Azərbaycan Almaniyanın strateji tərəfdaşıdır

 

Almaniyada fəaliyyət göstərən nüfuzlu "Almaniyadan yəhudi səsi" elektron resursunda "Azərbaycan Almaniyanın strateji tərəfdaşıdır" sərlövhəli məqalə dərc olunmuşdur (http://jewish-voice-from-germany.de/cms/azerbaijan-a-strategic-partner-for-germanys-energy-transition/). AzərTAc məqalənin xülasəsini təqdim edir.

Məqalənin müəllifi Siqfrid Quterman yazır ki, Fukusima fəlakətindən sonra Almaniya enerji siyasətini tamamilə dəyişməyi qərara almışdır. Bütün tərəflər atom enerjisindən 2022-ci ilə qədər imtina etmək niyyətindədir. Bu qərarın nəticəsində Avropanın böyük sənaye iqtisadiyyatı getdikcə daha çox təbii qazın idxalından asılı olacaqdır. Bununla yanaşı, özü də bərpa olunan enerji istehsal etməlidir.

Quterman yazır: "Berlin indi əlavə siyasiiqtisadi tərəfdaş axtarmaq məcburiyyətindədir. Möhkəm Transatlantik əlaqələrdən kənara nəzər saldıqda, Berlinin diqqəti indi Qafqaz regionuna yönəlmişdir. Bu region təbii ehtiyatlarla zəngindir. Burada tərəfdaşlar üçün zəngin ümidverici imkanlar vardır".

Müəllif xüsusi vurğulayır ki, Berlin üçün regionda yeganə həyati əhəmiyyətli strateji tərəfdaş Azərbaycandır. Almaniyanın həm özəl, həm də dövlət sektorlarında Bakının rolunun artdığını getdikcə daha çox anlayırlar. Almaniyanın və Avropanın iqtisadi ekspertləri ölkədə həyata keçirilən layihələrin potensialını aydınlaşdırırlar. Bu ticarət missiyanın diqqət mərkəzində əlbəttə ki, Azərbaycanın malik olduğu zəngin neftqaz ehtiyatlarıdır. Avropa bu ehtiyatlardan enerji təhlükəsizliyi üçün faydalanmağa çalışır.

Quterman hesab edir ki, Avropa İttifaqı birtərəfli enerji asılılığından qaçmaq istəyir və Azərbaycan qazının da Qərbi Avropa ölkələrinə nəqlini təmin etmək üçün addımlar atır.

Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger Avropa ölkələrinin bir mənbədən qaz idxalından asılılığının qarşısını almağa cəhd göstərir. Müəllif Ottingerin "Almaniyadan yəhudi səsi" elektron resursuna verdiyi müsahibəsinə istinad edərək yazır: "Bizim uzunmüddətli enerji təminatını həll etməyimiz Avropa üçün daha mühüm əhəmiyyət kəsb edir. Azərbaycan siyasi cəhətdən sabit və xüsusən Avropa üçün mühüm strateji qazneft təminatçısıdır". Almaniyanın federal hökuməti və parlamenti  Azərbaycanın Almaniya üçün əhəmiyyətini anlamağa başlayır.

Müəllif Almaniyanın iqtisadiyyat naziri Filipp Röslerdən də sitat gətirərək yazır: "Enerji təhlükəsizliyini təmin etmək üçün Almaniyaya uzunmüddətli və etibarlı tərəfdaşlar çox vacibdir. Azərbaycan bizim enerji təchizatımızın təmin edilməsinə və bununla da digər ölkələrdən asılılığımızın azaldılmasına çox böyük töhfə verə bilər".

