Tarixdə izi qalan günlər

 

29 sentyabr

 

 

Sentyabrın son günləri dünyada hansı hadisələrlə yadda qalıb: məhz bu gün - 29 sentyabr 1515-ci ildə uzun sürən, bəzən yüzillik müharibələr adlanan qovğalara son qoyaraq Fransa və İsveçrə arasında əbədi sülh sazişi imzalanıb. Ancaq deyəsən bəşəriyyətin problemləri qılınc, nizə vasitəsilə həll etmək istəyi azalmadı və bu hadisədən təxminən 400 il sonra - 1911-ci ildə İtaliya ilə Osmanlı imperiyası arasında Trablus Qərb müharibəsi başladı. Bu, Birinci Dünya müharibəsinin gəlişindən xəbər verirdi.

Min illər boyu tarixin təkəri dönmədən irəliləyir və o, özü ilə insan ağlının, idrakının bu müddət ərzində yaratdığı yaxşı nə varsa, özü ilə bu günümüzə gətirib çıxarmaqdadır. 1650-ci ildə Henri Robinsonun dünyada ilk dəfə Londonda açdığı nikah agentliyi belə hadisələrdən biridir. Alman ixtiraçısı Emil Berliner tərəfindən qrammofon üçün ilk patentin alınması (1887), Yupiterin 12-ci peykinin kəşfi (1951), türklərdən sonra Fələstində ingilis mandatının rəsmən həyata keçirilməsi (1923), Varşavanın almanlara təslim olması (1939), Tokio məhkəməsinin əslən Bakıdan olan sovet kəşfiyyatçısı Rixard Zorge haqqında çıxardığı ölüm hökmü (1943), Fransada beşinci respublika qurulması (1958) məhz bu günə təsadüf edir.

Xalqımızın keçib gəldiyi yol da çox zəngin və keşməkeşlidir. Tarixin bu günü 1919-cu ildə Bakı Dövlət Universiteti təsis edilib və beləliklə, Azərbaycanın inkişafında yeni bir dövr başlayıb.

Min illərə təsadüf edən hadisələr xalqımızın yaratdığı müxtəlif maddi-mədəniyyət abidələrində yaşamaqdadır. Onlardan biri Qobustan qayalarında da əks olunub: Qafqazı ələ keçirməyə çalışan məşhur Roma sərkərdəsi Pompeyin (e.ə.106-48-ci illər) doğum və ölüm tarixi də bu günə təsadüf edir. O, e.ə. 71-ci ildə Spartak üsyanının yatırılmasında iştirak edib, e.ə. 66-cı ildə Pont padşahı VI Mitridat əleyhinə müharibədə Roma qoşunlarının başçısı kimi onu məğlubiyyətə uğradaraq e.ə. 66-65-ci illərdə Qafqaz Albaniyasına soxulsa da, istəyinə çata bilməyib. E.ə. 48-ci ildə Farsal yaxınlığında qoşunları darmadağın edilib və Misirə qaçmaq məcburiyyətində qalıb. Elə oradaca qətlə yetirilib. Onun adını daşıyan bir şəhər də olub -  Neapol şəhəri yaxınlığında. O da eramızın 79-cu ilində Vezuvin vulkanının püskürməsi nəticəsində sakinləri ilə birlikdə kül və lava altında qalıb məhv olub. 1713-cü ildə təsadüfən bu şəhər və onun zəhərli qazın, isti külün təsiri ilə məhv olan sakinlərinin qalıqları aşkar edilib. 

