Polietnik cəmiyyətlərdə dövlət dilinin birləşdirici funksiyası

 

Dil millətin formalaşmasında ənənəvi, çox mühüm rol oynayır və geniş mənada kütləvi şüurun özünəməxsus rəmzi hesab edilir. Bu mənada polietnik əhaliyə malik olan dövlətlərdə dil siyasəti olduqca vacib bir rola malikdir. Bu siyasət dil, demoqrafıq və siyasi vəziyyəti nəzərə alaraq ölkədə fəaliyyət göstərən müxtəlif dillər, eləcə də rəsmi dilya dillərin qarşılıqlı təsiri və inkişaf etdirilməsi üçün müvafiq şərtləri özündə ehtiva edir.

Polietnik əhalisi olan dövlətlərdə dil siyasəti ilə bağlı müxtəlif yanaşmaları ümumilikdə monolinqvizm (təkdillilik) və ya poli-multilinqvizm ideyalarına əsaslanan  iki qrupa bölmək mümkündür.

İstənilən cəmiyyətdə dilin istifadəsi adətən həmin ölkədəki dil vəziyyəti ilə ölçülürbu proses müxtəlif dilya qeyri-dil (sosial, siyasi, iqtisadi, psixoloji, tarixi, coğrafis.) amilləri ilə şərtlənir. Cəmiyyətin şüurlu şəkildə bu prosesə müdaxilə etməsi şəxsiyyətdən tutmuş dövlətə qədər mümkündür. Lakin polietnik cəmiyyətlərdə dil prosesləri ilə bağlı şərhlər siyasətçilər, sosioloqlar, hüquqşünaslar və dilçilər tərəfindən edilməlidir, çünki səmərəli dil siyasətini müəyyənləşdirmək üçün real dil vəziyyətinin adekvat qiymətləndirilməsi olduqca vacibdir.

Məsələn, çox zaman rəsmi dilin deklarativ şəkildə elan edilməsinə baxmayaraq, onun tam mənada istifadə edilməsi və öyrənilməsi üçün müvafiq mexanizmlər yaradılmır. Məsələn, kargüzarlıq rəsmi dildə tam mənada aparılmır, müvafiq vahid hüquqi qanunvericilik bazasının olmaması dillərin inkişaf etdirilməsinə cavabdeh olan dövlət orqanlarının işinin əlaqələndirilməsini çətinləşdirir. Ölkənin müxtəlif regionlarında dil proseslərinin ardıcıl və elmi şəkildə öyrənilməməsi, buradakı dillərin istifadə edilməsi haqqında müvafiq məlumatların olmaması ölkədə mövcud dil vəziyyətinin obyektiv şəkildə qiymətləndirilməsinə imkan vermir.

İstənilən polietnik cəmiyyətlərdə dillər öz funksional təyinatı, yayılma dərəcəsi, bu dildə danışan insanların sayı və s. parametrlər ilə ölçülür. Ölkədə optimal dil məkanı yaratmaq və rəsmi dilin burada layiqli yerini tutması üçün dillərin funksional nisbətinin dəqiqləşdirilməsi olduqca zəruridir.

Adətən rəsmi dil dövlət və ictimai həyatda ən vacib funksiyaları yerinə yetirir. Bu, ilk növbədə, dövlətin qanunvericilik aktlarının yazıldığı və qəbul edildiyi, rəsmi görüşlərin və tədbirlərin, rəsmi kargüzarlığın həyata keçirildiyi bir dildir. Rəsmi dil bütün dövlət orqanlarında, təşkilatlarda, hərbi qüvvələrdə, məhkəmələrdə və s. istifadə edilir. Bir sıra dövlətlərdə rəsmi dil eləcə də millətlərarası ünsiyyət vasitəsi rolunu oynayır.