Quterman "qızıl yatağı" adlandırdığı "Şahdəniz" qaz yatağının da əhəmiyyəti haqqında yazır. Bildirir ki, "Şahdəniz" yatağı Avropa İttifaqının enerji təhlükəsizliyinin təminində hazırda çox ehtiyac duyulan ən böyük mənbələrdən biridir. Mart ayında qazın "Nabucco", yoxsa "Trans-Adriatik" kəmərləri vasitəsilə Qərbi Avropaya çatdırılması üçün qərar qəbul olunacaqdır. Təbii qazı Türkiyə, Bolqarıstan və Avstriya ərazilərindən nəql edəcək "Nabucco" layihəsi 2012-ci ilin sonuna qədər Almaniyanın "RWE" şirkəti tərəfindən dəstəklənirdi. "RWE"nin layihədə 17 faiz payı var idi. Layihənin yenidən qiymətləndirilməsi zamanı mənfi məqamların üzə çıxacağı ilə bağlı iddialar "RWE"nin öz səhmlərini Avstriyanın "OMV" şirkətinə satması ilə nəticələndi.

Alternativ TAP kəməri vasitəsilə Azərbaycan qazı Yunanıstana, Albaniyaya, oradan isə Adriatik dənizi vasitəsilə İtaliyaya nəql ediləcəkdir. TAP konsorsiumuna Almaniyanın "E.ON" , Norveçin "Statoil", İsveçrənin "EGL" şirkətləri daxildir. Hazırda TAP layihəsi daha ümidverici görünür.

BP və onun tərəfdaşı olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) "Şahdəniz" qaz yatağının istismarı haqqında müqavilə imzalamışlar. ARDNŞ 1993-cü ildə yaradılmışdır. Bu şirkətin təxminən 60 min işçisi vardır. Bir neçə ildən sonra "Şahdəniz" layihəsinin işlənilməsi ilə bağlı işlərə başlanacaqdır. Bu layihəyə əsasən, il ərzində 16 milyard kubmetr qazın hasil ediləcəyi gözlənilir. 2025-ci ilə qədər hasil ediləcək qazın həcmi 50 milyard kubmetrə çatdırılacaqdır. Bu həcm isə 30 milyon istehlakçının təmin edilməsi üçün kifayətdir.

Müəllif yazır ki, Azərbaycanın bütövlükdə enerji resurslarının 2 milyard 550 milyon kubmetrini təbii qaz, 2 milyard tona qədərini isə neft təşkil edir.

Quterman Azərbaycanın xarici siyasətdə və demokratik cəmiyyət quruculuğunda mühüm uğurlar qazandığını da xüsusi vurğulayır. Qeyd edir ki, Almaniyanın etibarlı enerji təchizatı məsələsinin həm də təhlükəsizlik baxımından əhəmiyyəti vardır. Müəllif yazır ki, Rusiya özünün strateji maraqları olan güclü dövlətdir. Azərbaycan isə imperiya ambisiyaları olmayan kiçik bir dövlətdir. Lakin kiçik olmasına baxmayaraq, Azərbaycan sabit və etibarlı tərəfdaşdır.

Müəllif yazır ki, Azərbaycan 9 milyon əhalisi olan Avstriya ilə ərazi baxımından demək olar ki, eynidir. Xəzər dənizi sahilində, Avropa ilə Asiyanın qovuşuğunda yerləşən bu ölkə olduqca əlverişli coğrafi mövqeyə malikdir. 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Qərb demokratiyası nümunəsində siyasi islahatlar həyata keçirir. Prezidentli respublika olan Azərbaycanda parlamentdə təmsil olunan çoxlu sayda siyasi partiya fəaliyyət göstərir. Azərbaycanda yüzlərlə mətbu orqanteleradio vardır.

Müəllif sonra yazır: "Tez-tez yaddan çıxsa da deməliyik ki, Azərbaycan dini dözümlülük ənənəsi olan və mədəni cəhətdən çox açıq ölkədir. Əhalisinin əksəriyyəti müsəlmandır, amma burada azlıqların hüquqlarına hörmət vardır, xristianlar və yəhudilər öz dini inanclarını yerinə yetirməkdə azaddırlar. İsrail, İspanAlmaniyadan sonra Azərbaycanın yəhudi icması sayca dünyada ən böyüyüdür. Müsəlman şərqində ilk opera məhz Bakıda yaradılmışdır.

