Məqsəd ərzağa olan daxili tələbatı yerli istehsal hesabına ödəməkdir

 

Birləşmiş Millətlər Təşkilatının millətlərarası sisteminin təsnifatına görə, maddi istehsalın əsas bölməsini təşkil edən kənd təsərrüfatı məhsulları istehsalının, o cümlədən əkinçiliyin əhalinin ərzaqla təchizatında və emal sənayesinin xammalla təmin olunmasında mühüm rolu var. Eyni zamanda, aqrar sektorun inkişafı kənd əhalisinin məşğulluğunu yüksəldir və bir sıra digər mühüm sosial-iqtisadi məsələlərin həllinə yardım edir. Buna görə də ölkəmizdə və onun tərkib hissəsi olan Naxçıvan iqtisadi rayonunda kənd təsərrüfatının davamlı inkişafı və onun səmərəliliyinin artırılması daim diqqət mərkəzində saxlanılır.

Xalqımızın ümummilli lideri Heydər Əliyev demişdir: "Kənd təsərrüfatının inkişafına maksimum dərəcədə diqqət göstərməliyik. Bu həm təhlükəsizlik, həm iqtisadi, həm də sosial məsələdir. Çünki Azərbaycan əhalisinin yarısı kənd təsərrüfatı bölgəsində yaşayır". Qətiyyətlə demək olar ki, Heydər Əliyev Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında aqrar sektorun inkişafı, onun səmərəliliyinin artması istiqamətində həyata keçirilən islahatların və onların reallaşmasının həm müəllifi, həm də fəal iştirakçısı olmuşdur. Bu  kurs hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Əhalisinin 70 faizindən çoxunun kəndlə, kənd təsərrüfatı məhsulları istehsalı ilə birbaşa bağlı olan Naxçıvan MR-də aqrar sektorun inkişafı üçün kompleks tədbirlər  işlənib hazırlanmış və onların reallaşdırılması təmin edilmişdir. İlk növbədə, aqrar sektorun bazar münasibətləri şəraitinə uyğunlaşdırılması üçün qanunvericilik bazası yaradılmış, kənd təsərrüfatının yeni idarəedilmə mexanizmi işlənib hazırlanmışdır. Ardınca muxtar respublikada aqrar islahatlar nəticəsində 72 min 797 ailəyə və ya 241 min 46 nəfərə pulsuz torpaq sahəsi verilmişdir. Sonrakı illərdə isə Naxçıvan MR Ali Məclis Sədrinin sərəncamı ilə əhalinin ərzaqla etibarlı təminatı, üzümçülüyün,  kartofçuluğun, meyvə-tərəvəzçiliyin inkişafı üzrə 4 dövlət proqramı qəbul edilmiş və onların icrasına başlanmışdır. Bunlardan başqa, muxtar respublikada sözügedən sahənin inkişafı ilə əlaqədar digər tədbirlər də həyata keçirilmişdir.

Bütün bunların nəticəsində aqrar sektorun qarşısında duran vəzifələri gerçəkləşdirmək üçün sahənin maddi-texniki bazası möhkəmlənmiş, istehsal məqsədli torpaq sahələrinin əkin dövriyyəsinə cəlb olunması təmin edilmişdir. Təsadüfi deyil ki, əkin sahələri son 20 ildə 60,1 min hektarı ötüb keçmiş, başqa sözlə, 24 dəfə artmışdır. Sahənin maddi-texniki bazasının möhkəmləndirilməsinə  gəldikdə isə qeyd edək ki, 2005-ci ildən fəaliyyətə başlayan "Naxçıvan Aqrolizinq" ASC-nin xətti ilə müxtəlif təyinatlı 685 texnika alınmış, ASC-nin  Sədərək, Kəngərli və Ordubad rayonlarında filialları yaradılmış, təkcə son 2 ildə torpaq sahibkarlarına 302 texnika güzəştli şərtlərlə satılmış və icarəyə verilmişdir. Eyni zamanda, fermerlərə güzəştli şərtlərlə yüksək keyfiyyətli toxumların satışı təşkil olunmuşdur. Yalnız son 2 ildə torpaq sahiblərinə bu cür şərtlərlə 4079 tondan çox gübrə və qoruyucu maddələr satılmışdır.

