Cin Xalq Respublikasının milli bayramı şərəfinə

 

Sentyabrın 27-də Çinin Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Çin Xalq Respublikası yaradılmasının 64-cü ildönümü münasibətilə rəsmi qəbul təşkil etmişdir.

AzərTAc xəbər verir ki, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra səfirliyin müvəqqəti işlər vəkili Jiao Huaixin qonaqları salamlamışdır. Çinin inkişaf yolundan danışan diplomat ölkəsinin iqtisadi və mədəni sahələrdə böyük tərəqqiyə nail olduğunu vurğulamışdır. Diplomat əmin olduğunu bildirmişdir ki, ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətləri bundan sonra da inkişaf edəcəkdir.

Qəbulda çıxış edən sənaye və energetika naziri Natiq Əliyev Azərbaycan hökuməti adından mərasim iştirakçılarını təbrik etmiş, Çin Xalq Respublikasına daha böyük uğurlar arzulamışdır.

Nazir bildirmişdir ki, Azərbaycan və Çin beynəlxalq təşkilatlarda daim bir-birini dəstəkləmişlər. Qədim tarixə malik Azərbaycan-Çin əlaqələrinin inkişafında yeni səhifənin açıldığını vurğulayan nazir hökumətlərarası komissiyanın fəaliyyət göstərdiyini, çoxlu sayda sazişin imzalandığını diqqətə çatdırmışdır.

Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

 

Azərbaycan.-2013.- 28 sentyabr.- S.6.