Azərbaycanda qadınların statusunu da nümunə göstərmək olar - 2012-ci ildə 17 yaşlı qızlar arasında futbol üzrə dünya çempionatı məhz burada keçirilmişdir.

Azərbaycan daxilixarici siyasətində həmişə sabitliyə və tarazlığa çalışır. Buna baxmayaraq, dövlətin ağrılı problemi də vardır. Sovet İttifaqı dağılandan sonra qonşu Ermənistan ilə Azərbaycan arasında münaqişə baş verdi. Döyüşlər nəticəsində erməni ordusu ölkə ərazisinin 20 faizini, o cümlədən Dağlıq Qarabağ anklavını işğal etdi. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməsinə (822, 853, 874, 884 nömrəli) baxmayaraq, Yerevan beynəlxalq qanunvericiliyin ziddinə olaraq ələ keçirdiyi əraziləri hələ də işğal altında saxlayır.

Quterman dönə-dönə vurğulayır ki, Azərbaycanın Dağlıq Qarabağ regionunun Ermənistan tərəfindən işğalı regional prosesləri ləngidir və regionun təhlükəsizliyini təhdid edir. Sosial Demokrat Partiyasının (SDP) sədri Siqmar Qabriel BMT TŞ qətnamələrinin həyata keçməməsinə və qaçqınların və məcburi köçkünlərin vəziyyətinə təəssüf edir. Quterman Siqmar Qabrieldən sitat gətirir: "Ermənistan-Azərbaycan münaqişəsi 20 ildir ki, həll olunmur, məcburi köçkünlər öz doğma torpaqlarına qayıda bilmirlər. İki ölkə arasında intensiv döyüşlər rəsmi olaraq 1994-cü ildə atəşkəs razılaşması ilə başa çatdı. Amma bu, regiona sülh gətirməyib. Tərəflər arasında qoşunların təmas xətti boyu müntəzəm olaraq atışma gedir, insanlar yaralanır, həlak olur. BMT qətnamələri yerinə yetirilməyib, qaçqın və məcburi köçkünlər isə münaqişənin həll edilməsini gözləyirlər".   

Quterman digər bir siyasi xadimdən sitat gətirir. Onun sözlərinə görə, Avropa Parlamentinin prezidenti Martin Şults da eyni fikirdədir: "Avropa İttifaqı Nobel mükafatına layiq namizəd idi. Təkcə ona görə yox ki, o, qitədə barışdırıcı rol oynayır. Həm ona görə ki, o, İttifaqın sərhədlərindən uzaqda da münaqişələrin həllinə çalışır. Bu, İttifaqı lap astanasına gəlib çatmış münaqişələrin həllində daha fəal iştirak etməyə sövq edir. Burada, ilk növbədə, Dağlıq Qarabağ, Qərbi Saxara Yaxın Şərq münaqişələri yada düşür".  

Azərbaycanın kifayət qədər böyük ərazisinin işğalını beynəlxalq ictimaiyyət görməzliyə vurub. Azərbaycan dövləti təkcə qonşu dövlətin deyil, həm Qərbi Avropanın biganəliyinin qurbanı olmuşdur".

Müəllif fikirlərini belə yekunlaşdırır: "Azərbaycan Qərbi Avropa ilə əlaqələrini möhkəmləndirmək istəyir. İndi siyasətçilər və biznes liderləri, xüsusən alman siyasi xadimləri bunu nəzərə almalı, bu gənc respublika ilə əlaqələri yaxşılaşdırmalıdırlar. Ermənistanla münaqişənin həlli üçün atılan addımlar həm Avropanın, həm də Almaniyanın marağına xidmət edir".

 

 

Azərbaycan.-2013.- 12 yanvar.- S.3.