Heç bir qüvvə Azərbaycan-İran əlaqələrini sarsıda bilməz

 

Sentyabrın 24-də Milli Məclisin Sədri Oqtay Əsədov İran İslam Respublikası İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvləri ilə görüşüb. Görüş zamanı Azərbaycan-İran əlaqələri müzakirə olunub, ölkələrarası dostluq  münasibətlərindən danışılıb.

Milli Məclisin Sədri Oqtay Əsədov qeyd edib ki, ölkə başçılarının ayrı-ayrı vaxtlarda rəsmi səfərləri və parlamentlərarası görüşlər iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olmasının göstəricisidir. Onun sözlərinə görə, Azərbaycan hər zaman qonşu ölkələrlə hərtərəfli dərin əlaqələrin qurulmasına çalışır: "Çox şadam ki, hazırda hər iki ölkənin parlamentlərarası dostluq qurupu fəaliyyət göstərir. Belə bir qrupun olması qarşılıqlı münasibətlərin inkişafına böyük dəstək verir. İnanıram ki, əlaqələrimiz həm siyasi, iqtisadi, həm də mədəni sahələrdə daha da inkişaf edəcək. Bunun üçün hər iki ölkənin böyük potensialı var. Azərbaycanla İran arasında 100-dən çox ikitərəfli sənəd imzalanıb. Ümid edirəm ki, ölkələrarası əlaqələrimiz bundan sonra da yüksələn xətlə inkişaf edəcək".

Oqtay Əsədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də söz açıb. Bildirib ki, bu problemə beynəlxalq hüquq çərçivəsində baxılmasına və məsələnin sülh yolu ilə həlli üçün aparılan danışıqlar posesinə İranın da öz töhfəsini verəcəyini güman edir. Çünki İran islam ölkəsi olmaqla yanaşı, onun Azərbaycanla əlaqələri tarixi köklərə söykənir: "Bu gün bəzi destruktiv dairələr İran-Azərbaycan əlaqələrinə kölgə salmağa çalışırlar. Əminəm ki, heç kim bu əlaqələri sarsıda bilməyəcək. Birgə olmalıyıq ki, həmin qüvvələrə qarşı həmişə mübarizə aparaq".

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Cavad Cahangirzadə Azərbaycana səfərlərindən şad olduqlarını bildiribİran parlamentinin sədri Əli Laricaninin xüsusi məktubunu Oqtay Əsədova təqdim edib.

Sonda tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

 

 

 

Elgün MƏNSİMOV,

Azərbaycan.-2013.- 25 sentyabr.- S.2.