«Heydər Əliyev adına» fotoalbomunun təqdimatı olmuşdur
Sentyabrın 23-də Bakıda keçirilən III Beynəlxalq kitab sərgi-yarmarkası çərçivəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Heydər Əliyev adına" fotoalbomu respublikamızın görkəmli elm və mədəniyyət xadimlərinə, ictimaiyyət nümayəndələrinə təqdim edilmişdir.
AzərTAc xəbər verir ki, təqdimat mərasimində Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı fotoalbomun Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunduğu diqqətə çatdırılmışdır. Məlumat verilmişdir ki, "Renessans" nəşrlər evində çap olunmuş toplunun rəhbəri və "Ön söz"ün müəllifi mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, məsləhətçisi nazirin birinci müavini Vaqif Əliyev, mətn müəllifləri isə Vaqif Bəhmənli və Ələddin Əsədzadədir.
"Heydər
Əliyev adına" fotoalbomu ümummilli lider Heydər
Əliyevin sevimli nəvəsi Leyla xanım Əliyevanın
babasına həsr etdiyi şeirlə açılır. Həmçinin
topluda Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin 90 illik yubileyi
haqqında Azərbaycan Respublikası Prezidentinin
sərəncamının yer alması da kitaba xüsusi
əhəmiyyət verir.
Qeyd
olunmuşdur ki, kitabda özül daşları ümummilli
lider Heydər Əliyevin əli ilə düzülən, onun
arzuları və istəkləri timsalında bəhər verən
doğma ünvanlardan, ulu öndərin adını
daşıyan küçə, yol, prospektlər, mədəniyyət
ocaqları, limanlar, bağlar və parklar haqqında
danışılır.
Tədbirdə
çıxış edən nazir Əbülfəs Qarayev
ensiklopedik təfəkkürlü, dərin erudisiyalı
müdrik şəxsiyyət olan Heydər Əliyevin milli mənəvi
və əxlaqi dəyərlərimizin ümumbəşəri
ideyalarla zənginləşdirilməsində xüsusi xidmətlərindən
danışmışdır. Qeyd etmişdir ki, Azərbaycan mədəniyyətinin
yarım əsrdən artıq inkişaf yolu bilavasitə onun
adı və şəxsiyyəti ilə bağlıdır. Nazir ulu öndərin xalqımızın qəhrəmanlıqlarla
dolu tarixinə, zəngin mənəvi dəyərlərinə,
maddi-mədəni irsinə və incəsənətinə həmişə
qayğı ilə yanaşdığını diqqətə
çatdırmışdır.
Qeyd
edilmişdir ki, ulu öndərin
əsasını qoyduğu mədəniyyət
siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən
layiqincə davam etdirilir.
Nazir demişdir ki, III Beynəlxalq kitab sərgi-yarmarkası çərçivəsində silsilə tədbirlər keçiriləcəkdir. Bu tədbirlərin içərisində ən vacibi "Heydər Əliyev adına" fotoalbomun təqdimatıdır. Çünki ulu öndər elm və təhsil, ədəbiyyat nümayəndələrinə qayğı ilə yanaşırdı, kitablara xüsusilə böyük əhəmiyyət verirdi.
Milli Məclis sədrinin müavini Bahar Muradova da çıxışında bütün həyatını və fəaliyyətini xalqımızın yüksəlişinə həsr etmiş unudulmaz insan, böyük azərbaycanlı, ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini xatırlatmışdır. Bildirmişdir ki, ulu öndərin Azərbaycana sevgisi Azərbaycan xalqının inkişafının əsas dayağıdır. B.Muradova diqqətə çatdırmışdır ki, ümummilli lider ölkəmizi inkişaf etdirməyin yolunu mədəniyyətdə görürdü. Ədəbiyyata, incəsənətə, bütövlükdə mədəniyyətə sıx bağlılığı bu böyük şəxsiyyətin fitri istedadından, yaradıcı təbiətindən və milli irsə olan diqqətindən qaynaqlanırdı.
Tədbirdə filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə, Milli Məclisin mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycanın zəngin mədəniyyətinin dünyaya inteqrasiyasında və təbliğində müstəsna xidmətlərini xatırlatmışlar.
Çıxışlarda vurğulanmışdır ki, "Heydər Əliyev adına" fotoalbomu ulu öndərə xalqımızın sonsuz sevgisinin bariz nümunəsidir.
Təqdimat
mərasimində, həmçinin xalq artisti Ağadadaş
Ağayev və əməkdar artist Tünzalə Ağayeva ulu
öndərin unudulmaz xatirəsinə həsr olunmuş
mahnılar ifa etmişlər. Xalq artisti Məleykə Əsədovanın ümummilli lider
haqqında söylədiyi şeir
alqışlarla qarşılanmışdır.
Azərbaycan.-2013.- 24 sentyabr.- S.2.