Görkəmli şərqşünas-alim

 

Azərbaycan elminin çoxəsrlik inkişafı tarixində XX əsrin xüsusi yeri var. Məhz bu zaman ölkəmizdə elmin müxtəlif sahələrinin sistemli inkişafı və çiçəklənməsi başlanır. Digər elm sahələri ilə yanaşı, ictimaihumanitar elmlər də sürətlə inkişaf edir, milli və ümumbəşər elminə dəyərli töhfələr verir. Bu sırada Azərbaycan şərqşünaslıq elmi xüsusi qeyd olunmalıdır. Məhz həmin dövrdə şərqşünaslıq elminin ən müxtəlif sahələri üzrə dəyərli tədqiqatlar aparılmış, qüdrətli elmi potensial yaranmış, yüksək ixtisaslı milli şərqşünas kadrlar yetişmişdir. Hər əsəri elmdə yeni söz, yeni tapıntı olan istedadlı alimlər, işıqlı şəxsiyyətlər yaşayıb-yaratmışlar. Görkəmli şərqşünas, Azərbaycanda ərəbşünaslıq üzrə ilk qadın filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyeva belə alimlərdəndir. Dərin nəzəri bilikləri, analitik təfəkkürü, geniş erudisiyası, bir neçə Şərq və Qərb dillərini bilməsi sayəsində apardığı tədqiqatlar və yazdığı əsərlər qısa müddət ərzində ona nəinki keçmiş Sovet İttifaqında, hətta bir çox xarici ölkələrdə də geniş şöhrət gətirmişdir.

Aida Nəsir qızı İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1957-ci ildə Bakıdakı 132 saylı orta məktəbi qızıl medalla bitirmişdir. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb filologiyası bölməsinə daxil olmuşdur. 1962-ci ildə ali təhsilini bitirəndən sonra həmin universitetin Yaxın Şərq xalqları ədəbiyyatı tarixi kafedrasının aspirantı olmuş, daha sonra keçmiş SSRİ Elmlər Akademiyasının Asiya Xalqları İnstitutunun aspiranturasında təhsil almışdır. 1966-cı ildə namizədlik dissertasiyası müdafiə edən Aida İmanquliyeva Azərbaycan EA Şərqşünaslıq İnstitutunda işə başlamışdır.

Aida xanım elmin bütün enişli-yoxuşlu yollarını pillə-pillə keçmiş, öz zəhməti, istedadı, zəkası, qabiliyyəti sayəsində kiçik elmi işçidən baş elmi işçi, şöbə müdiri, elmi işlər üzrə direktor müavini və nəhayət, Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsinədək yüksəlmişdir. 1989-cu ildə o, Tbilisi şəhərində müvəffəqiyyətlə doktorluq dissertasiyası müdafiə etmiş, filologiya elmləri doktoru elmi dərəcəsi və tezliklə bu ixtisas üzrə professor adı almışdır.

Üç monoqrafiyanın ("Mixail Nüaymə" və "Qələmlər birliyi", 1975; "Cübran Xəlil Cübran", 1975; "Yeni ərəb ədəbiyyatı korifeyləri", 1991), 70-dən artıq elmi məqalənin və bir çox ərəbcədən tərcümələrin müəllifi olan Aida xanım Şərq filologiyası sahəsində yazılmış onlarla elmi əsərin redaktoru olmuşdur. Azərbaycan EA Şərqşünaslıq İnstitutunda fəaliyyət göstərən "AsiyaAfrika xarici ölkələri xalqları ədəbiyyatları" ixtisası üzrə müdafiə şurasına rəhbərlik etmişdir.

Professor Aida İmanquliyeva Azərbaycan şərqşünaslıq elmini dəfələrlə yaxın və uzaq xarici ölkələrdə (Moskva, Kiyev, Poltava, Sankt-Peterburq, Hamburq, Halles.) təmsil etmişdir.

Görkəmli alim elmi-təşkilati fəaliyyətində yüksək ixtisaslı ərəbşünas kadrların hazırlanmasını daim diqqət mərkəzində saxlamışdır. Onun rəhbərlik etdiyi ərəb filologiyası şöbəsində qısa müddətdə 10-dan artıq namizədlik dissertasiyası müdafiə edilmişdir.

