Qazaxıstan paytaxtında «Sivilizasiya dialoqunda Astana

 dinlərarası forumunun rolu» adlı

 beynəlxalq elmi-praktik konfrans keçirilmişdir

 

Sentyabrın 25-də Qazaxıstan paytaxtında "Sivilizasiya dialoqunda Astana dinlərarası forumunun rolu" adlı beynəlxalq elmi-praktik konfrans keçirilmişdir.

Konfransda Qazaxıstanın dövlət və hökumət rəsmiləri, tanınmış dini liderlər, teoloq alimlər, ictimai-siyasi xadimlər iştirak etmişlər.

Azərbaycanı bu tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə nümayəndə heyəti təmsil etmişdir.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin konfrans iştirakçılarına müraciəti oxunmuşdur.

Müraciətdə deyilir ki, Astanada keçirilən dünya və ənənəvi din liderlərinin qurultayı qlobal dialoq məkanıdır. Bu forumlar dünyada dinlərarası və mədəniyyətlərarası fəaliyyəti və anlaşmanı möhkəmləndirir. Bu gün münaqişələrin qarşısının alınması və yaranmaması üçün din xadimlərinin, elmi dairələrin dialoquna ehtiyac vardır.

Qazaxıstan parlamenti Senatının sədri, dünya və ənənəvi din liderlərinin qurultayı katibliyinin rəhbəri Kayrat Mami bildirmişdir ki, bu konfrans 2003-cü il sentyabrın 23-24-də Astanada keçirilən dünya və ənənəvi din liderlərinin birinci qurultayının 10 illik yubileyinə həsr edilmişdir. O demişdir ki, Astanada keçirilən dörd qurultay müxtəlif dinlərin, konfessiyaların və sivilizasiyaların nümayəndələri arasında əlaqələri möhkəmləndirmiş, dini icmalar arasında qarşılıqlı hörmət və ehtiramı artırmışdır.  

Allahşükür Paşazadə çıxışında qeyd etmişdir ki, 2003-cü ildə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə Astanada keçirilən dünya və ənənəvi din liderlərinin birinci qurultayı dünya xalqları arasında mənəvi birliyin inkişafına təkan vermişdir. Artıq Astanada dörd qurultay keçirilmişdir. Bu forumlar qlobal səviyyədə qəbul edilirAstana dünyanın tanınmış din liderlərinin dialoq məkanına çevrilmişdir.

A.Paşazadə ulu öndər Heydər Əliyevlə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin dostluğunu xatırladaraq demişdir ki, öz ölkələrinin inkişafı və dirçəldilməsi üçün bu liderlərin fəaliyyəti əvəzsizdir. Şeyxülislam demişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi ilə ölkəmizdə məscid, kilsə və sinaqoqlar, digər konfessiyaların məbədləri bərpa edilir. Millidini tolerantlıq və multikulturalizm Azərbaycan cəmiyyətinin mühüm amilidir.

A.Paşazadə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışaraq vurğulamışdır ki, xalqımız bu münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, sülh yolu ilə həllinə tərəfdardır.

Azərbaycanın Qazaxıstandakı səfiri Zakir Həşimov konfransda iştirak etmişdir.

 

Azərbaycan.-2013.- 27 sentyabr.- S.7.