OANA-nın Moskvada keçirilən XV Baş Assambleyasında müasir

jurnalistikanın aktual problemləri müzakirə olunmuşdur

 

Xəbər verdiyimiz kimi, sentyabrın 19-20-də Moskvada AsiyaSakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) XV Baş Assambleyası keçirilmişdir.

"Croun" Beynəlxalq Ticarət Mərkəzinin binasında Rusiyanın İTAR-TASS Agentliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə AsiyaSakit okean regionunun aparıcı xəbər agentliklərinin rəhbərləri və nümayəndələri toplaşmışdılar. Azərbaycan tədbirdə AzərTAc və "Trend" informasiya agentlikləri ilə təmsil olunmuşdur.

İTAR-TASS Agentliyi Kollegiyasının sədri, OANA-nın vitse-prezidenti Vitali İqnatenko tədbiri açaraq bildirmişdir ki, Baş Assambleyada iştirak etmək üçün Moskvaya 35 ölkənin 44 informasiya agentliyinin nümayəndələri gəlmişlər. O, müasir dünyada informasiya mübadiləsinin əhəmiyyətindən danışmış, hadisələr barədə dəqiq və operativ informasiya yayılmasının beynəlxalq məkanda rolunu vurğulamışdır.

İTAR-TASS-ın baş direktoru Sergey Mixaylov Rusiya Prezidenti Vladimir Putinin tədbir iştirakçılarına müraciətini oxumuşdur. Müraciətdə qeyd edilmişdir ki, OANA haqlı olaraq dünyanın ən qocamannüfuzlu xəbər agentlikləri birliklərindən biri sayılır. Təşkilat AsiyaSakit okean regionunda azadbirbaşa informasiya mübadiləsinin təmin olunmasına şərait yaradır. Rusiya Prezidentinin fikrincə, hərtərəfli dialoq xəbər agentliklərinin həm texniki, həm də yaradıcılıq sahələrində əməkdaşlığının möhkəmlənməsinə, müasir dövrün kəskin problemlərinin işıqlandırılmasına tarazlaşdırılmış yanaşmanın təmin olunmasına kömək edir.

Açılış mərasimində Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin də müraciəti oxunmuşdur.

Türkiyənin Anadolu Agentliyinin baş direktoru, OANA-nın prezidenti Kamal Öztürk çıxışında vurğulamışdır ki, Baş Assambleya AsiyaSakit okean bölgəsində müxtəlif problemlərin müzakirəsi üçün önəmli platformadır. Təşkilatın başlıca məqsədlərindən biri region ölkələri arasında sərbəst informasiya axınının təmin edilməsidir. K.Öztürk Misirdə və Suriyada baş verən hadisələrə toxunmuş və onların düzgün işıqlandırılmasında OANA-nın rolunu qeyd etmişdir.

K.Öztürk bildirmişdir ki, Anadolu Agentliyinin OANA-ya rəhbərlik müddəti başa çatır və 2013-2016-cı illərdə təşkilata prezidentlik Rusiyanın İTAR-TASS Agentliyinə verilir. O demişdir: "Əminəm ki, İTAR-TASS-ın rəhbərliyi dövründə təşkilat daha uğurla fəaliyyət göstərəcəkdir".

Gündəliyə əsasən təşkilati məsələlərə baxılmışdır. İTAR-TASS Agentliyinin baş direktoru Sergey Mixaylov növbəti üç il müddətinə OANA-nın prezidenti, baş direktorun birinci müavini Mixail Qusman baş katib seçilmişlər. Sonra Baş Assambleyanın iştirakçıları OANA-nın büro üzvlərinin sayının artırılaraq 11-dən 13-ə çatdırılması təklifinə səs vermiş, büronun tərkibini və beynəlxalq qurumun vitse-prezidentlərini seçmişlər. OANA-nın dalbadal üç dəfə Büro üzvü olan AzərTAc-ın baş direktoru Aslan Aslanov bu beynəlxalq qurumun vitse-prezidenti seçilmişdir. OANA-nın texniki komitəsinin üzvlərinin sayı da artırılaraq 5-dən 7-yə çatdırılmışdır. OANA-nın icraiyyə komitəsinin növbəti iclasını Bəhreyndə keçirmək qərara alınmışdır. Bu iclasın təşkilatçısı qismində Bəhreynin BNA informasiya agentliyi çıxış edəcəkdir.

Daha sonra Baş Assambleyada Yaponiyanın KYODO, Çinin "Sinxua", Avstraliyanın AAP, İndoneziyanın "Antara", Koreya Respublikasının "Yonhap" və digər agentliklərin rəhbərləri məruzələrlə çıxış etmişlər. Məruzələrdə müasir jurnalistikanın problemləri, jurnalist kadrların hazırlanması, informasiya materiallarından təhsil proqramlarında istifadə olunması və digər məsələlərə toxunulmuşdur.

