«Azərbaycan Prokurorluğu – 95» kitabının təqdimatı keçirilmişdir

 

Sentyabrın 27-də Baş Prokurorluğun Elm-Tədris Mərkəzində Azərbaycan Respublikası Prokurorluğu orqanlarının yaranmasının 95 illik yubileyinin qeyd edilməsi ilə əlaqədar Baş Prokurorluq tərəfindən təsdiq olunmuş tədbirlər planına müvafiq olaraq "Azərbaycan Prokurorluğu - 95" kitabının təqdimatı keçirilmişdir.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Ədliyyə, Daxili İşlər, Milli Təhlükəsizlik nazirlikləri, Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri, Baş Prokurorluğun idarə və şöbə rəisləri iştirak etmişlər.

Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, kitabda Azərbaycanda prokurorluğun yaranması və inkişafının əsas mərhələləri, qazandığı uğurlar, qanunçuluğun və dövlətçiliyin qorunmasında səmərəli fəaliyyəti, bütövlükdə respublikamızda hüquqi dövlətin qurulmasında və hüquq sisteminin möhkəmləndirilməsində prokurorluğun artan rolu barədə məlumatlar yer almışdır.

Təqdimat mərasimində çıxış edən baş prokurorun müavini Namiq Əsgərov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan müdrik dövlətçilik siyasəti nəticəsində hüquq-mühafizə orqanlarının fəaliyyətinin beynəlxalq standartlar səviyyəsində təkmilləşdirilməsi, o cümlədən prokurorluq orqanlarının müasirləşərək ən yüksək dünya meyarlarına cavab verən mühüm dövlət təsisatına çevrilməsi barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. O, bir əsrə yaxın tarixi olan bu mühüm dövlət təsisatının Azərbaycanda hüquqi dövlət quruculuğu prosesində rolunun, ölkənin hüquq sistemində yerinin öyrənilməsi baxımından kitabın xüsusi əhəmiyyətini vurğulamışdır.

Mərasimdə iştirak edən qonaqlar və Baş Prokurorluğun məsul vəzifəli şəxsləri "Azərbaycan Prokurorluğu - 95" kitabının işıq üzü görməsini prokurorluğun həyatında əlamətdar hadisə kimi qiymətləndirmişlər. Natiqlər kitabda prokurorluğun fəaliyyətinin bütün istiqamətlərinə və sahələrinə dair müfəssəl, dəqiq məlumat əks etdirildiyindən mükəmməl şəkildə hazırlanmış bir vəsait olaraq nəşrin prokurorluq və digər hüquq-mühafizə orqanları işçiləri, prokurorluğun fəaliyyəti ilə maraqlanan oxuculargeniş hüquq ictimaiyyəti üçün faydalı olacağına əminliklərini bildirmişlər.

 

Azərbaycan.-2013.- 28 sentyabr.- S.6.