seçkilərdə iştirak edəcək. Əlbəttə,
onların hər biri də iddia edir ki, seçkidə qalib gələcəklər.
Sizcə bu iddia reallığa nə qədər
uyğundur?
- Qeyd etmək
istərdim ki, seçki təbliğatı kimi qəbul
olunacağını nəzərə alaraq mən ad çəkmək
və xüsusi təhlil aparmaq istəmirəm. Bununla
yanaşı, bəzi fikirlərimi bölüşməyi
lazım bilirəm.
Siyasi partiyalar arasında hakimiyyət uğrunda
mübarizə demokratik cəmiyyətlərə xas olan
normadır. Onların hakimiyyətə gəlmək istəyi,
buna cəhd göstərməsi də təbii
qarşılanmalıdır. Lakin o müxalifət
hakimiyyət uğrunda real mübarizə apara və hakimiyyətə
opponentlik edə bilər ki, onun ölkənin inkişafı
ilə bağlı daha optimal proqramı var, xalqın
arasına gedir, seçicilərlə öz işini qura bilir,
seçkiarası dövrdə elektoral bazasını daha da
gücləndirir, vətəndaşları daha yaxşı
idarəçilik sistemi formalaşdıracağına və
ölkəni daha səmərəli idarə edəcəyinə
inandırmağa çalışır. Ola bilər
ki, dövlət müstəqilliyinin bərpasının ilk
illərində müəyyən siyasi partiyalar hələ
dünyagörüşü tam formalaşmamış bəzi
insanları populist vədlərlə aldatmağı, cəmiyyətə
qeyri-real, lakin cəlbedici vədlər verməklə
özünə tərəfdaş toplamağı
bacarırdı. Lakin indi XXl əsrdir,
insanlarda milli şüur, praqmatik təfəkkür, yetkin
dünyagörüşü formalaşıb. Əgər siz müxtəlif dövrlərdə
seçkilərin əsas hərəkətverici qüvvəsi
olan vətəndaşların, seçicilərin mövqeyini
müqayisə etsəniz, görərsiniz ki, artıq Azərbaycan
seçicisi kimə və nəyə görə səs verəcəyinin
fərqindədir. O, iddiaçıların hər birinin
nə etdiyini, nə etmək istədiyini və nə edə
biləcəyini anlayır, onların arasında tam
şüurlu bir seçim etməyi hədəfləyir.
Seçici
bu gün Azərbaycanın hansı zirvələrə
yüksəldiyini, tarix baxımından qısa bir dövr ərzində
ölkəmizin simasının, öz həyatının müqayisəolunmaz dərəcədə
dəyişdiyini aydın görür. Dünyanın
müxtəlif nöqtələrində, böyük
resursları, təbii sərvətləri olan bir sıra
ölkələrdə qarşıdurmalar, böhran, aclıq
və səfalətin hökm sürdüyü bir vaxtda Azərbaycan
dinamik inkişafını davam etdirir, qaynar dünyada sabitlik
adasını xatırladır. Bu tərəqqinin
müəllifi olan hazırkı hakimiyyət özünə
inamlı və soyuqqanlıdır, xalqın iradəsinə əsaslanan
siyasətini davam etdirmək əzmini nümayiş etdirir və
seçici iradəsini hədəfləyir. Digər tərəfdən, seçici aydın şəkildə
bugünkü siyasi kursun əleyhdarlarının da arqumentlərini
dəyərləndirir və şüurlu seçim edir.
Odur ki, hər şey xalqın bundan sonrakı
seçimindən asılı olacaq.
Bütün deyilənləri nəzərə alaraq
bildirmək istərdim ki, istər Azərbaycanın daxili
imkanları, istər beynəlxalq durumu, istərsə də
seçkidə iştirak edəcək qüvvələrin,
namizədlərin potensialı baxımından hazırkı
seçki reallığı tam fərqli bir şəraitdə
formalaşmışdır. Bu reallıq zəif, təzyiq və
təhdidlərə qarşı dözümsüz Azərbaycanın
deyil, güclü,
özünə güvənən, tam müstəqil siyasət
yürüdən, heç kimdən asılı olmayan,
dünya ölkələri arasında böyük nüfuz
sahibinə çevrilmiş Azərbaycanın
reallığıdır. Bu, inkişaf etmiş,
müasirləşmiş, əhalisinin rifahı yüksəlmiş,
demokratiya yolu ilə inamla irəliləyən Azərbaycanın
reallığıdır.
