BDÖZ - zavodtikinti meydanı

 

"Zavod" deyəndə adətən göz önünə müxtəlif avadanlıqların yerləşdiyi konkret bir məhsulun buraxıldığı sex, yaxud digər istehsalat sahəsi canlanır. Dünyada tək-tək olsa da, bənzərsiz zavodlar da var. Məsələn, BDÖZ - Bakı Dərin Özüllər Zavodu kimi...

Bir anlığa çaşıb qalırsan: bu, müəssisədir, yoxsa nəhəng tikinti meydanı? Maraqlıdır ki, onun heç inşaat meydanı kimi də oxşarı yoxdur. Ən azı Azərbaycanda, Xəzər regionunda, bütün keçmiş SSRİ məkanında...

BDÖZ ulu öndər Heydər Əliyev uzaqgörənliyinin bəhrələrindən biridir.  Bu müəssisənin keçən əsrin 70-ci illərində məhz Azərbaycanda tikilməsi ümummilli liderin səyi, mübarizliyi, qətiyyəti və nüfuzu sayəsində mümkün olub.

Ölkə Prezidenti İlham Əliyevin dediyi kimi: "Əgər dərin özüllər zavodu tikilməsəydi, "Əsrin kontraktı"nın icrası bir neçə il yubana bilərdi. Yaxud da "Əsrin kontraktı"nda təsdiq edilmiş şərtlər bizim üçün daha ağır ola bilərdi. Əgər bizim çox inkişaf etmiş neft infrastrukturumuz, xüsusi gəmilərimiz və platformalarımız olmasaydı, "Əsrin kontraktı"nın imzalanması hesab edirəm ki, bizə o qədər səmərə verməzdi, ümumiyyətlə, xarici şirkətlər 1994-cü ildə Azərbaycana sərmayə qoyacaqdı, qoymayacaqdı, bu, hələ sual doğururdu".

Öz yaradıcısının - ulu öndər Heydər Əliyevin adını şərəflə daşıyan müəssisə bu gün Azərbaycan iqtisadiyyatının inkişafında əhəmiyyətli rol oynayır. Dəniz neftqaz yataqlarının işlənməsi üçün buraxılan dərin özüllər zavodun əsas məhsulu sayılır. Burada dərin dəniz özüllərinin layihələndirilməsi, hazırlanması, quraşdırılması, suya buraxılması, təyinat yerinə nəqli, istismara verilməsi kimi geniş profilli çoxşaxəli işlər yerinə yetirilir.

İşə düşdüyü vaxtdan Xəzərdəki bir sıra yataqlar üçün dərin stasionar özüllər istehsal edən zavod "Əsrin müqaviləsi" imzalanandan sonra daha da gücləndi və müasirləşdi. İlkin Neft Layihəsi həyata keçirilərkən müəssisədə mövcud "Çıraq-1" platforması modernləşdirildi. Bu qurğu demək olar ki, təzədən tikildi.  Sonra "Azəri", "Dərinsulu Günəşli" yataqlarının işlənməsi üçün qurğular inşa edildi. Başqa sözlə, "Mərkəzi Azəri", "Qərbi Azəri", "Şərqi Azəri" qazma, hasilat və yaşayış platformalarının, KompressorSuvurma Platformasının, "Dərinsulu Günəşli"də quraşdırılmış daha iki platformanın bəziləri bütövlükdə, bəzilərinin isə bir hissəsi BDÖZ-də araya-ərsəyə gəldi.

ARDNŞ-yə məxsus bu müəssisənin sexlərində və tikinti-quraşdırma sahələrində azərbaycanlılarla yanaşı, neçə-neçə xarici vətəndaş çalışmağa başladı. Dünyada neft-qaz infrastrukturunun yaradılmasında və qurğularının inşasında ən böyük podratçılar kimi tanınan ABŞ-ın "MakDermott", Fransanın "Byuqz", İtaliyanın "Saypem" şirkətləri "Azəri-Çıraq-Günəşli" layihəsinin əməliyyatçısı olan BP-nin sifarişi ilə burada ən müasir platformalar tikdilər.

Hələ 2002-ci ilin yayında - işlərin geniş vüsət almağa başladığı ilk dövrlər idi - "Byuqz"u təmsil edən baş menecer Arçi Kormək jurnalistlərlə sahələri gəzərkən ayaq saxlayıb buranı ilk dəfə görürmüş kimi həyəcanla dedi:

- Hələ gənc yaşlarımdan qismətimə dünyanın bir sıra ölkələrində, özüböyük layihələrdə  işləmək düşüb. Bu cür nəhəng bir istehsalat sahəsi görməmişəmE

İndi zavodun tikinti-quraşdırma sahəsində 100 faiz Azərbaycan müəssisəsi olan "BOS-Şelf" də çalışır. Yerli infrastrukturdan istifadə edilərək azərbaycanlı menecer İlqar Məmmədovun rəhbərliyi ilə bütövlüklə ölkəmizdə inşa edilən "Qərbi Çıraq" platformasının dayaq bloku məhz bu müəssisədə hazırlanıb. Qurğu zavodun yanalma körpüsündə STB-1 barjına yüklənərək Xəzərə, öz daimi yerinə göndəriləcəyi günü gözləyir.

 

 

Flora SADIQLI

 

         Azərbaycan.-2013.- 12 yanvar.- S.1.