Gənclər və idman naziri Sumqayıtda vətəndaşları qəbul etmişdir

 

Sentyabrın 21-də gənclər və idman naziri Azad Rəhimov Sumqayıtda bu şəhərdən, Şamaxı, Abşeron, Xızı və Qobustan rayonlarından olan vətəndaşları qəbul etmişdir.

Sumqayıtdakı 1 nömrəli uşaq-gənclər idman məktəbinin binasında təşkil edilmiş qəbula gələnlər əsasən ipoteka krediti, idman sahəsində fəxri ad almaq, rayonlarda qənclər mərkəzinin tikintisi, idman arenalarının təmiri, idman bölmələrinin açılması, zalların və meydançaların inşası, mövcud olanların bərpası, avadanlıqla təchizat, gənclərlə sahəsində QHT-lərin  yaradılmasına dəstək verilməsi, sahibkarlıq fəaliyyəti üçün güzəştli kredit almaq, işə düzəlmə, müalicə, təhsil haqqının ödənilməsi  s. məsələlərlə bağlı müraciət etmişlər.

Vətəndaşların Gənclər və İdman Nazirliyinə aid olan müraciətlərindən bəziləri qəbul zamanı elə yerindəcə həllini tapmışdır. Nazir digər məsələlərin araşdırılaraq qanunauyğun surətdə müsbət həlli üçün müvafiq tapşırıqlar vermişdir.

Sonda nazir Azad Rəhimov Sumqayıt şəhərinin, Şamaxı, Abşeron, Xızı və Qobustan rayonlarının gənclər və idman idarələrinin rəisləri ilə görüşmüşdür. Görüşdə idarə rəislərinə qəbulun yekunları ilə bağlı müvafiq tapşırıqlar verilmişdir.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 22 sentyabr.- S.2.