Assambleyada OANA-nn büro üzvüyeni vitse-prezidenti AzərTAc-ın baş direktoru Aslan Aslanovun məruzəsi  dinlənilmişdir.

Aslan Aslanov çıxışında bildirmişdir ki, XXI əsrin mediası  ənənəvi jurnalistikadan əsaslı şəkildə fərqlənir. Texnoloji innovasiyaların tətbiqi və geniş istifadə edilməsi, cəmiyyətin, onun hər bir üzvünün həyatının ayrılmaz tərkib hissəsinə çevrilmiş sosial şəbəkələrlə qarşılıqlı fəaliyyət bu gün informasiya agentliklərinin qarşısında duran əsas vəzifədir. Eyni zamanda, xəbərlər bazarında ciddi rəqabətə davam gətirmək üçün agentliklər informasiyanın əsas təchizatçısı rolunu qoruyub saxlamalıdırlar.

AzərTAc-ın baş direktoru demişdir: "Auditoriya ilə münasibətlərin tamamilə yeni forması olan TRANSMEDİA  müasir dövrün ən aktual trendlərindən biridir. Bu, eyni zamanda, həm  marketinq gedişi, həm də jurnalist üçün yeni yaradıcılıq formasıdır. Məqsəd interaktiv yaradıcılıq və əks-əlaqə elementlərindən eyni vaxtda istifadə etməklə auditoriyanı təhkiyənin strukturuna maksimum cəlb etməkdir. Biz müasir auditoriyanın məhz nə tələb etdiyini aydınlaşdırmalıyıq. Transmedia layihəsinə oyunun müəyyən elementləri daxil edilməlidirmi? Əgər belədirsə, onda hansı texnologiyalar aktualdır?"

A.Aslanov vurğulamışdır ki, hansı texnologiyanın daha artıq səmərə verdiyinin müəyyən edilməsi vacibdir. İstifadəçilərin əhatə dairəsini genişləndirmək üçün ilk növbədə onların nə istədiyini öyrənmək, sonra isə təkcə kommersiya səmərəsi əldə etmək üçün deyil, həm də münasibətlər qurmaq, istehlakçıları saxlamaq, işgüzar tərəfdaşları dönə-dönə sizin yanınıza qayıtmağa maraqlandırmaq üçün layihənin pitçinqini düzgün hazırlamaq lazımdır. Bu gün videokontentə baxmaq üçün onlayn servislərdən istifadə edən insanların sayı durmadan artır. İnternet vasitəsilə televiziyaya baxan auditoriya genişlənəcəkdir. Lakin televiziyanı hesabdan silmək hələ tezdir. Belə ki, praym-taym deyilən dövrdə  telekanalların auditoriyası internetin auditoriyasından iki dəfə genişdir. Bununla belə, gələcəkdə mobil platformaların və TV-nin bir-birinə qovuşacağına şübhə yoxdur. Əslində, transmedia anlayışının mahiyyəti bundan ibarətdir.

 

Bu məsələnin OANA-nın üzvü olan agentlikləri maraqlandıracağını söyləyən AzərTAc-ın baş direktoru demişdir: "Biz alyans çərçivəsində müştərək Transmedia layihələri hazırlaya, təcrübə mübadiləsi apara, seminarlar təşkil edə bilərik. Hər halda, biz OANA-nın potensialından daha səmərəli istifadə etmək yollarını axtarmalı, o cümlədən bu təşkilatın üzvləri olan informasiya agentliklərinin multimedia məhsullarının geniş coğrafi məkanda yayılmasına imkan verən internet resurslarından informasiya körpüsü kimi istifadə etməliyik. Bundan əlavə, OANA-nın saytında korporativ  xəbərlər bölməsi yaratmaq, həmin bölmədə qurumun üzvləri olan agentliklərin ən son xəbərlərini yaymaq işimizin xeyrinə olardı".

Daha sonra OANA-nın XVI Baş Assambleyasının ev sahibinin seçilməsi üçün gizli səsvermə olmuşdur. Gərgin keçən səsvermənin nəticələrinə görə, qurumun üzvlərinin böyük əksəriyyəti AzərTAc-ın namizədliyini dəstəkləmişdir. Beləliklə, OANA-nın XVI Baş Assambleyası 2016-cı ildə Bakıda keçiriləcəkdir. AzərTAc 2016-2019-cu illərdə OANA-ya rəhbərlik edəcəkdir.

 

 

Fəridə ABDULLAYEVA,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

Azərbaycan.-2013.-  24 sentyabr.- S.3.