Muxtar respublikada meliorasiyairriqasiya istiqamətində də xeyli işlər görülmüşdür. Məsələn, son 2 ildə əlavə olaraq 4 nasos stansiyası, 15 subartezian quyusu, 43 kəhriz istifadəyə verilmişdir. Ümumiyyətlə, bu gün Naxçıvan MR-də 157 nasos stansiyası, 2103 müxtəlif güclü transformator stansiyası, eləcə də 360 subartezian quyusu və 100-dən çox təmir olunmuş kəhriz var.

Kənd təsərrüfatı məhsulları istehsalını artırmaq və bütövlükdə sahənin inkişaf etdirilməsi üçün həyata keçirilən tədbirlərin sırasında yeni emal müəssisələrinin, soyuducu kameraların və saxlama anbarlarının tikintisi də mütləq qeyd olunmalıdır. Bir faktı göstərək: bu gün Naxçıvan MR-də 15 taxıl emalı müəssisəsi fəaliyyət göstərir və onlar gündə 200 ton taxılı emal etmək gücündədir.

Naxçıvan iqtisadi rayonunda heyvandarlığın da inkişafına xüsusi diqqət yetirilir. Bu məqsədlə qaramalın və davarın baş sayı və onların məhsuldarlığının artırılması üçün tədbirlər görülür, sahənin yem bazası möhkəmləndirilir. Onu da xüsusilə göstərmək lazımdır ki, muxtar respublikada 205 kəndin, bir sıra qəsəbələrin hər bir ev təsərrüfatında əhali heyvandarlıq və quşçuluqla məşğul olur, öz tələbatını etməklə yanaşı, bazara da məhsul çıxarır.

Yeri gəlmişkən qeyd edək ki, iqtisadi rayon üzrə mövcud olan mal-qaranın cins tərkibini yaxşılaşdırmaq üçün 2012-ci ildə xaricdən daha 296 baş düyə gətirilərək sahibkarlara satılmışdır. Xatırladaq ki, muxtar respublikaya keçən il 770, bütünlükdə isə 1020 baş cins mal-qara gətirilmişdir. Bütün bunların sayəsində 2012-ci ilin on bir ayında muxtar respublikada ət istehsalı (diri çəkidə) 15356,9,   süd istehsalı 72397 tona çatmışdır ki, bu da 2011-ci ilə nisbətən xeyli çoxdur. Eyni zamanda, həmin məhsulların maya dəyəri aşağı düşmüş və beləliklə, sahənin  rentabelliyi yüksəlmişdir.

Ümumiyyətlə, 2012-ci ildə görülmüş tədbirlər nəticəsində Naxçıvan MR-də bütünlükdə 60,1 min hektar torpaq sahəsi əkin dövriyyəsinə daxil edilmiş, 37,6 min hektar sahədən 101 min 848 ton yüksək keyfiyyətli taxıl götürülmüş, məhsuldarlıq 29,8 sentner olmuşdur. Taxıl məhsulunun demək olar ki, əsas hissəsi buğdadır. Bundan savayı, iqtisadi rayon üzrə 2012-ci ildə 2831 hektarda kartof, 6093 hektarda tərəvəz, 2938 hektarda bostan məhsulları yetişdirilmiş və həmin sahələrin hər hektarından əvvəlki ilə nisbətən 5,2 sentner çox məhsul əldə edilmişdir. Bu isə 65 min 809 ton tərəvəz, 55 min 443 ton bostan məhsulları, 443 ton meyvə deməkdir ki, bu da 1995-ci ilin göstəricilərindən müvafiq olaraq 4,3, 50,6, 104,5 və 3 dəfə artıqdır. Bütün bunların sayəsində bu gün muxtar respublikada 110 növdə və 250 çeşiddə kənd təsərrüfatı məhsullarına olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir.

Bütünlükdə aqrar sektorun sürətli inkişafı, məhsuldarlığın yüksəlməsi və istehsal xərclərinin aşağı salınması kənd əhalisinin, eləcə də emal müəssisələri  işçilərinin gəlirlərinin artması, məşğulluğunun sabitləşməsi, ərzaq təminatının idxaldan asılılığına son qoyulması üçün əlverişli şərait yaratmışdır.

 

 

Asif ŞİRƏLİYEV,

iqtisad elmləri doktoru, Naxçıvan

 Dövlət Universitetinin professor

 

Azərbaycan.-2013.- 10 yanvar.- S.4.