«Yarat» Müasir İncəsənət Məkanının və «Taghiyev Group» şirkətinin

 birgə təşkilatçılığı ilə Gəncədə «ArtGanja» festivalı açılmışdır

 

"Yarat" Müasir İncəsənət Məkanı və "Taghiyev Group" şirkətinin birgə təşkilatçılığı ilə Gəncədə "ArtGanja" festivalı açılmışdır.

Bu qədim şəhərə və ümumiyyətlə Azərbaycana xas olan bədii və mədəni ənənələrin populyarlaşdırılması məqsədilə təşkil olunmuş festivalın birinci günündə Gəncə rəssamlarının yaratdıqları əsərlər, eləcə də bədii fotoşəkillər nümayiş etdirilmişdir. İştirakçılar istedadlı rəssamların əsərləri ilə yanaşı, tanınmış fotoqraf, Azərbaycan Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğlu tərəfindən Gəncədə keçirilən bir həftəlik məşğələlər zamanı çəkilmiş fotoşəkillərdən seçmələrə maraqla tamaşa etmişlər. Fotoşəkillərdə əsasən Gəncənin tarixibugünkü inkişafı öz əksini tapmışdır.

Festivalın ikinci günü uşaqlar üçün nəzərdə tutulmuş məşğələlərlə davam etdiriləcəkdir. Məşğələlər zamanı balacalar peşəkar rəssamların rəhbərliyi altında öz fərdi instalyasiyalarını qurmaq imkanı əldə edəcəklər.

Dörd gün davam edəcək festivalın proqramına həmçinin müasir poeziya axşamlarının təşkili də daxildir. Bu tədbirdə 5 müasir Azərbaycan şairinin əsərlərinin şəhərin gənc və peşəkar aktyorlarının ifasında səsləndirilməsi nəzərdə tutulmuşdur.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.-  21 sentyabr.- S.8.