Dil siyasətinin ən vacib istiqamətlərindən biri də vətəndaşların rəsmi dildən istifadə etməsi üçün müvafiq şəraitin yaradılmasıdır. Bunun üçün rəsmi dilin öyrənilməsi məqsədilə müvafiq mərkəzlərin yaradılmasına və pulsuz olaraq ölkə vətəndaşlarının biliklərinin artırılmasına diqqət verilməlidir. Eyni zamanda kütləvi informasiya vasitələri, televiziyaradionun imkanlarından istifadə edərək rəsmi dilin öyrənilməsinə dair dərslərin və proqramların həyata keçirilməsi olduqca əhəmiyyətlidir. Rəsmi dildə internet resurslarının, elektroninteraktiv dərsliklərin və keyfiyyətli tədris vəsaitlərinin və lüğətlərin yaradılması olduqca aktualdır.

Rəsmi dilin nüfuzunun artırılması istiqamətində müvafiq aparılmalıdır. Ölkənin vətəndaşlarının bu dildə danışması üçün şərait yaradılmalıdır. Eyni zamanda qloballaşan dünyada xarici dillərin öyrənilməsinə də dövlət tərəfindən daim dəstək verilməlidir.

Bir neçə misallar əsasında polietnik cəmiyyətlərdə dövlət dilinin roluna diqqət çəkək. Məsələn, İsraildə ivrit dilinin intibahı prosesi olduqca maraqlıdır. Məlum olduğu kimi, eramızın 70-ci ilində İkinci məbədin dağıdılmasından sonra ölü dilə çevrilmiş ivrit sonrakı illər yalnız dini funksiya daşıyırdı. XX əsrin əvvəllərində Fələstində yaşayan yəhudilər ivrit dilinin ana dili funksiyası daşıması üçün uşaqlarını bu dildə tərbiyə etməyə başladılar. Bu uşaqlar gələcək ailələrində də yalnız bu dildən istifadə etməyə üstünlük vermişlər. Britaniya mandatının ilk dövründə Fələstindəki yəhudilərin 40 faizi (34000) bir-biri ilə ivrit, 36 faizi idiş, 18 faizi ərəb və 4 faizi ladino dillərində danışmışdır. O dövrdə ivrit dili Fələstində ingilis və ərəb dilləri ilə birgə rəsmi dil statusuna malik idi. XX əsrin əvvəllərində o, özünün güclü rəqibləri olan almaningilis dillərinə qələbə çala bilmişdir. Beləliklə, demək olar ki, sırf dini funksiya daşıyan bu dil hazırda İsrail dövlətinin rəsmi dilidir. O, dünyanın müxtəlif yerlərindən gəlmiş və fərqli dillərdə danışan ölkə əhalisi üçün böyük rəmzi əhəmiyyət daşıyır və onların birləşməsi üçün olduqca zəruri bir amil rolunu oynamaqdadır. İsraildə xarici dil kimi ingilis diligeniş şəkildə yayılmışdır.

ABŞ-da ingilis dili bu ölkənin mövcud tarixi boyu əsas dil kimi vətəndaşlarını birləşdirir. Buradakı dil siyasətini ingilis dili əsasında formalaşan ingilis monolinqvizmi təşkil edir. Eyni dərəcədə ispan dilinin Argentina və Çilidə, portuqal dilinin Braziliyada rəsmi dil olaraq dominant rolunu göstərmək olar.

 Lakin irland dilinin İrlandiya Respublikasının millistatusuna görə birinci rəsmi elan edilməsinə baxmayaraq, o, ölkənin ikinci rəsmi dili olan ingilis dilinə münasibətdə uduzur. Bu dildə İrlandiya əhalisinin az bir qismi danışır və eləcə də Şimali İrlandiyada azlıq dili istifadə edilir.

