Dövlət Neft Fondunun aldığı qızılın bir tonu Bakıya gətirilmişdir

 

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) yeni investisiya siyasətinə uyğun aldığı qızılın ilk 1 tonu yanvarın 11-də ölkəyə gətirilmişdir. AzərTAc xəbər verir ki, xalis qızıl külçələrinin Heydər Əliyev Beynəlxalq Hava Limanında təhvil-təslim proseduruna bütün incəliklərinə qədər əməl olunmuşdur.

Prezident İlham Əliyevin 2011-ci il 27 oktyabr tarixli fərmanı ilə "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin saxlanması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar"a dəyişiklik edilmiş və yeni investisiya siyasəti müəyyənləşdirilmişdir. Bu siyasətə əsasən ARDNF investisiya portfelinin məcmu dəyərinin 5 faizə qədəri qızıla investisiya oluna bilər. Ötən ilin fevralın 1-dən etibarən London Qiymətli Metallar Bazarı İştirakçıları Assosiasiyasının üzvü olan banklardan həmin qurum tərəfindən tətbiq edilən tələblərə uyğun olaraq həftədə 25 qızıl külçəsinin (10 000 troya unsiyası) alışına başlanmışdır. Qiymət dəyişkənliyi riskinin minimuma endirilməsi məqsədi ilə alınması nəzərdə tutulmuş qızılın ümumi miqdarının mərhələli şəkildə - həftələr üzrə bərabər səviyyədə bölüşdürülməklə 2 il müddətində Dövlət Neft Fondunun investisiya portfelinə daxil edilməsi planlaşdırılmışdır.

Heydər Əliyev Beynəlxalq Hava Limanında təhvil-təslim proseduru başa çatdıqdan sonra qiymətli yük Mərkəzi Banka gətirilmək üçün təhlükəsizliyə ciddi əməl olunaraq xüsusi avtomobillərə yüklənmişdir. Qızıl külçələr yüklənmiş avtomobillər təhlükəsizlik xidməti və yol polisinin müşayiəti ilə Mərkəzi Banka yola salınmışdır. Təhvil-təslim proseduru Mərkəzi Bankda davam etdirilmişdir. Ötən il  dekabrın 31-dək ARDNF-nin investisiya portfelinə daxil edilmiş qızılın miqdarı 480.146 troya unsiyası və ya 14.934 kiloqram təşkil edir. Fond tərəfindən alınan qızılın müvəqqəti saxlanması üçün bu sahədəki müsbət təcrübələri və saxlama xərcləri nəzərə alınaraq "JP Morgan" Bankının London anbarı seçilmişdir. Növbəti mərhələdə strateji əhəmiyyətli rezerv xarakteri daşıyan qızıl ehtiyatlarının ölkəyə gətirilməsi və respublikamızda saxlanması qərara alınmışdır.

Dövlət Neft Fondu tərəfindən alınan qızıl  Böyük Britaniyanın "Brinks Qlobal Servisiz" şirkəti tərəfindən ölkəmizə gətirilmiş və müvəqqəti olaraq Azərbaycan Respublikası Mərkəzi Bankında saxlanacaqdır.

Xatırladaq ki, Dövlət Neft Fondunun yeni inzibati binasında müasir standartlara uyğun xəzinənin də inşası nəzərdə tutulmuşdur. Həmin bina istifadəyə verildikdən sonra alınan qızılın bu xəzinədə saxlanması planlaşdırılmışdır.

 

 

Azərbaycan.-2013.- 12 yanvar.- S.1.