Aida İmanquliyeva Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin, Şərq ədəbiyyatlarının tədqiqi üzrə Ümumittifaq Koordinasiya Şurasının və Azərbaycan Yazıçılar Birliyinin üzvü idi. O, uzun illər səmərəli pedaqoji fəaliyyətlə də məşğul olmuş, Azərbaycan Dövlət Universitetində ərəb ədəbiyyatı fənnindən mühazirələr oxumuşdur.

Qloballaşan dünyamızda hər şey durmadan dəyişir, xalqlar və ölkələr yaxınlaşır, insanlar və talelər birləşir. Bütün bunlar bir daha "Şərq Şərqdir, Qərb isə Qərb, onlar heç vaxt uyğunlaşmayacaqlar" deyənlərin yanıldığını göstərir.

Şərq və Qərb ədəbiyyatlarının qarşılıqlı əlaqə və təsirinin tarixi qədim dövrlərə gedib çıxır. Miladdan əvvəl ikinci minillikdə Şərq mədəniyyətinin yunan mədəniyyətinə təsiri inkaredilməzdir. Müxtəlif xalqların qədim eposlarında genetik əlaqələr və tipoloji paralellər aşkar görünür. Bunu "Gilqameş"in, "Mahabharata"nın, "Ramayana"nın, "İliada"nın, "Odisseya"nın və digər eposların müqayisəli təhlili əyani şəkildə nümayiş etdirir.

Ellinizm dövründə isə yunan mədəniyyətinin Şərq mədəniyyətlərinə təsiri danılmazdır. Orta əsrlərdə mədəni təsirin istiqaməti yenə də Şərqdən Qərbə yönəldi. Barbarların hücumları nəticəsində yunan-rum sivilizasiyası süquta uğradıqdan sonra məhz ərəb-İran mədəniyyəti antikAvropa Renessans mədəniyyəti arasında vasitəçi oldu.

Orta əsrlər hind, Şərqi Asiya, Ön Asiya, Bizans və Qərbi Avropa mədəniyyətlərinin təmas xəttində sərhəd ədəbiyyatı adlanan mədəniyyətlər yarandı. Bunlardan ən maraqlısı, mütəxəssislərin rəyinə görə, ərəb və ispan ədəbiyyatlarının qarşılıqlı əlaqə və təsiri nəticəsində yaranmış Əndəlus ədəbiyyatı hesab olunur.

XIX əsrin 20-ci illərində antik, ingilis, fransız, ispan, fars, hind, Çin ədəbiyyatlarının ən parlaq nümunələri ilə tanış olan Höte ümumdünya ədəbiyyatı konsepsiyasını irəli sürdü. Lakin o zaman bu konsepsiya avropameyilli olmağa məhkum idi, çünki Şərq ədəbiyyatları özünütəcriddən hələ xilas ola bilməmişdi. Yalnız bir qədər sonra, əsasən, XIX əsrin ikinci yarısından etibarən ərəb ölkələri Avropanın mədəni təsirinə fəal reaksiya verməyə başladılar. Bu ölkələrdə siyasiiqtisadi vəziyyətin pisləşməsi, müstəmləkə asılılığı, milli özünəməxsusluğun və bədii ənənələrin itirilməsi təhlükəsi mədəni həyatda daha şüurlu mübadiləyə, bəzən isə Qərb təsirinin fəal mənimsənilməsinə yol açdı.

Bu təmayülün fəal təmsilçiləri milli dəyərləri, ilk növbədə mədəniyyəti zənginləşdirmək arzusu ilə yaşayan yerli vətənpərvər ziyalılar oldu. Yeni yaranan ədəbiyyat ənənəvi etikestetik funksiyalarından uzaqlaşdı, ictimai mövzulara üz tutdu. Ənənənin, demək olar ki, bütün sistem - struktur mahiyyəti dəyişdi. Məhz belə bir zamanda ərəb ədəbiyyatında "Suriya-Amerika məktəbi" adlanan ədəbi cərəyan yarandı ki, o çox-çox sonralar, 1970-ci illərin əvvəllərində təzəcə elmə qədəm qoymuş gənc alim Aida İmanquliyevanın diqqətini özünə çəkdi. Elə həmin illərdən Aida xanım, demək olar ki, bu mövzunun vurğunu oldu, onun yorulmaz tədqiqatçısına çevrildi.