Əminliklə
demək olar ki, bu il seçki elektoratı
tam sabitdir, dayanıqlıdır və öz iradəsini tam
müəyyən etmiş durumdadır. Bu da
öz növbəsində təsadüfi nəticəni,
hansısa gözlənilməz yekunu tam istisna edir.
-
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun
seçkilərlə bağlı aralıq hesabatını
necə qiymətləndirirsiniz?
- Müstəqillik
illərində Azərbaycanda beynəlxalq standartlara uyğun
seçki qanunvericiliyi, müvafiq seçki institutları
yaradılmış və onların səmərəli fəaliyyəti
təmin edilib. Bu günə kimi
keçirilmiş prezident və parlament seçkilərində
əldə olunmuş təcrübə onu deməyə əsas
verir ki, artıq ölkəmizdə demokratik seçki sistemi və
ənənəsi formalaşıb. Kimin nə
deməsindən asılı olmayaraq, Azərbaycan vətəndaşlarının
rəyi, mövqeyi seçkilərin taleyini həll edən əsas
faktordur və hamı bu seçimə hörmətlə
yanaşmalıdır.
Builki prezident seçkisinə gəldikdə, hesab edirəm ki, bütün seçki mərhələləri-namizədlərin irəli sürülməsi, imzatoplama kampaniyası, namizədlərin qeydiyyatı Seçki Məcəlləsinin tələbləri çərçivəsində reallaşdırılıb. Bu günə kimi 22 nəfər namizədliyini irəli sürüb, onlardan yalnız birinə imza vərəqələrinin verilməsindən imtina edilib. 11 nəfər imzatoplama kampaniyasını lazımi şəkildə apara bilməyib. 21 nəfərdən 10 iddiaçının prezidentliyə namizədliyi qeydə alınıb. İmzatoplama kampaniyası dövründə hər hansı qanun pozuntusu müşahidə olunmayıb.
Məlum olduğu kimi, Milli Məclis seçkiləri müşahidə etmək üçün artıq 9 beynəlxalq təşkilata müraciət edib. Seçki prosesini 1000-ə yaxın uzunmüddətli və qısamüddətli xarici müşahidəçi və minlərlə yerli müşahidəçinin izləyəcəyi gözlənilir. Bundan əlavə, bütün namizədlərə İctimai Televiziyada və radioda ödənişsiz efir vaxtı, rəsmi qəzetlərdə isə ödənişsiz yer verilib. Namizədlər Mərkəzi Seçki Komissiyasına müraciət edərək qeydə alınmış KİV-lərdə ödənişli təbliğat aparmaq imkanından da yararlana bilərlər. Bakı şəhərində və bölgələrdə seçicilərlə görüşlərin keçirilməsi üçün müvafiq yerlər ayrılıb. Dairə və məntəqə seçki komissiyaları səsvermə prosesinə tam hazırdırlar. Məntəqələrdə səsverməni online izləmək üçün 1000 ədəd veb-kamera quraşdırılıb. Artıq Mərkəzi Seçki Komissiyası seçici siyahılarını dəqiqləşdirmiş və bu seçkidə 5 milyondan artıq vətəndaşın öz səsvermə hüququnu reallaşdırmaq imkanına malik olduğu müəyyən edilib.