Bu tarix həm də kitabları ilə yadda qalıb. 1547-ci ildə ispan yazıçısı, "Don Kixot" romanının müəllifi Miqel de Servantesin doğum günüdür. Dünyanın ən məşhur yazıçısı, şair və dramaturqu olan Migel de Servantes  həyatının çoxunu ailəsi ilə birlikdə yollarda keçirib. 1569-cu ildə İtaliyaya köçüb. 1575-ci ildə quldurlar tərəfindən əsir alınıb. Bir müddətdən sonra yenidən Madridə qayıdıb. 1585-ci ildə "Qalateya" pastoral romanını, müxtəlif hekayələrini - "Qaraçı qız", "Qan gücü", "İtlərin söhbəti" əsərlərini qələmə alıb. 1615-ci ildə tamamladığı "Don Kixot" romanı ona dünya şöhrəti gətirib. Görkəmli ədib 1616-cı ilin 23 aprelində Madriddə vəfat edib. Həm də lirik şeirlər müəllifi olan Servantesin özündən sonra qalan sözləri: "Bağlı ağızla milçək tutmaq olmaz", " Hər kəs öz işi ilə tanınır."

Bu gün həm də görkəmli musiqiçi, şair, rəssam, xəttat, münəccim, kimyaçı və riyaziyyatçısı Mir Mövsüm Nəvvabın doğum günüdür (1883-1918). O, Şuşada Hacı Seyid Əhmədin ailəsində dünyaya gəlib. İlk təhsilini ruhani məktəbində alıb. Burda o, türk, ərəb, fars dillərini mənimsəyib, riyaziyyat, kimya və s. elmlərə yiyələnib. "Təzkireyi-Nəvvab" əsərində XIX əsrdə Qarabağdan çıxmış 100-dən artıq şairin həyatı və yaradıcılığı haqqında məlumatlar toplayıb. Bu təzkirə 1913-cü ildə Bakıda nəşr olunub. 1899-cu ildə dərslik kimi qələmə aldığı "Kifayətül-ətfal" kitabında Nəvvab göy cisimlərinin yerləşməsi, Günəş tutulmaları barədə cədvəllər tərtib edib. Alimin öz evində iki teleskop, kiçik rəsədxana və kimya laboratoriyası olub. Mir Mövsüm Nəvvabın musiqi sahəsində qələmə aldığı "Vüzuhül-ərqam" traktatı da ilk dəfə 1913-cü ildə Bakıda nəşr olunub. Həmin əsərdə Mir Möhsün ayrı-ayrı muğamların, bəzi dəstgahların mənşəyi və kökünü araşdırır, muğamların şeir mətnləri ilə əlaqəsi, ifaçı ilə dinləyicinin qarşılıqlı münasibətlərindən bəhs edir. Alim ilk dəfə dəstgah terminindən istifadə edib və o zaman Qarabağda məlum olan 6 dəstgahın adını çəkir: Rast, Mahur, Şahnaz, Rahab (Rahavi), Çahargah və Nəva. Bu əsərdə Qarabağ musiqiçilərinin ifa etdiyi 82 mahnı və muğamın da adı çəkllir. Musiqişünas Zemfira Səfərova yazır ki, "Vizuhül-ərqam" ötən əsrdə yalnız Azərbaycanda deyil, bütün Şərq ölkələrində muğam ifaçılığının və musiqi incəsənətinin vacib məsələlərindən bəhs edən qiymətli bir musiqi əsəridir".

Nəvvab həm də rəssam idi. Bir çox akvarel rəsmləri, kitab miniatürləri və bir neçə bina və məscidə vurduğu naxışlar dövrümüzə kimi gəlib çıxıb. O, Şuşanın mədəni və ictimai həyatında fəal iştirak edib. "Məclisi-fəramuşan" adlı ədəbi və "Məclisi-xanəndə" adlı musiqi məclislərinin təşkilatçısı idi. Onun məclislərinin fəal üzvləri şairlərdən Abdulla bəy Asi, Fatma xanım Kəminə, Məşədi Eyyub Baqi, Xan Qarabaği, Abdulla Həsən Şahid, ifaçı və müğənnilərdən Hacı Hüsü, Məşədi Cəmil Əmirov, İslam Abdullayev, Seyid Şuşinski idi. Nəvvabın 1905-1907-ci illərdə baş verən erməni-müsəlman qarşıdurması, eləcə də Qarabağın tarixi haqqında əsərləri də məşhurdur. O, 1918-ci ildə Şuşada vəfat edib.

