Bakıda Beynəlxalq Gömrük Muzeyləri Assosiasiyasının XXI konfransı keçirilmişdir

 

Sentyabrın 24-də Bakıda Beynəlxalq Gömrük Muzeyləri Assosiasiyasının (BGMA) 21-ci konfransı keçirilmişdir. Tədbirdə Azərbaycan da daxil olmaqla 20 ölkədən nümayəndələr iştirak etmişdir.

AzərTAc xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Azərbaycan gömrük muzeylərinin təqdim etdiyi eksponatlar və rəsm əsərləri ilə tanış olmuşlar.

Konfransın açılışında Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev, BGMA-nın prezidenti Henri Nimaks, Türkiyənin gömrük və ticarət nazirinin müavini Fatih Metin, mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək tədbirin əhəmiyyətindən danışmış, ölkəmizdə gömrük xidmətinin inkişafını, Azərbaycanın gömrük muzeylərinin fəaliyyətini yüksək qiymətləndirmişlər.  Aydın Əliyev milli gömrük xidmətinin inkişaf tarixibu günü barədə geniş məlumat vermiş, muzeylərdə nümayiş olunan eksponatların ümumbəşəri önəmindən danışmışdır. Vurğulanmışdır ki, Beynəlxalq Gömrük Muzeyləri Assosiasiyası artıq 21 ildir fəaliyyət göstərir. Hazırda bu təşkilatda 24 ölkə təmsil olunur. Hər il üzv ölkələrin birində illik konfrans keçirilir. Budəfəki 21-ci konfrans Azərbaycanda təşkil olunmuşdur və tədbirin keçirilməsində məqsəd gömrük əlaqələrini genişləndirməkdir. Diqqətə çatdırılmışdır ki, Azərbaycan gömrük sahəsində əldə etdiyi uğurlara görə dünya ölkələri içərisində çox irəlidədir.

Konfransda Azərbaycan tərəfindən "Muzeyin internet səhifəsi - ziyarətçilər və media ilə qarşılıqlı əlaqənin yeni kanalı", "Elektron lövhə - yeni nəslin kitabı" və digər mövzularda, eləcə də bir sıra ölkələrin nümayəndələri tərəfindən təqdimatlar olmuş, müzakirələr aparılmışdır.

 

Azərbaycan.-2013.- 25 sentyabr.- S.3.