Professor Aida İmanquliyeva Azərbaycanda Şərq-Qərb qarşılıqlı ədəbi əlaqə və təsirini sistemli şəkildə araşdıran ilk alimdir. O, Şərq və Qərb mədəniyyətlərinin qarşılıqlı təsir və əlaqələrini öyrənərkən hər iki ədəbiyyatın ümumbəşəri dəyərlərini əsas götürür, mədəni tərəqqini şərtləndirən amillərə istinad edirdi. Alimin tədqiqatları nəticəsində mütləq bir həqiqət müəyyənləşmişdir: Şərqin bir çox ölkələrinin müasir inkişafı bir həqiqəti ortaya qoyur - Qərbin mədəni dəyərləri o zaman yerli zəmində kök salaonu zənginləşdirə bilər ki, onlar Şərq ənənəsinə və milli xarakterə uyğun formalarda əxz edilsinlər. Aida xanımın çoxsaylı elmi əsərlərində Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii üslubun təşəkkül tapması tədqiq  olunur ki, bu da nəinki ərəb ədəbiyyatının, həmçinin bütün yeni Şərq ədəbiyyatlarının həmin aspektdə tədqiqi üçün çox mühüm zəmin yaradır.

Bir vaxtlar Qərb və Şərq mədəniyyətlərinin qarşılıqlı əlaqə və təsirinin tədqiqi hakim ideologiyanın tələblərinə uyğun olaraq ciddi təhriflərə məruz qalırdı. Şükürlər olsun ki, o mərhələ artıq arxada qalıb, ön plana isə qarşıdurma yox, multikulturalizm, sivilizasiyaların dialoquortaq mədəni-mənəvi dəyərlər çəkilib. Lakin elə o dövrdə yetişən və alim kimi formalaşan nadir istedad sahibləri var idi ki, zamanı qabaqlayaraq problemə ideoloji aspektdən fərqli olaraq universal modellər, ümumbəşəri dəyərlər müstəvisində yanaşırdılar. Aida İmanquliyeva məhz belə alim-tədqiqatçılardan idi.

Bir alim kimi Aida xanımın maraq dairəsi geniş və çoxşaxəli idi. Amma onun çoxsaylı elmi araşdırmalarının əsas tədqiqat obyekti ərəb məhcər (mühacirət) ədəbiyyatı idi.

XIX əsrin axırlarında bir çox ərəb ölkələrinin, o cümlədən Livanın ictimai-siyasi-iqtisadi həyatındakı problemlər insanları vətəni tərk edib Qərbə, ilk növbədə ABŞ-a köçməyə məcbur etdi. Livanın yaradıcı ziyalılarının ABŞ-a, xüsusilə də Nyu-York şəhərinə mühacirəti ilə ərəb məhcər ədəbiyyatının təşəkkülü başladı, bu da nəticə etibarilə yeni ərəb ədəbiyyatının formalaşmasında əhəmiyyətli rol oynayan "Suriya-Amerika məktəbi"nə çevrildi. Ərəb ədəbiyyatını fəal şəkildə əcnəbi ədəbiyyatların təcrübəsinə qoşmaq yolu ilə onu yeniləşdirmək vəzifəsi "Suriya-Amerika məktəbi"nin aparıcı nümayəndələrinin üzərinə düşdü.

Aida xanımın gərgin araşdırmaları sayəsində aşağıdakı nəticələr əldə edilmişdir: ərəb məhcər ədəbiyyatına mənsub yazıçıların yaradıcılığının əhəmiyyəti ondadır ki, onlar AvropaAmerika ədəbiyyatının etik və bədii dəyərlərini yenilik ruhunda əxz etmiş, yeni formada ifadə etmiş, onların nailiyyətini ən yaxşı milli ənənələrlə sintezdə təcəssüm etdirmişlər. "Suriya-Amerika məktəbi"nin istedadlı nümayəndələri əcnəbi ədəbiyyatların məhz ərəb ölkələrinin ən mühüm ictimai inkişaf tələblərinə cavab verən nailiyyətlərini mənimsəmişlər. Bu yazıçıların fəaliyyəti sayəsində XX əsrin əvvəllərində ərəb ədəbiyyatı regional birliklər çərçivəsində qapanıb qalmaq ənənəsini dəf edə və fəal şəkildə dünya ədəbi prosesinə qoşula bilmişdir. "Suriya-Amerika məktəbi" yazıçılarının yaradıcılığı qeyri-adi vəziyyətin nümunəsi oldu - onun əlaqə dairəsinə eyni vaxtda üç ənənə: "göl məktəbi", Amerika transsendentalizmirus ədəbiyyatının tənqidi realizmi daxil oldu. Bunları təhlil edən tədqiqatçı yazır: "Ədəbi faktların təsviri, müqayisəli təhlili və öyrənilməsi yeni ərəb ədəbiyyatının formalaşmasına dair təsəvvürləri nəinki genişləndirdi, həm də Şərqin yeni ədəbiyyatının tarixi inkişafının mürəkkəb və ziddiyyətli formalarının tipoloji baxımdan həqiqi mənzərəsini canlandırdı. "Suriya-Amerika məktəbi"nin adı çəkilən üç cərəyanla təmasının nəticəsi burada müəyyən bədii metodların formalaşması oldu: "göl məktəbi" və transsendentalizm Cübran və ər-Reyhaninin yaradıcılığında romantik metodun təşəkkül tapmasına səbəb oldusa, rus ədəbiyyatı ilə əlaqə və ünsiyyət isə realist Nüayməni formalaşdırdı".