Bu gün həm də italyan əsilli ABŞ fiziki, "Nobel" mükafatı laureatı Enriko Fermi (1901), İtaliyanın qalmaqallı dövlət xadimi Silvio Berluskoni (1936) və keçmiş Polşa prezidenti Lex Valensanın (1943) doğum günüdür.

Belə bir gündə dünyasını dəyişən məşhurlar da var. XIX əsrin ikinci yarısında realizmin ən görkəmli nümayəndələrindən biri, naturalizm ədəbi cərəyanının rəhbəri və nəzəriyyəçisi Emil Zolya (1902) və amerikalı yazıçı Karson Mak Kullerz (1967).

Zolya XIX əsrin sonlarında Fransa ədəbi həyatının mərkəzində duran bir yazıçı idi. 1871-1893-cü illərdə çap olunan və Fransanın ikinci imperiya dövrünü təsvir edən Ruqon-Makkar (Les Rougon-Macquarts) ailəsi haqqında 20 cildlik romanında cəmiyyətdə gedən prosesləri əks etdirirdi. Yazıçının Fransa siyasi həyatındakı iştirakının ən yüksək nöqtəsi onun Dreyfus işi ilə bağlı yazdığı və İngiltərəyə sürgün edilməsi ilə nəticələnən məşhur "Mən ittiham edirəm" məqaləsidir. Günahsız yerə həbs edilən 25 yaşlı yəhudi zabit Dreyfusun müdafəsinə ancaq o qalxmışdı. Zabitə verilən ittiham alman hərbi attaşesi Şvartkoppenə bəzi məxfi rəsmi məlumatları verməsi idi. 1894-cü ilin 22 dekabrında hakimlərin yekdil rəyi ilə o, "vətənə xəyanət" maddəsi ilə ömürlük azadlıqdan məhrum edildi. Antisemit duyğuların cövlan etdiyi bir dövrdə Emil Zolya basqılara məhəl qoymadan prezident Felix Fauerə "İttiham edirəm" başlıqlı bir məktub yazdı: "Günahsız bir insana qarşı belə bir hökm vermək ədalətsizliyin möcüzəsidir." Bundan sonra o, ölkəsindən getmək məcburiyyətində qalsa da, ədaləti və hüququ müdafiə etdi. 1902-ci il 29 sentyabrda Parisdəki evində dəm qazından zəhərlənərək dünyasını dəyişdi. Bunun sui-qəsd olduğuna dair iddialar sübut olunmadı.

Özündən sonra qalan sözləri: "Bu dünyaya nə etməyə gəldiyimi soruşsanız, cavabım bu olacaq: həyatımı yüksək səslə yaşamaq üçün buradayam". "Hər şey yalnız bir yuxudur", "Qabiliyyət yoxsa sənətçi olmaz, amma çalışmamaqla da qabiliyyət heç bir işə yaramaz".

 

 

 

30 sentyabr

 

 

30 sentyabr bəşər tarixində əvəzolunmaz bir hadisə ilə yaşamaqdadır - 1472-ci ildə Quttenberq Bibliyanı çap edib və bununla, kitab çapının əsası qoyulub. Bu gün həm də türk tarixində əvəzsiz yeri olan, türk telekanalında  yayımlanan "Möhtəşəm yüz il" serialının qəhrəmanı Qanuni Sultan Süleymanın Qanuni Osmanlı taxtına sahib olduğu bir gündür (1520). Səfəvi padşahı  I Abbas Səfəvi ilə Osmanlı hökmdarı Xəlil paşa arasında Mərənddə  imzalanan Sərab sülh müqaviləsi də bu günün yaddaşındadır (1618). Qəribə də olsa, Amerikada ilk ölüm hökmü  bu gün icra olunub (1630). Fransada isə elə bu gün ləğv edilib (1981). Bu gün ilk dəfə Fransada nəqliyyat vasitələrinin məcburi olaraq dövlət qeydiyyatına alındığı (1901), həm də indi hər bir sürücüyə yaxşı tanış olan dizel yanacağının müəllifi alman Rudolf Dizelin müəmmalı şəkildə həlak olduğu gündür.

