III Bakı Beynəlxalq kitab sərgi-yarmarkası açılmışdır

 

Sentyabrın 23-də III Bakı Beynəlxalq kitab sərgi-yarmarkasının iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə güllər düzülmüşdür.

 

* * *

 

Sentyabrın 23-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş III Bakı Beynəlxalq kitab sərgi-yarmarkası açılmışdır.

AzərTAc xəbər verir ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ilə Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının qarşısındakı açıq ərazidə (Nizami küçəsi, 72-95) təşkil edilən sərgi-yarmarkada 100 yerli, 40 xarici olmaqla ümumilikdə 25 ölkəni təmsil edən çappoliqrafiya müəssisələri, çap işi ilə məşğul olan qurumların təmsilçiləri iştirak edirlər.

Tədbirin iştirakçılarını salamlayan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirmişdir ki, bu il təşkil edilən sərgi-yarmarka ölkəmizin mədəniyyəti, tarixi üçün böyük hadisə olan Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının 90 illiyi ilə üst-üstə düşür. Sərginin davam edəcəyi müddətdə paralel olaraq həm Milli Kitabxananın yubileyi ilə əlaqədar tədbirlər, həm də 2 böyük nüfuzlu iclas keçiriləcəkdir. Bunlar Avropa Milli Kitabxanaları Konfransının (CENL) XXVII illik iclası və Avrasiya Kitabxanalar Assambleyası Əməkdaşlıq Təşkilatının XV ümumi iclasıdır.

Nazir son illər yeni, latın qrafikalı nəşrlər hesabına kitabxanaların zənginləşdirilməsi istiqamətində xeyli görüldüyünü diqqətə çatdırmışdır. Vurğulanmışdır ki, bu işlər Prezident İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 2004-cü il 12 yanvar tarixli sərəncamına uyğun olaraq reallaşdırılmışdır.

Nazir vurğulamışdır ki, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın səyi və təşəbbüsü ilə son illər müxtəlif səpkili kitablar nəşr edilmişdir.

Diqqətə çatdırılmışdır ki, Azərbaycan hər il beynəlxalq kitab sərgi-yarmarkalarında təmsil olunur və kitablarımız beynəlxalq sərgilərdə ən yüksək mükafatlara layiq görülür. Beynəlxalq kitab sərgilərinə təqdim olunan məhsullar arasında həm dövlət, həm özəl nəşriyyatların, həm də Heydər Əliyev Fondunun nəşrləri yer alır.

Son illər Azərbaycanda kitab sərgilərinin ənənəyə çevrildiyini diqqətə çatdıran nazir Bakı Beynəlxalq kitab sərgi-yarmarkasının ilk dəfə 2009-cu ildə keçirildiyini söyləmişdir. Bildirmişdir ki, sərgiyə göstərilən maraq nəzərə alınaraq hər iki ildən bir belə bir tədbirin keçirilməsi qərara alınmışdır. Nəşriyyatlar, kitab evləri, müxtəlif qurumlar böyük həvəslə bu sərgi-yarmarkaya qoşulurlar. Sərgi-yarmarka ənənə halını almaqla yanaşı, əhəmiyyətini, coğrafiyasını, oxucu auditoriyasını da genişləndirir.

Diqqətə çatdırılmışdır ki, əsas məqsəd dövlətin kitab nəşri, kitabın təbliği və yayılması, dərsliklərin, lüğətlərin, tərcümə və elmi ədəbiyyatların işıq üzü görməsinə yönəlmiş qərar və göstərişlərin mühüm rolunu vurğulamaq, gənc nəslin kitaba maraqsevgisini daha da artırmaq, Azərbaycan oxucusunu dünyanın aparıcı nəşriyyatlarının məhsulları ilə tanış etməkdir.

Sonra iştirakçılar son illərdə ölkəmizdə və dünyada nəşr olunmuş kitab, dərslik və jurnallara maraqla baxmışlar. Onlara Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə buraxılmış kitablar, həmçinin Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə çapdan çıxmış nəşrlər barədə ətraflı məlumat verilmişdir.

"Təhsil", "Şərq-Qərb", "Adiloğlu", "Yazıçı", "Əli və Nino", "Apostrof" və digər poliqrafiya müəssisələrinin son çap məhsullarının sərgiləndiyi bu yarmarkada Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) də ayrıca stendlə təmsil olunmuşdur. AzərTAc-ın iştirakçılara təqdim etdiyi nəşrlər sırasında son vaxtlar agentlik tərəfindən buraxılmış "Azərbaycanı dünyaya, dünyanı Azərbaycana tanıdan dahi", "Xocalı XX əsrin soyqırımı", "Dövlət siyasətinin informasiya təminatı", "Heydər Əliyev və AzərTAc", "Müasir dünyanın informasiya şəbəkəsində AzərTAc-ın yeri: təşəkkül tarixiinkişaf mərhələləri", "AzərTAc-dan AzərTAc-a mürəkkəb və şərəfli yol" və digər kitablar sərginin ziyarətçilərində daha böyük maraq doğurmuşdur.

Sərgi ilə bağlı təəssüratlarını jurnalistlərlə bölüşən Baş nazirin müavini Elçin Əfəndiyev bütün oxucuları kitab bayramı münasibətilə təbrik etmiş, Azərbaycanda belə sərgi-yarmarkaların keçirilməsinin artıq bir ənənə halını aldığını söyləmişdir.

Baş nazirin müavini bildirmişdir ki, iştirakçılar yarmarkada sərgilənən kitablar vasitəsilə Azərbaycan xalqının tarixi, mədəniyyəti, ədəbiyyatı və bugünkü inkişaf səviyyəsi haqqında dolğun məlumat əldə edə biləcəklər.

Sərgi çərçivəsində Mədəniyyət və Turizm NazirliyiMilli Kitabxananın ümummilli lider Heydər Əliyevə həsr olunmuş ekspozisiyası nümayiş etdirilmiş və F.Köçərli adına Uşaq kitabxanası təqdimatla çıxış etmişdir.

Üçüncü Bakı Beynəlxalq kitab sərgi-yarmarkası işini sentyabrın 25-dək davam etdirəcəkdir.

 

Azərbaycan.-2013.-  24 sentyabr.- S.2.