ATƏT-in missiyasının hesabatı məkrli qüvvələrin maraqlarına xidmət edir

 

19 gündən sonra ölkəmizdə keçiriləcək prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası davam edir. Bütün namizədlərə bu kampaniyada fəal iştirak etmək üçün hər cür şərait yaradılıb. Seçkiöncəsi yaradılmış bu normal mühit demokratik və ədalətli seçkilərin keçirilməsinə tam təminat verir. Bunu ölkəmizə müşahidəçi missiyası göndərən beynəlxalq təşkilatlar da təsdiq edirlər.

Ancaq buna baxmayaraq, Azərbaycanda keçirilən bütün seçkilərin nəticələrinə qərəzlə yanaşan, ölkəmizdə insan haqlarının pozulduğunu iddia edən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu yenə də köhnə taktikasını "işə salıb". Adıçəkilən qurumun Ehtiyacların Qiymətləndirilməsi üzrə Missiyası ölkəmizdə seçkiöncəsi vəziyyətlə bağlı qərəzli hesabat hazırlayıb. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun belə "hesabatları" həmişə Azərbaycana səfərdən öncə hazır olur. Ona görə də belə qərəzli hesabatla Azərbaycan cəmiyyəti heç vaxt razılaşmır. 

Məsələyə münasibət bildirən Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz QURBANLI qeyd edib ki, adıçəkilən təşkilatın Azərbacana qarşı qərəzli mövqedə olduğu hər kəsə bəllidir. Çünki bu qurumun hər hansı bir missiyası Azərbaycanla bağlı hazırladığı hesabatda mövcud reallıqları əks etdirməyib. Son hesabat isə tamamilə qərəzlidir. Çünki Azərbaycan hökuməti ölkədə şəffaf və ədalətli seçkilərin keçirilməsi üçün bütün lazımi tədbirləri həyata keçirir. Hər bir prezidentliyə namizədə təbliğat-təşviqat mərhələsində bərabər imkanlar yaradılıb. Mərkəzi Seçki Komissiyası seçicilərin fəallığının artırılması məqsədilə bütün zəruri işləri görüb. Bir çox beynəlxalq təşkilatların müşahidə missiyası Bakıda və bölgələrdə seçki məntəqələrindəki vəziyyətlə tanış olub öz müsbət fikirlərini söyləyiblər. Ancaq ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu nədənsə yenə də narazıdır. Deputat hesab edir ki, Azərbaycana qarşı daim qərəzli mövqedə olan bir təşkilatın ölkəmizə göndərdiyi missiyasının hazırladığı hesabat əvvəlcədən hazırlanıb. Çünki bu qurum həmişə Azərbaycanda insan hüquqlarının pozulduğunu, azad seçkilərin keçirilmədiyini iddia edib və sonda bu iddiaların yalnış olduğu sübuta yetirilib. Onun sözlərinə görə, bu təşkilatın ölkəmizə qarşı ikili standartlarla yanaşması hansısa qüvvələrin maraq dairəsindədir. Eyni zamanda, bu hesabat antiazərbaycançı şəbəkənin inkişaf etməkdə olan və Cənubi Qafqazın lider ölkəsi sayılan Azərbaycana qarşı həyata keçirdiyi məkrli planın tərkib hissəsidir.