1992-ci ilin bu günü Azərbaycan Dövlət Neft Akademiyasının məzunu Joze Eduardo duş Santuş Anqola Prezidenti seçilib və indiyə kimi hakimiyyətdədir. Onun Bakıda doğulan qızı İzabel duş Santuş (1973) Forbes jurnalının 2013-cü ilin martına olan məlumatına görə Afrikanın ilk milyarder qadınıdır.

1999-cu ildə Bakı Aeroportunun yeni kompleksinin açılışı olub və beləliklə, tam beynəlxalq standartlara uyğunlaşdırılan hava limanı hazırda istənilən tip təyyarəni qəbul edə bilmək gücündədir.

Bu gün dünya mədəniyyətinə əvəzsiz töhfələr verən, türk dünyasının fəxri Mövlana Cəlaləddin Ruminin doğulduğu gündür. Əfqanıstanın Bəlx şəhərində anadan olan Mövlana bütün ömrünü o vaxt səlcuqların paytaxtı olan Konya şəhərində keçirir, orada da dəfn edilir. Rumi 38 yaşında olarkən 60 yaşlı islam piri, dərviş Şəmsəddin (Şəms) Təbrizi ilə tanış olur. Bu tanışlıq Cəlaləddinin dünya görüşünə dərin təsir göstərir, onun fikir dünyasını kökündən dəyişdirir.

2007-ci ildə onun anadan olmasının 800 illiyi UNESCO tərəfindən qeyd olunub. Həmin il dünya Mövlana İli elan edilib.

"Güllə səsi qonşuları da oyatmışdı. Çoxları elə bilmişdi ki, nəsə partlayış olub. Lakin bir azdan hər şey aydın oldu. Kinorejissor Lətif Səfərov özünə qəsd etmişdi. 1963-cü il dekabrın 9-u idi. İliklərə işləyən soyuq adamlardakı həyəcana bir sərt ovqat da gətirmişdi. Onlar təəccüblə bir-birinə baxıb çiyinlərini çəkirdilər." Beləcə həyata "əlvida" deyən tanınmış rejissor, aktyor Lətif Bəşir oğlu Səfərov (1920-1963) 30 sentyabrda Şuşada dünyaya gəlmişdi. 7 yaşında ikən rejissor Leo Murun "Gilan qızı" ("Tunc ay") filmində çəkilib. Sonra yaradıcı heyətlə Bakıya gələn balaca Lətif studiyada işə düzəlib. 1928-1931-ci illərdə "Sevil", "Lətif", "Şərqə yol", "Qızıl kol" filmlərində uşaq rollarında oynayıb. Lətif Səfərov 1940-cı ildə Moskvadakı Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna daxil olub. 1950-ci ildə təhsilini başa vurub professional sənətkar kimi Bakıya döndü, kinostudiyada fəaliyyətə başladı. 1955-ci ildə ona "Sevimli mahnı" ("Bəxtiyar") filmini çəkmək həvalə olundu. Bu lentlə o, böyük kinoda ilk filmini yaratdı.

"Qızmar günəş altında", "Leyli və Məcnun" kimi filmləri ilə Azərbaycan kinosuna yeni nəfəs gətirən Lətif Səfərov ekranın estetik funksiyası ilə bağlı nəzəri görüşlərini müəyyən qədər də olsa reallaşdıra bildi. 1958-ci ildə o, Kinematoqrafçılar İttifaqının sədri seçildi. "Koroğlu" filmi üzərində böyük əziyyətlə işlədi. Çünki studiyanın imkanları çox məhdud idi. Beləcə, bütün yaradıcı ömrünü kinonun inkişafı uğrunda mübarizəyə həsr etdi. Çoxlarını da özündən narazı salırdı. Çünki ətrafındakılara bu cür tələbkarlıq lazım deyildi.

