«Heydər Əliyev. Müstəqilliyimiz əbədidir» çoxcildliyinin 41-ci cildi çapdan çıxmışdır

 

"Bu gün biz tarixi bir gün yaşayırıq. Bu gün bir neçə il üzərində işlədiyimiz və çox həyata keçirmək istədiyimiz Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşasına başlanılmasının təməlini qoyduq. Mən çox məmnunam ki, bunu biz Türkiyə Cümhuriyyəti ilə, Gürcüstanla və Amerika Birləşmiş Ştatları ilə bir yerdə edirik".

AzərTAc xəbər verir ki, bu sətirlər "Heydər Əliyev. Müstəqilliyimiz əbədidir" çoxcildliyinin "Azərnəşr" tərəfindən yenicə çapdan buraxılmış 41-ci cildindən - ümummilli lider  Heydər Əliyevin 2002-ci il sentyabrın 18-də Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməlinin qoyulması münasibətilə Azərbaycan Prezidenti adından dövlət başçılarının və nümayəndə heyətlərinin şərəfinə "Gülüstan" sarayında təşkil edilmiş rəsmi ziyafətdəki nitqindən götürülmüşdür.

Nəşrin buraxılışına məsul Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevdir.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin çoxcildlik əsərlərinin oxuculara təqdim olunan bu növbəti cildində ulu öndərin  ölkəmizin sürətli iqtisadi yüksəlişinə, xalqımızın rifahı və tərəqqisi, eləcə də ictimai-siyasi həyatın mühüm məsələlərinə aid çıxışları, nitqləri, fikir və tövsiyələri öz əksini tapmışdır. Kitabda Azərbaycan, Gürcüstan, Türkiyə dövlət başçılarının Bakıda keçirilən görüşləri, ümummilli liderin Xəzər və Aralıq dənizlərini birləşdirən Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməlqoyma mərasimindəki nitqi dərc olunmuşdur.

Kitabda ulu öndərin görkəmli müğənni və bəstəkar Müslüm Maqomayevlə görüşü, müğənninin 60 illik yubileyinə həsr olunmuş təntənəli gecədə nitqi, bu tədbirə gəlmiş MDB və eləcə də Azərbaycanı təmsil edən tanınmış mədəniyyət və incəsənət xadimləri ilə səmimi söhbətləri öz əksini tapmışdır.

Bu nəşrdə ümummilli lider Heydər Əliyevin Gəncədə və Goranboyda ictimaiyyət nümayəndələri ilə görüşlərdə dərin məzmunlu nitqləri və çıxışı, rayon sakinləri ilə görüşlərdəki maraqlı söhbəti və digər materiallar da dərc edilmişdir.

Bu cilddə, həmçinin ulu öndər Heydər Əliyevin Rusiyaya işgüzar səfəri zamanı Prezident Vladimir Putin və digər yüksək vəzifəli şəxslərlə görüşlərinə, iki ölkə arasında dostluq, əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinə və inkişaf etdirilməsinə dair danışıqlara aid materiallar, KİV orqanlarına müsahibələri və s. verilmişdir.

Kitabda əks olunan rəsmi sənədlər, çıxışlar, müsahibələr, fərmanlar, müraciətlər, bəyanatlar, məktublar, məruzələr 2002-ci ilin sentyabrından oktyabrınadək olan dövrü əhatə edir.

"Azərnəşr" tərəfindən çap olunan çoxcildliyin hazırlanmasında Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) materiallarından istifadə edilmişdir.

 

 

Azərbaycan.-2013.- 10 yanvar.- S.1.