Kuklaların sultanı

 

Bakıdakı "Kukla" art-qalereyasında kuklaçı-rəssam Elmira Abbaslının "Sultanın istəklisi" adlı yeni əl işinin təqdimatı oldu. Mərasimdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, tanınmış rəssamlar, sənət adamları və media nümayəndələri iştirak edirdilər.

Qalereyanın rəhbəri Lalə Kazımova bu ilin aprelində fəaliyyətə başlayan yeni sənət ocağı barədə məlumat verdi. Məlum oldu ki, qalereyanın kolleksiyaları arasında yerli sənətkarlarla yanaşı müxtəlif ölkələrdən - İtaliya, Rusiya, Ukrayna, Fransadan kukla ustalarının sənət nümunələri nümayiş olunur.

Tamaşaçılara rəssam Elmira Abbaslının "Sultanın istəklisi" adlı kompozisiyası xoş təsir bağışladı. Müəllif bildirdi ki, Şərq mövzusunu gəlinciklər aləminə gətirərək öz arzularını məhz "Sultanın istəklisi"ndə əks etdirib. Dəbdəbəli geyimlər, bər-bəzəklər, qədim zamanı əks etdirən tablolar əsl nağıl aləmini xatırladırdı. Bəlli oldu ki, rəssam yaxın günlərdə Moskvada baş tutacaq sərgidə kuklaları ilə iştirak edəcək.

Ötən əsrin 80-ci illərindən kukla sənəti ilə məşğul olan rəssamın əsərləri həmişə maraqla qarşılanıb.

 

Azərbaycan.-2013.- 27 sentyabr.- S.12.