Onun filmlərindən biri belə adlanırdı - "Şimşəklər kimi". Ömrü də elə şimşək kimi qısa və parlaq oldu. Məşhur sənətkarımız Şövkət Ələkbərovanın həyat yoldaşı idi.

30 sentyabr həm də Əliağa Vahidin (1895-1965) anım gündür. Füzuli ənənələrinin davamçısı olan Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutur. Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini Azərbaycan dilinə tərcümə edib.

 

Özündən sonra qalan sözləri:

 

 

Hər aşiqə öz istədiyi yarı gözəldir,

Hər bülbülə öz sevdiyi gülzarı gözəldir.

 

 

Zülfüqar Əbdülhüseyn oğlu Hacıbəylinin də dünyaya vida günü 30 sentyabrdadır. 1884-cü il aprelin 17-də Şuşada anadan olan bəstəkarın kiçik qardaşları Üzeyir və Ceyhunun sənətdə, milli baxışlarının formalaşmasında oynadığı rol çox böyükdür. Professional musiqimizin banisi Üzeyir Hacıbəyli, böyük bəstəkar və dirijor Müslüm Maqomayev, əfsanəvi səhnə ustaları Hüseynqulu Sarabski, Hüseyn Ərəblinski kimi sənət fədailəri sırasında Zülfüqar Hacıbəylinin də məxsusi yeri vardır. O,  bəstəkar və dirijor Niyazinin atasıdır. Özündən sonra qalan əsərləri: "Əlli yaşında cavan" (1909), "On bir yaşlı arvad" (1911), " Evliykən subay" (1911),  "Aşıq Qərib" (1915), "Nüşabə", "Üç aşiq və ya Məlikməmməd".

Sentyabrın 30-u Səxavət Məmmədovu da itirdiyimiz gündür. O, Azərbaycan mədəniyyətinə Cabbar, Bülbül, Üzeyir bəy, Seyid, Xan kimi dahilər bəxş edən Qarabağda dünyaya göz açmışdı. Onun ölümü hamını sarsıtdı. 1991-ci il sentyabrın 30-da avtomobil qəzasında dünyasını dəyişən xanəndəni insan axını Ağdamın Abdal-Gülablı kəndinin qəbiristanlığına son mənzilə yola saldı. Səxavət Məmmədovun qəbri üzərinə qoyulmaq üçün Bakıda sifariş edilən məzar daşı kənd işğal olunduğu üçün ünvana çata bilmədi, üzərində şəkli olan başdaşı Bakıdakı evinin həyətində qaldı. Amma onun ruhunun, səsinin əsl evi Qarabağ idi...

 

 

Elə kövrək, elə həzin oxuma,

Fələk vuran yaralı var, a zalım.

 

 

Bu sözlər Səxavət Məmmədov haqqındadır. Səxavətin ölümündən əvvəl, ya sonra qələmə alındığı bilinmir. Amma fərq etməz - axı, Səxavət hələ də oxuyur, ətrafında isə "fələk vuran yaralılar..."

30 sentyabr həm də bayram deməkdir -  Beynəlxalq Tərcüməçilər Günüdür (1991). Problemlərin həlli üçün indi tərcüməçiyə hamının ehtiyacı var - insanların da, millətlərin də. İlin sonuna 92 gün qaldığı bir vaxtda həyatdan və yaşamaqdan, dinclikdən və əmin-amanlıqdan tərcüməsiz və tərcümansız danışmaq necə də xoşdur.

 

 

Bəxtiyar QARACA,

Azərbaycan.-2013.- 29 sentyabr.- S.11.