Qeyd etmək istərdim ki, Azərbaycan mötəbər beynəlxalq təşkilatlar çərçivəsində öz fəaliyyətini qarşılıqlı etimad, obyektivlik, şəffaf və aktiv fəaliyyət meyarları üzərində qurur və daim həmin təşkilatların prinsiplərinə əməl edir, onların mövqeyinə hörmətlə yanaşır. Bununla yanaşı, təəssüflə qeyd etmək istərdim ki, bəzi hallarda beynəlxalq təşkilatların hesabatları və rəyləri tendensioz xarakter daşıyır və daha çox ikili standartlara söykənir. Konkret olaraq ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun son hesabatı belə bir təəssürat yaradır ki, sanki qurumun vəzifəsi seçki ərəfəsi real vəziyyəti obyektiv şəkildə qiymətləndirmək deyil, irad naminə irad bildirməkdən ibarətdir. Bu kontekstdə, istər proseslərin təqdimatı, istərsə də ifadələrin seçimində qəbul olunmaz qüsurlar mövcuddur. Məsələn, bəzi partiyaların adları çəkilməklə onların parlamentə "buraxılmadığı" iddia olunur. Parlament xalqın iradəsi və mövcud qanunvericilik çərçivəsində formalaşır. Əgər hər hansı partiyanın namizədləri seçkilərdə zəruri səs toplaya bilməyib parlamentə düşmək şansından məhrum olurlarsa, bunu onların "buraxılmaması" kimi şərh etmək qüsurlu yanaşmadır.
Digər tərəfdən, başqa ölkələrdə seçki prosesi ilə bağlı heç yada belə düşməyən məsələlərin yalnız Azərbaycanda qabardılması müəyyən suallar doğurur. Məsələn, Azərbaycanda qadınların prezidentliyə namizədliyinin irəli sürülməməsini "nöqsan" kimi təqdim etmək nə dərəcədə obyektiv yanaşmadır? Kim qadınların bu hüququnu əlindən alır? Belə bir qanun və ya inzibati məhdudiyyət mövcuddurmu? Qadınlar bütün hakimiyyət strukturlarında, seçkili orqanlarda təmsil olunurlar, cəmiyyət həyatında kifayət qədər yüksək fəallıqları ilə seçilirlər. Parlamentdə qadınların təmsilçilik faizi baxımından Azərbaycan bəzi Avropa ölkələrinə nümunə kimi göstərilə bilər. Qoy bu hesabatı tərtib edənlər desinlər ki, ATƏT-ə üzv olan ölkələrin neçəsində qadın dövlət başçısı olub? Ümumilikdə, ATƏT məkanında qadınların prezidentliyə namizədliyinin irəli sürülməsi nə vəziyyətdədir?
Həmçinin az qala müstəqillik tariximizi təftiş edib subyektiv mülahizələr əsasında uzaq gedən nəticələr çıxarmaq da sənədin obyektivliyini şübhə altına qoyur. Əvvəlki illərdə qəbul olunmuş qanunlar və ya qanunlara edilmiş əlavə və dəyişikliklərin, seçki prosesinə aidiyyəti olmayan digər məsələlərin seçki ilə əlaqələndirilməsi ATƏT DTHİB-in tətbiq etdiyi metodologiyanın yanlış olduğunu göstərir. Üstəlik, sənəddə ölkədə media, sərbəst toplaşmaq azadlığı və digər məsələlərlə bağlı əsassız iddiaların mövcudluğu onu deməyə əsas verir ki, bu hesabat reallığı əks etdirmir.
Düşünürəm ki, artıq ikili standartlar praktikasına son qoyulmalıdır. Hər halda, ortada Ermənistanda namizədlərin güllələndiyi, onların pozuntulara etiraz olaraq aclıq aksiyası keçirdiyi, seçici səslərinin kobud şəkildə saxtalaşdırıldığı seçkiyə ATƏT DTHİB-in verdiyi "pozitiv" qiymət nümunəsi var. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, növbəti hesabatlarda obyektivlik meyarına tam riayət olunması, qüsurlara yol verilməməsi missiyanın hesabatına ictimai etimadın yüksəlməsi baxımından faydalı olardı.
Əminəm
ki, prezident seçkisi ölkə qanunvericiliyi çərçivəsində,
Azərbaycanın beynəlxalq öhdəliklərinə uyğun
keçiriləcək və həm yerli, həm də xarici
müşahidəçilərin obyektiv və yüksək
qiymətini alacaq.
Azərbaycan.-2013.-
19 sentyabr.- S.7.