Mübariz Qurbanlı bildirib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun hazırladığı qərəzli hesabata Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin hazırladığı "Azərbaycan Respublikası: müsbət idarəçilik modeli" sərlövhəli təhlili yazı tutarlı cavab olub. Həmin yazı adıçəkilən hesabatda əksini tapmış fikirlərin qərəzliliyini sübut edib.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın MİRZƏZADƏ də hesab edir ki, bu hesabat hansısa qüvvələrin maraqlarına xidmət edir. Çünki həmin sənəddə Azərbaycan reallıqları olduğu kimi yox, tam təhrif olunmuş formada əksini tapıb. Deputatın fikrincə, bir çox beynəlxalq təşkilatlar Azərbaycanda mövcud olan seçki prosesinə və demokratik inkişafa yüksək qiymət verdikləri halda, tanınmış reytinq agentlikləri hazırladıqları hesabatlarda Azərbaycanı nümunə göstərdikləri təqdirdə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Ehtiyacların Qiymətləndirilməsi üzrə Missiyasının hazırladığı sənəd şübhə doğurmaya bilməz: "Bu təşkilatın Azərbaycanla bağlı qərəzli yanaşmalarının bir neçə dəfə şahidi olmuşuq. Ancaq onu demək olar ki, prezident seçkiləri ilə bağlı son dövrlərdə digər təşkilatlar tərəfindən verilən dəyərlərin əksəriyyəti müsbət xarakter daşıyır. Hətta əvvəl mənfi rəy söyləyən qurumlar belə sonradan fikirlərini dəyişib. Çünki Azərbaycana səfər edən müşahidə missiyası reallıqları açıq şəkildə görürlər. İstənilən halda Azərbaycanda seçkilərin demokratik keçirilməsi hər kəsdən çox elə ölkəmiz üçün maraqlıdır".

Deputat qeyd edib ki, Azərbaycan öz inkişafı ilə bu gün regionun stabilləşdirici faktorlarından birinə çevrilib. Bundan sonra da Azərbaycanda gedən proseslərlə bağlı obyektiv qiymət verən təşkilatların sayının artdığının şahidi olacağıq.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz QƏNİZADƏ isə qeyd edib ki, hər dəfə hazırladığı hesabatda Azərbaycana qarşı ayrı-seçkilik edən bir qurumun son hesabatı da eyni məzmunda olmalı idi. Çünki bu  təşkilat daim Azərbaycana qarşı ikili standartlarla yanaşıb və sanki kimlərinsə maraqlarına xidmət edir: "Bu təşkilat başqa ölkələrdə seçki prosesi zamanı baş verən böyük nöqsanlara, xətalara göz yumur. Məsələn, Ermənistanda prezidentliyə namizəd güllələnir, aclıq aksiyası keçirir, amma ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu susur. Azərbaycanda isə seçkiöncəsi hər hansısa bir qanun pozuntusu və digər şübhəli məqam olarsa, müxalifət dünyaya car çəkər ki, bu, seçkiləri saxtalaşdırmağa bir cəhddir. Azərbaycanda bu gün yaradılan şərait onu deməyə əsas verir ki, ölkədə tam ədalətli seçkilər keçiriləcək. Bir hüquq müdafiəçisi olaraq digər həmkarlarımla, Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupu ilə monitorinqlər keçiririk. İndiyə kimi bir dənə şikayət daxil olmadığı halda, hansı əsasla bu qurum deyir ki, seçkiöncəsi neqativ hallar var? Bütün namizədlər bu gün təbliğat kampaniyası aparır və heç kimə qarşı ayrı-seçkiliyə yol verilmir".

Deputat onu da bildirib ki, qərəzli hesabatda Azərbaycanda qadınların prezidentliyə namizədliyinin irəli sürülməməsi "nöqsan" kimi təqdim edilib. Bunu isə ancaq Azərbaycandan xəbəri olmayan bir qurum söyləyə bilər. Çünki ölkəmizdə qadınlar parlament, bələdiyyə seçkilərində fəal iştirak edirlər. Qadınlar bütün hakimiyyət strukturlarında, seçkili orqanlarda təmsil olunurlar.

Bütün bu söylənilən fikirlər onu deməyə əsas verir ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Ehtiyacların Qiymətləndirilməsi üzrə Missiyasının hazırladığı hesabat məkrli qüvvələrin maraqlarına xidmət edir və qərəz, yalan, böhtan dolu bu "sənəd" Azərbaycanın beynəlxalq aləmdə qazanığı nüfuzuna heç bir xələl gətirə bilməz.

 

 

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2013.- 20 sentyabr.- S.4.