Məktəb binalarının tikintisinə diqqət artıb

 

Gündən-günə inkişaf edib yeniləşən, gözəlləşən bölgələr sırasında Sabirabadın da xüsusi yeri var. Muğam düzünün mərkəzi sayılan Sabirabad rayonu regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsində böyük uğurlar qazanır. Bölgə əhalisinin həyat şəraitini daha da yaxşılaşdırmağa yönələn dövlət qayğısının reallaşması hər kəsdə razılıq doğurur.

Rayonda yol-nəqliyyat infrastrukturunun yenidən qurulması, Kür çayı üzərində möhtəşəm körpünün salınması, içməli su, elektrik enerjisi və təbii qazla təminatda illərdən bəri davam edən problemlərin aradan qaldırılması bölgəyə davamlı və yetərli dövlət qayğısının əyani göstəriciləridir. Dövlət qayğısının əsas istiqamətlərindən biri də təhsil sisteminin inkişafını müasir tələblər səviyyəsinə çatdırmaqdır. Bu məqsədlə həyata keçirilən genişmiqyaslı tədbirlər təqdirəlayiqdir. Rayonda yeni məktəb binalarının inşasına böyük önəm verilir. Əsaslı təmir edilən məktəblər isə yenimüasir görkəmi ilə göz oxşayır. M.Ə.Sabir adına 1 saylı şəhər tam orta məktəb binasının qəzalı vəziyyəti son illər pedaqoji kollektivi də, şagirdləri də, valideynləri də ciddi narahat edirdi. Dövlətin artan iqtisadi gücü sayəsində bu narahatçılığa son qoyuldu. Heydər Əliyev Fondunun vəsaiti hesabına yararsız vəziyyətə düşmüş köhnə bina söküldü, yerində 1200 şagird yerlik möhtəşəm bir təhsil ocağı inşa olundu. Hər cür avadanlıqlarla təchiz olunan yeni məktəb bütün parametrlər üzrə  müasir tələblərə cavab verir. 2012-ci ildə rayonun təhsil müəssisələrinin inşası və əsaslı təmiri sahəsində xeyli görülmüşdür. Respublika Təhsil Nazirliyinin vəsaiti hesabına E. Nadirov adına 8 saylı şəhər və Nərimankənd kənd tam orta məktəblərinin hər biri üçün 480 şagird yerlik yeni binalar tikilib istifadəyə verilmişdir.

2012-cu ilin yazında təbii fəlakət nəticəsində rayonun bir çox yaşayış məntəqələri sel suları altında qalmışdı. Təbii fəlakət nəticəsində rayonun təhsil müəssisələrinə də xeyli ziyan dəymişdi. Respublika Fövqəladə Hallar Nazirliyi tərəfindən Yuxarı Axtaçı kənd tam orta məktəbi üçün 250 şagird yerlik yeni binanın tikilib istifadəyə verilməsi məlum təbii fəlakətin doğurduğu fəsadların aradan qaldırılması sahəsində görülən kompleks tədbirlərin tərkib hissəsidir. Respublika Təhsil və Fövqəladə Hallar nazirlikləri təhsil müəssisələrinin inşası və təmiri işlərini mərhələlərlə davam etdirməkdədir.

2012-ci il Sabirabad rayonunda təhsil sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsində mühüm mərhələ olmuşdur. N.Gəncəvi adına 5 saylı şəhər tam orta məktəb binası və 2 saylı şəhər uşaq bağçası dövlət vəsaiti hesabına əsaslı təmir edilmişdir. H.Z.Tağıyev adına 6 saylı şəhər tam orta məktəb binası əsaslı təmir edilməklə bərabər əlavə olaraq məktəb üçün 200 şagird yerlik 10 sinif otağı inşa edilmişdir.

İndi rayonun təhsil müəssisələrini qış qayğıları düşündürür. Vaxtında görülən hazırlıq işləri qışın şaxtalı günlərində də ahəngdarlığın pozulmayacağına təminat verir. Şəhər məktəbləri istilik sistemi ilə təmin edilmişdir. Kənd məktəblərinin qızdırılması üçün kifayət qədər duru yanacaqodun tədarük olunmuşdur. Bu məqsədlə 347 ədəd duru yanacaq, 83 ədəd odun peçi alınıb məktəblərə verilmişdir.

 

 

 Lazım QULİYEV

 

Azərbaycan.-2013.- 10 yanvar.- S.5.