Türkan qəsəbəsində yeni poliklinika istifadəyə verilmişdir

 

Əhalinin sağlamlığının qorunması Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr sırasında mühüm yer tutur. Bu layihə çərçivəsində fondun təşəbbüsü ilə Xəzər rayonunun Türkan qəsəbəsində tikilmiş yeni poliklinika binası sentyabrın 25-də istifadəyə verilmişdir.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və fondun vitse-prezidenti Leyla Əliyeva poliklinikanın açılışında iştirak etmişlər.

 Mehriban xanım Əliyeva poliklinikanın rəmzi açılışını  bildirən lenti kəsdi.

Bildirildi ki, bu il tikilən poliklinikanın inşası yüksək keyfiyyətlə və bütün normalar nəzərə alınaraq həyata keçirilmişdir. Poliklinikanın ərazisində yaşıllıq salınmış, işıqlandırma sistemi quraşdırılmışdır.

Məlumat verildi ki, ikimərtəbəli binada 36 kabinet vardır. Poliklinika ən müasir tibbi avadanlıqla təchiz edilmiş, müasir standartlara uyğun olaraq rentgen, stomatoloq, ginekoloq, cərrah, USM, kardioloq, oftalmoloq kabinetləri qurulmuşdur. Qeyd olundu ki, burada müasir standartlara uyğun laboratoriya da fəaliyyət göstərəcəkdir. Vurğulandı ki, poliklinikada yaradılan şərait bir daha təsdiqləyir ki, Azərbaycan səhiyyəsinin inkişafı dövlət qurumları ilə yanaşı, yarandığı gündən Heydər Əliyev Fondunun da fəaliyyətinin əsas qayəsini təşkil etmişdir. Fond ölkədə tibbi xidmətin keyfiyyətini artırmaq məqsədi ilə səhiyyə müəssisələrinə təmir və yenidənqurma işlərinin aparılmasında dəstək verir. Yeni tikilən səhiyyə ocaqları, ölkəyə gətirilən müasir tibbi avadanlıqlar isə ilk növbədə, bir məqsədə - Azərbaycan əhalisinin sağlam olması kimi mühüm missiyanın yerinə yetirilməsinə xidmət edir.

 

 AzərTAc

Azərbaycan.-2013.- 26 sentyabr.- S.2.