Üçüncü Bakı Beynəlxalq kitab sərgi-yarmarkası çərçivəsində

 uşaq ədəbiyyatının nümayəndələri ilə görüş keçirilmişdir

 

III Bakı Beynəlxalq kitab sərgi-yarmarkası çərçivəsində sentyabrın 24-də uşaq ədəbiyyatının nümayəndələri ilə "Uşaqlar, kitab oxuyun" mövzusunda görüş keçirilmişdir.

Görüşdə Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri, şair Çingiz Əlioğlu "Sevimli nağıllar", "Yaxşılıq çələngi", "Elin söz yaddaşı" və digər körpə təxəyyülünün inkişafına köməklik göstərən kitablar haqqında öz fikirlərini söyləmiş, uşaq ədəbiyyatının gənc nəslin vətənpərvərlik ruhunda böyüməsində böyük əhəmiyyət kəsb etdiyini bildirmişdir.

Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri, şair Vaqif Bəhmənli uşaq ədəbiyyatı nümunələrini yaradan tanınmış yazıçı və şairlər, onların yaradıcılıq uğurları barədə məlumat vermişdir.

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının tərtib etdiyi uşaq ədəbiyyatı nümunələrindən ibarət sərgi nümayiş olunmuş, kitabxananın fəal üzvləri nağıl qəhrəmanlarımız olan Çırtdan, Göyçək Fatimə və digər personajları canlandırmışlar.

Səbail rayonunun 7, 8 və 190 nömrəli məktəblərinin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.

Sonda tanınmış müasir uşaq ədəbiyyatının nümayəndələri Zahid Xəlil, Qəşəm İsabəyli, Gülzar İbrahimova, Sevinc Nuruqızı, Rafiq Yusifoğlu və başqaları şeirlərini oxumuş, kitablarını öz imzaları ilə oxuculara təqdim etmişlər.

 

Azərbaycan.-2013.- 25 sentyabr.- S.6.