Bu gün dövlət müstəqilliyimizin ayrılmaz bir atributu olan Azərbaycan dilini, onun tarixi inkişafını, bugünkü rolunu tədqiq etmək olduqca böyük əhəmiyyət kəsb edir. Azərbaycan hər zaman çoxdilli əhalisi ilə seçilən bir ölkə olmuşdur. Onun ərazisində millətlər, mədəniyyətlər və dillər daim fəal təmasda olmuşdur. Azərbaycanın maddi-mənəvi dəyərlərinin yaranması prosesində bu ölkədə yaşayan bütün xalqlar iştirak etdikləri üçün dəyərlərin qorunmasında hamılıqla səy göstərilir.

Dünya təcrübəsi göstərir ki, dildə və dil məsələlərində olan problemlər heç də hər zaman siyasihüquqi mexanizmlərin köməyi ilə həll olunmur. Dil siyasətinin həyata keçirilməsi zamanı müxtəlif sosialetnik qrupların münasibətlərini nəzərə almaq vacibdir, çünki insan şüurunda dil fərdi azadlıq və sosial ədalətlə, mənəvi və maddi üstünlüklərlə və mədəni irslə sıx bağlıdır. Bununla belə müasir dövrdə dillərin əlaqəsi və qarşılıqlı təsiri təkcə daxili siyasət məsələləri ilə bitmir. Vəziyyət ancaq onda deyil ki, dil azlıqlarının hüquqları hamılıqla qəbul olunan fundamental insan hüquqlarının vacib bir hissəsi kimi artıq heç bir dövlətin daxili işi deyil.

Bir çox tədqiqatçılar təsdiqləyirlər ki, dil siyasəti beynəlxalq münasibətlərin mühüm faktoruna çevrilib. Onlar bu faktoru qeyd etmək üçün hətta xüsusi bir termin - qlottosiyasət (yunanca qlotta - dil deməkdir) terminindən istifadə edirlər. Bu termin ötən əsrin 50-ci illərində yaranıb və öncə, 2 və daha artıq mədəniyyətlərin sıx əlaqəli olduğu mühitdə bilinqvizmin yaradılması prosesinə aid idi. Bu gün geosiyasət anlayışı ilə analoji olaraq bu termin dildən özlərinin dövlət və milli maraqlarını müdafiə etmək məqsədi ilə müxtəlif aktorlar arasında regionalqlobal əlaqələrin xarakterizə edilməsi üçün istifadə olunur.

Regionumuzdakı çətin etnosiyasietnolinqvistik vəziyyəti nəzərə aldıqda, milli təhlükəsizliyimizə qarşı yönələn risk və təhdidlər prizmasından yanaşdıqda aydın olur ki, dil məsələləri xarici siyasətin ən mühüm istiqamətlərindən biri olmalıdır.

Ümumilikdə dil məsələlərinin yetərincə qiymətləndirilməməsi ölkədə daxili stabilliyə, milli maraqların effektiv müdafiəsinə və Azərbaycanın regionda güclənən nüfuzuna ciddi zərbə vura bilər.

Bu gün Vətənimiz öz inkişafının ən vacib mərhələsindədir. Bu mərhələnin ideoloji əsasları barədə danışarkən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik, Ramiz Mehdiyevin qeyd etdiyi kimi, azərbaycançılıq "çoxəsrlik tarixə malik milli həyatın harmoniyası, qardaşlıq tarixi, ölkəmizdə yaşayan bütün xalqetnik qrupların əməkdaşlığı və onların müstəqil Azərbaycanın bütövlüyü uğrunda mübarizəsidir".

Müasir dil siyasəti məhz bu bazada qurulmalıdır. Bu siyasət ölkəmizdə yaşayan bütün xalqları birliyə səsləməli, onların milli mədəniyyətlərini, adət-ənənələrini, dillərini qorumalı və müasir Azərbaycan quruculuğunda iştirakına şərait yaratmalıdır.

 

 

 Gülşən PAŞAYEVA,

Azərbaycan Respublikasının

Prezidenti yanında Strateji

Araşdırmalar Mərkəzinin direktor müavini,

filologiya üzrə fəlsəfə doktoru

 

Azərbaycan.-2013.- 10 yanvar.- S.3.