Üçüncü Bakı Beynəlxalq kitab sərgi-yarmarkası çərçivəsində «Heydər Əliyev. Şəxsiyyət və zaman» altıcildliyinin tacik dilinə tərcümə edilmiş üç cildinin təqdimatı olmuşdur

 

Sentyabrın 25-də III Bakı Beynəlxalq kitab sərgi-yarmarkası  çərçivəsində tanınmış yazıçı-publisist, Milli Məclisin deputatı Elmira Axundovanın "Heydər Əliyev. Şəxsiyyət və zaman" altıcildlik roman-tədqiqatının Tacikistanın "Ədib" nəşriyyatında tacik dilində çapdan çıxmış ilk 3 cildinin təqdimatı olmuşdur.

AzərTAc xəbər verir ki, tacik dilindəki bu 3 cildi adıçəkilən nəşriyyatın əməkdaşı Murad Sobir və Tacikistanın xalq şairiictimai xadimi, dövlət mükafatı laureatı, Tacikistan Respublikasının Dövlət himninin müəllifi Qulnazar Kəldiyev təqdim etmişlər.

Səhər saatlarında təşkil edilən təqdimetmə mərasimində kitabın müəllifi, yazıçı-publisist, ölkəmizin tanınmış ictimai-siyasi xadimiMilli Məclisin deputatı Elmira Axundova da iştirak etmişdir.

Tədbiri giriş sözü ilə Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri, şair Çingiz Əlioğlu açaraq bu hadisəni iki xalqın mədəni əlaqələri baxımından yüksək qiymətləndirmişdir. O qeyd etmişdir ki, bu çoxcildlik roman-tədqiqat indiyədək dəfələrlə müxtəlif beynəlxalq kitab sərgilərinə təqdim edilmiş, böyük uğur qazanmışdır. Bu uğurun da əsas səbəbi odur ki, kitablar həm dövrün tarixi reallıqlarını əks etdirir, həm də ümummilli liderimizin əsrarəngiz obrazını nadir tarixi faktlar və çoxsaylı xatirələr əsasında, sadə dillə və cəmiyyətin hər bir təbəqəsinin anlaya biləcəyi üslubda qələmə alınmışdır. Kitablardakı hadisələrin xronoloji ardıcıllığı, hadisələrin siyasi təhlili müəllif tərəfindən sanki riyazi dəqiqliklə hesablanmışdır. Kitab birnəfəsə oxunurinsan oxuduqca sanki o hadisələri yaşayır, gözünün qarşısında hər bir detal canlanır, oxucu ilə həmsöhbət olur.   

Daha sonra Çingiz Əlioğlu bildirmişdir ki, Tacikistan Respublikası bu kitabların nəşr edildiyi ilk xarici dövlətdir. Buna görə də həm tacik xalqına, həm də "Ədib" nəşriyyatının nümayəndəsi Murad Sobir və Tacikistanın xalq şairi Qulnazar Kəldiyevə minnətdarlıq ifadə olunmuşdur.

Qulnazar Kəldiyev kitabı yüksək keyfiyyətə malik bir əsər kimi dəyərləndirmiş, həm Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin nəhəng həyat və fəaliyyətinin, həm də Azərbaycanın tarixinin öyrənilməsi baxımından əvəzedilməz bir əsər olduğunu bildirmişdir.

Qulnazar Kəldiyev özü kitabın birinci cildinin tərcüməsinin müəllifidir, 2-ci və 3-cü cildləri isə Tacikistan Respublikasının çox tanınmış yazıçıları İstad Kosimzadə, Ato Xandam və başqaları tərcümə etmişlər.

Daha sonra "Ədib" nəşriyyatının nümayəndəsi Murad Sobir bildirmişdir ki, bu kitablar təkcə Azərbaycanın deyil, bütün postsovet məkanının tarixidir. Ona görə digər cildlərin də tərcüməsi davam etdiriləcək və ictimaiyyətə təqdim olunacaqdır. O qeyd etmişdir ki, kitabın müəllifi Elmira Axundova həqiqətən də böyük yazıçıdır və bu sərgidə onunla tanış olmaqdan böyük məmnunluq hissi duyur.

Elmira Axundova tədbirdə çıxış edərək həmkarlarına təşəkkürünü bildirmişdir. O qeyd etmişdir ki, bu, rus dilindən sonra kitablarının nəşr edildiyi ikinci xarici dildir. Elmira Axundova kitablarının Nizami, Ömər Xəyyam, Firdovsi  başqa bu  kimi dahi şairlərin yazıb-yaratdıqları və 150 milyona yaxın oxucu kütləsi olan fars dilində  nəşr olunmasından böyük məmnunluq hissi duyduğunu ifadə etmişdir. Vurğulamışdır ki, 2013-cü ildə işıq üzü görən bu tərcümələr tacik xalqının, ədəbiyyatçıların və Yazıçılar Birliyinin Azərbaycan xalqına ulu öndər Heydər Əliyevin 90 illik yubileyi  ilə bağlı bir töhfəsi, hədiyyəsidir.

Tərcümə edilmiş cildlər artıq Tacikistanın bir çox kitabxanaları, akademik institutları və ali məktəblərində öz layiqli yerini tutmuşdur. Hazırda digər 3 cildin də tərcüməsi davam etdirilirbu ilin dekabr və gələn ilin may aylarında onların təqdimatı Elmira Axundovanın özünün də iştirakı ilə Düşənbədə təşkil olunacaqdır.

 

Azərbaycan.-2013.- 25 sentyabr.- S.6.