Vergilər naziri Fazil Məmmədov Bərdə şəhərində vətəndaşları qəbul etmişdir

 

Dövlət başçısı İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşlarla görüşüb onların qarşılaşdığı problemlərin həllinə kömək göstərməkdə davam edir.

Növbəti belə görüş vergilər naziri Fazil Məmmədov tərəfindən Bərdə şəhərinin Vergi Ödəyicilərinə Xidmət Mərkəzində Yevlax, Tərtər, Ağcabədi, Beyləqan, İmişli, Bərdə, Zərdab, Füzuli, Laçın, Ağdam, Xocalı və Xocavənd rayonlarından olan vətəndaşlarla keçirilmişdir. Qəbula gələn 50-dən çox vətəndaş vergi orqanlarına işə qəbul, POS-terminalların quraşdırılması, nəzarət-kassa aparatlarının tətbiqi, vergi borcları, o cümlədən vergi inzibatçılığı sahəsində rastlaşdıqları çətinliklər və problemlər, həmçinin vergi dərəcələrinin azaldılmasına yönəlik təkliflər, kiçik sahibkarlığa güzəştli kreditlərin verilməsi və onları narahat edən digər məsələlərlə bağlı vergilər nazirinə müraciət etmişlər.

Qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunmuş, vətəndaşlar tərəfindən verilən müxtəlif təkliflər qeydə alınmış, digər məsələlərin isə araşdırılması və lazımi tədbirlər görülməsi barədə müvafiq tapşırıqlar verilmişdir.

Qəbula gələn vətəndaşlar onlar üçün yaradılmış bu imkandan razı qaldıqlarını bildirmişlər.

 

Azərbaycan.-2013.- 27 sentyabr.- S.9.