Tədqiqatçı məhcər ədəbiyyatının yaradıcılarının ədəbi-bədii üslubunun bütün incəliklərini tədqiqat obyektinə çevirir: "Mühacir yazıçılar yeni ədəbi üslubun yaradıcıları idilər. Onlar mümkün olan qədər bu üslubu arxaizmlərdən, ağır sintaktik quruluşlardan, müxtəlif növ süni bəzək yığınından azad etmişlər. Bununla bərabər, onlar ərəb klassik ədəbiyyatının ənənə və dəyərlərinə qayğılı münasibət nümayiş etdirmişlər".

Alim ərəb məhcər ədəbiyyatının ən müxtəlif bədii üsluba malik nümayəndələrinin yaradıcılığını araşdırdı; Nüaymə yaradıcılığında rus ədəbiyyatının təsiri ilə formalaşan tənqidi realizmi öyrəndi, Cübran yaradıcılığında ingilis poeziyasının təsiri ilə romantizm üslubunun inkişaf prosesini izlədi, Amerika transsendentalistlərinin Əmin ər-Reyhani və digərlərinin yaradıcılığında oynadığı rolu müəyyənləşdirdi. Bu zaman o, yazıçıların əsərlərini təhlil edir, onların yaradıcılıq metodunu, dünyagörüşünü, nəsr və poeziya dillərinin təkamülünü, lirizmi, müxtəlif qəhrəman obrazlarının xüsusiyyətlərini tədqiq edir, dünya ərəbşünaslığında ilk dəfə olaraq ərəb-Amerika, Qərbi Avroparus ədəbi əlaqələrinin məğzi və əhəmiyyətini tam aşkar edir, ərəb məhcər ədəbiyyatının görkəmli nümayəndələrinin bədii üslubunun formalaşmasında Qərb və rus ədəbiyyatlarından mənimsəmə prosesionun nəticələrini müəyyənləşdirir.

Alimin gəldiyi qənaətə görə, ədəbi inkişaf prosesinin gedişində maarifçi didaktizm, sentimentalizm cizgiləri qeyd olunan ərəb yazıçıları tərəfindən aradan qaldırılmış, romantizmin və tənqidi realizmin poetikası mənimsənilmişdir. Beləcə onlar içərisində olduqları tarixi gerçəkliyi əks etdirmək üçün çox zəruri olan yeni ideya və formaları özündə daşıyan Qərb mədəniyyəti və ədəbiyyatının nailiyyətlərindən yaradıcı şəkildə faydalanmışlar. Bu yazıçıların hər biri öz yaradıcılıq metoduna xas olan etik və bədii dəyərlər ehtiyatını işə salaraq onu özünəməxsus şəkildə bədii təcrübədən keçirmişdir.

