«Səs ver» kampaniyası gəncləri prezident seçkilərində fəal iştiraka səsləyir

 

"İrəli" İctimai Birliyi bütün Azərbaycanı əhatə

edən daha bir möhtəşəm layihəyə start verib

 

 Gənc peşəkarların fəaliyyəti üzərində qurulmuş və hazırda Azərbaycanın ictimai-siyasi həyatında fəal mövqeyə yüksəlmiş "İrəli" İctimai Birliyi daha bir möhtəşəm layihəyə start verib.

Qeyd edək ki, bir neçə ildir neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində bir çox uzunmüddətli layihələr həyata keçirən birlik insan kapitalına ardıcıl investisiyanı ən effektiv və davamlı inkişaf yolu kimi görür. İnsan kapitalının inkişafı istiqamətində həyata keçirilən fəaliyyətdə gənclərə xüsusi önəm verilir. Bu səbəbdən "İrəli" İctimai Birliyi insan kapitalının inkişafına yönəlmiş fəaliyyəti gənc peşakarlarla birgə həyata keçirir. "İrəli"də fərdi və kollektiv üzvlük sistemi  mövcuddur.  Hazırda 30 000 nəfərdən artıq gəncin və 12 təşkilatın üzvü olduğu "İrəli"nin 2008-ci ildən bu günə qədər həyata keçirdiyi 300-dən artıq layihənin əhatə dairəsinə 180 000 nəfərdən çox insan daxil olub. Bu gün "İrəli"nin fəaliyyəti Azərbaycanın bütün rayon və şəhərlərini əhatə edir və dünyanın 30-a yaxın ölkəsində əməkdaşlıq etdiyi təşkilatlar mövcuddur.

Birliyin sonuncu layihəsi isə oktyabrın 9-da keçiriləcək prezident seçkiləri ilə əlaqədar - "Səs ver" kampaniyasıdır. Kampaniya "İrəli" İctimai Birliyinin təşəbbüsü, Mərkəzi Seçki Komissiyasının (MSK) dəstəyi ilə həyata keçirilir.

Dünən təqdimat mərasimi keçirilən yeni kampaniyanın məqsədi Azərbaycan gənclərinin seçkilərdə fəallığını artırmaq və gənclərin kütləvi şəkildə seçki prosesində iştirakını təmin etməkdir. Toplantıda ilk çıxış edən Mərkəzi Seçki Komissiyasının katibliyinin rəhbəri Rövzət Qasımov bildirib ki, MSK insanların seçkilərdə fəal iştirak etməsi üçün bir çox tədbirlər həyata keçirir. "İrəli" İctimai Birliyi isə yeni kampaniyaya start verməklə bu işlərə bir növ dəstək olub. Onun fikrincə, yeni kampaniya gənclərin seçkilərdə aktivliyinin artırılmasına öz töhfəsini verəcək: "Biz çalışırıq ki, Azərbaycanda gənclər seçkilərdə aktiv iştirak etsinlər. Təxminən 70 minə yaxın gənc ilk dəfə ölkədə keçirilən seçkilərdə, 500 minə yaxın gənc isə ilk dəfə prezident seçkilərində səsvermə hüququndan istifadə edəcək. Oktyabrın 9-da isə 150 gənc seçicinin 18 yaşı tamam olacaq. Bu gənclərin də səsvermədə iştirakı təmin olunacaq".

Rövzət Qasımov qeyd edib ki, MSK Gənclər və İdman Nazirliyi ilə bu istiqamətdə bir sıra tədbirlər həyata keçirir: "Yaxın vaxtlarda bu mövzuda xüsusi çarxlar da nümayiş etdiriləcək. Bu çarxlar gəncləri seçkilərdə fəal olmağa çağırır. Bütün bunlar MSK-nın gənc seçicilərimizi fəal seçici, vətəndaş olmağa təşviq etmək, onlarda diqqət aşılamaq məqsədi daşıyır".

"İrəli" İctimai Birliyinin sədri Rauf Mərdiyev isə bildirib ki, bu il ümumilikdə 5 milyon nəfər seçici səsvermədə iştirak edəcək və onların 2 milyon nəfəri, yəni, 40 faizi gənclərdir. Gənclər arasında təxminən 500 min nəfəri ilk dəfə prezident seçkilərində səs verəcək ki, bu da ümumi seçicilərin 10 faizini təşkil edir.

Rauf Mərdiyev onu da qeyd edib ki, bir ay öncə fəaliyyətə başlayan "Səs ver" kampaniyasının məqsədi qarşıdan gələn seçkilərdə səsvermə hüququndan ilk dəfə istifadə edəcək gənclərin maarifləndirilməsi, onların seçkilərdə fəal iştiraka həvəsləndirilməsi, gənclər arasında fəal vətəndaşlığın təbliği, bütün ölkə üzrə ilk dəfə səs verəcək gənclərin şəbəkəsinin yaradılmasını təmin etməkdir. Onun sözlərinə görə, artıq kampaniya çərçivəsində layihələrə start verilib. Kampaniya ilə bağlı internet saytı (www.sesver.az) fəaliyyətə başlayıb. Gəncləri seçkilərdə fəal olmağa səsləyən "Səs ver" mahnısı hazırlanıb və klip çəkilişləri tamamlanıb. İlk dəfə səs verən gənclər üçün məlumat kitabçaları və 20 nəfərdən ibarət təlimçi qrup hazırlanıb.

Sonra mərasimdə çıxış edən "Səs ver" kampaniyasının layihə koordinatoru Murad Ağabəyli çıxış edərək indiyədək görülən işlərdən və layihə çərçivəsində həyata keçiriləcək proseslərdən söz açıb. Koordinator bildirib ki, kampaniya çərçivəsində gənclərin yürüşləri təşkil olunub və müxtəlif "Flashmob"lar hazırlanıb. Qarşıdan gələn günlərdə isə universitetlərdə və müxtəlif rayonlarda təlimlər keçiriləcək. Bununla yanaşı, "Səs ver" Çağrı Mərkəzi yaradılacaq. Bu mərkəzə zəng edən hər bir gənc istədiyi suala cavab alacaq.  

Mərasimdə kampaniya çərçivəsində hazırlanan saytın və gəncləri seçkilərdə fəal olmağa səsləyən "Səs ver" mahnısının da təqdimatı keçirilib.

 

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2013.-  24 sentyabr.- S.5.