Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko OANA-nın XV Baş Assambleyası çərçivəsində keçirilən görüşdə AzərTAc-ın baş direktorunun sualını cavablandırmışdır

 

AsiyaSakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) XV Baş Assambleyası çərçivəsində Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko OANA-nın üzvü olan xəbər agentliklərinin rəhbərləri və qurumun büro üzvləri ilə görüşmüşdür.

V.Matviyenko bildirmişdir ki, informasiya agentlikləri dünyada siyasi durumun formalaşmasında, mühüm dövlət qərarlarının qəbul edilməsində əhəmiyyətli rol oynayırlar. Onun fikrincə, kommunikasiyaların inkişafı KİV-lərin texniki imkanlarını genişləndirsə də, operativlik, dəqiqlik və obyektivlik, siyasi, ictimai və mənəvi məsuliyyət kimi meyarlar heç zaman qüvvədən düşmür. Məhz yüksək ixtisaslı kadrlara və zəngin təcrübəyə malik xəbər agentlikləri dəqiq informasiyaya olan tələbatı təmin edə bilirlər. Sonra Rusiya Federasiya Şurasının sədri görüş iştirakçılarının suallarını cavablandırmışdır.

AzərTAc-ın baş direktoru Aslan Aslanov V.Matviyenkoya sualla müraciət edərək demişdir: "Siz uğurlu rəhbər qadınlardan birisiniz. DünyadaRusiyada qadınların siyasətə və ya dövlət idarəçiliyinə cəlb edilməsi sahəsində vəziyyəti necə qiymətləndirirsiniz?".

Valentina Matviyenko cavabında bildirmişdir ki, Rusiyada qadınların hüquqları Konstitusiya və qanunvericiliklə qorunur. O demişdir: "Ölkəmizdə siyasətdə, biznesdə, iqtisadi sahədə çoxlu sayda maraqlı və parlaq qadınların irəli çəkilməsinə şərait yaradılmışdır. Lakin hələlik onları daha yüksək səviyyəli mövqelərə, qərarların qəbul edilməsi proseslərinə yaxın buraxmırlar. Doğrudur, qadınların özlərindən, həmrəyliyindən də çox şey asılıdır".

Rusiya Federasiya Şurasının sədri görüşdə iştirak edən digər xəbər agentliklərinin, o cümlədən Sinxua, KYODO, AAP agentliklərinin nümayəndələrinin suallarına cavab vermişdir.

 

 

Fəridə ABDULLAYEVA,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

Azərbaycan.-2013.-  20 sentyabr.- S.11.