Cübran və ər-Reyhani Qərb romantizminə müraciət etmişlər. Lakin ərəb romantik şairlərindən fərqli olaraq, bu yazıçılar yalnız onun zahiri xüsusiyyətlərini mexaniki şəkildə qəbul etməmiş, romantizmi yaradıcı metod kimi, yəni onlara ərəb gerçəkliyinə öz münasibətlərini ifadə etmək imkanı verən yeni nəzər nöqtəsi kimi mənimsəmişlər. Onlar ilk olaraq maarifçiliyin artıq daralmış çərçivəsini qıraraq romantizm cəbhəsinə keçmişlər. Cübran və ər-Reyhaninin yaradıcılığında romantik istiqamət nəinki mənimsənilmiş, həm də zənginləşmiş və mürəkkəbləşmişdir. Bu, bir tərəfdən, ərəb ədəbiyyatının xüsusi ənənələri ilə Qərb romantizmi təcrübəsinin mürəkkəb sintezi nəticəsində, digər tərəfdən isə, hər iki sənətkarın fərdi istedadı sayəsində baş vermişdir. Beləcə onlar ümumbəşəri problemlərin qoyuluşu səviyyəsinə yüksəlmiş və dünya ədəbi prosesinin nəinki bərabərhüquqlu iştirakçısı olmaq, həm də yeni bədii dəyərlərin dünya ədəbiyyatına ötürücüsü kimi çıxış etmək imkanı qazanmışlar.

Aida İmanquliyeva araşdırmalarının yekunu olaraq belə bir müddəa irəli sürür ki, ərəb ədəbiyyatı xarici ədəbiyyatların nailiyyətlərindən faydalanmaqda ilk növbədə məhcər ədəbiyyatının nümayəndələrinə borcludur. Məhcər yazıçıları Qərb ədəbiyyatının pozitiv təsiri orbitində olaraq onun ən yaxşı nailiyyətlərini mənimsəmiş və özlərinə məxsus şəkildə inkişaf etdirmişlər. Öz əsərlərində milli ruhukoloriti qoruyub saxlaya bilən yazıçılar yeni ərəb ədəbiyyatının inkişafında əvəzsiz rol oynamışlar. Məhz bu yazıçıların yaradıcılığı sayəsində XX əsr ərəb ədəbiyyatının mövzu dairəsi genişlənmiş, janr quruluşu daha da rəngarəng olmuş, bədii ifadənin yeni formaları yaranmış və ərəb ədəbiyyatı ümumbəşər mədəniyyətinin ayrılmaz hissəsinə çevrilmişdir.

Bütün bunlarla yanaşı, Aida İmanquliyeva tədqiqatlarında mövzu ilə əlaqəli ümumbəşər elmi-ədəbi və fəlsəfi fikrində mövcud olan müxtəlif ideya axınlarını, onların xüsusiyyətlərini, tətbiq sahələrini öyrənmiş və nəzəri təhlillər aparmışdır.

Aida xanımla 15 il birgə çalışan insan kimi bir məsələni də xüsusi vurğulamaq istəyirəm. Ulu tanrı Aida xanımı yaradarkən çox səxavətli olmuş, ona şəxsi və intellektual keyfiyyətlərlə yanaşı, qibtəedici zahiri gözəllik də bəxş etmişdi. Onun gözəlliyini vəsf etmək üçün bəlkə də Füzuli qələmi, Ələsgər sözü gərəkdir. Aida xanımın həyatdan erkən getməsi onun həmkarlarını və tələbələrini hədsiz dərəcədə kədərləndirdi və sarsıtdı.

Bu gün görkəmli şərqşünas-alim, bacarıqlı elm təşkilatçısı, mahir pedaqoq, filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyevanın xatirə günüdür. Çox təəssüf ki, onun ömür yolu qısa oldu. Amma onsuz ötən illər bir həqiqəti də ortaya qoydu: Aida xanım bizdən yalnız cismən ayrılıb. Adı dillərdən düşmür, xatirəsi ürəklərdən silinmir. Əsərləri dönə-dönə oxunur, təhlil və tədqiq edilir, tərcümə olunur, yenidən işıq üzü görür. Elmi irsi araşdırılır və təbliğ olunur. Nə qədər ki onun alim qələmi ilə uğrunda mübarizə apardığı ideyaamallar aktuallığını itirməyib, nə qədər ki Şərq-Qərb münasibətlərində tam harmoniya bərqərar olmayıb, insanlar daim Aida İmanquliyevanın əsərlərinə müraciət edəcək, gələcək nəsillər onu həmişə minnətdarlıqla xatırlayacaqlar.

 

 

 

Gövhər BAXŞƏLİYEVA,

Milli Məclisin deputatı, AMEA-nın Akademik

 Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun

 direktoru, filologiya elmləri doktoru, professor

Azərbaycan.-2013.- 19 sentyabr.- S.9.