Ramazan oğulları

 

Represiya qurbanlar

O vaxt Gəncəyə tez-tez gedib-gələn respublika xalq daxili işlər komissarı Həmid Sultanov bu bölgəyə yaxşı bələd olduğu və Ramazan oğullarını, onların dəstə üzvlərini yaxından tanıdığı üçün dəfələrlə Rüstəmə sifariş göndərib onunla görüşmək istədiyini bildirmiş, təzə hökumətdə ona vəzifə verməklə əməkdaşlığa dəvət etmişdi. Dəvətlərin nəticəsiz qaldığını görən hökumət qüvvələri Rüstəmin və qardaşı Təhməzin yerini bələdləyib ora dəstə-dəstə əsgər göndərirdilər. Kəndlərə, yollara gözətçi qoyur, meşələrə öyrədilmiş adamlar salırdılar.

...Sovet dönəmində bolşeviklərin "uğurlu" fəaliyyətlərindən bəhs edən yazılardan: "1922-ci ilin yanvar ayında Gəncə Qəza İcraiyyə Komitəsinin sədri Qasım İsmayılov bir sıra qaçaq dəstələrinin üzvlərinə sifarişlər göndərmiş və onları camaat arasına qayıtmağa, torpağa sahib çıxmağa, əkin-biçin işləri ilə məşğul olmağa çağırmışdı... Gəncəbasarın məşhur qaçaqlarından biri sayılan Məşədi Ramazan oğlu Rüstəmin bolşeviklərə rəğbət göstərməsi, onların tapşırığı ilə iqamətgahına çəkilməsi də yaxşı qarşılanmadı".

"Ramazan oğlu Rüstəmin, necə deyərlər, ram olması, bir paralarının xoşuna gəlməsə də, Qasım İsmayılovun əhval-ruhiyyəsini yaxşılaşdırmışdı".

"1922-ci ilin apreli, Gəncə İcraiyyə Komitəsinin sədri Qasım İsmayılov Gəncəbasara gələndən bəri neçə-neçə - "Mənəm!" deyən qaçaq ram edilib, inqilabi hökumətin tərəfinə keçib. Ən xoşa gələn odur ki, Məşədi Ramazan oğlu Rüstəm kimi bir igid onun təklifini qəbul edərək qaçaqlığın daşını atmağa razılıq vermişdi".

Xalqın gözü qarşısında baş verən və yaddaşlarda yaşayan həqiqət isə tam başqadır. Rüstəm, qardaşları Təhməz və Alməmməd Azərbaycan çar Rusiyasının tabeliyində olanda da qaçaqçılıqla məşğul olublar. Gəncə üsyanından sonra, ümumiyyətlə, Kürqırağı ormanlardan qırağa çıxmayıblar. Rüstəmin başçılıq etdiyi dəstə həmişə samuxlu Məmmədqasımın dəstəsiylə yoldaşliq edib, öldürülənədək - 1931-ci ilin sonuna kimi işğalçı şura hökumətinə - zülmə və zülmkara qarşı birlikdə vuruşub. Bu fikirlər Qaçaq Məmmədqasımın yazılı xatirələrində də təsdiqini tapıb. 1926-cı ildə olan hadisəni yada salan Məmmədqasım yazır: "Biz Qədilidə ikən köhnə bir alman dostum Ramazan oğlu Rüstəmdən soruşur: "Qasımdan nə xəbər?" Rüstəm isə "Qasımın yeri-yurdu bilinməz", deyə cavab verir. Alman təkidlə "Mən onunla görüşməliyəm" - deyir. Rüstəm: "Sən, Kür sahili boyunca gəz, mütləq rastlaşacaqsan" - deyə cavab verir".

Digər bir fakt: Qaçaqların Kürqırağı meşədə yerini öyrənən bolşeviklər Kürün üzərindən keçid tikmək adıyla Rüstəmin və qaçaq Məmmədqasımın üstünə çox sayda əsgər göndərirlər. Qəfil atışmada, qaçaqlardan da ölən olur, Rüstəmin dəstəsi də əks tərəfin xeyli əsgərini qırır. Əsgərlərə başçılıq edən Vasili Fyodoroviç və Qubalı Abdullayev vurulandan sonra bolşeviklər geri çəkilirlər. Rüstəm və Məmmədqasım izi azdırmaq üçün gecə üz tuturlar Ceyrançölə. Məmməqasım yazır: "Yaralılar qatırlarda, biz isə piyada Ceyrançölünün ucsuz-bucaqsız ərazisilə irəliləməyə başladıq. Qarşımızdan sürü-sürü ceyranlar qaçırdı. Ramazan oğlu Rüstəm bir ulduzu göstərib, bu ulduza tərəf gedək, dedi".

Bu faktlar da təsdiq edir ki, Ramazan oğlu Rüstəm 1931-cu ilin qışınadək bolşeviklərə qarşı vuruşub.

...Rüstəmi diri tuta bilməsələr də, ölüsünü mütləq gətirəcəklərinə söz verib Kürqırağı ormanlara - Osman bozuna, Ceyrancöldəki qışlaqlara hücum edən əsgərlərin hər dəfə yarıdan çoxu öldürülür, sağ qalanlar kor-peşman geri qayıdırdılar. Qaçaq Məmmədqasımın xatirələrindən: "Bolşeviklərə qan udduran Ramazan oğlu Rüstəmin üzərinə gedən qüvvələr onu tapmadıqdan sonra bizi təqib etmək üçün Samuxa doğru irəlilədikləri barədə məlumat aldım. Lakin onlar bizdən qorxub qaçan milislərlə rastlaşdıqdan sonra Samuxa gəlməyə cəsarət etməyib geri döndülər, arabalarda aparılan cəsədləri gördükdən sonra isə mütəəssir olaraq yeni planlar cızmaq üçün arxaya çəkildilər".

Rüstəmin üstünə hər dəfə yeni hökumətin əsgərləri yeriyəndə, Əbdüləlinin və Məmmədqasımın dəstəsi köməyə gəlirdi. Ormanlarda tez-tez yerlərini dəyişən qaçaqlar, o cümlədən Rüstəm, Təhməz və Alməmməd evlərinə, el-obadakı xeyirə-şərə xəlvəti gəlib-gedirdilər ki, bolşeviklər xəbər tutmasınlar. Şahidlərdən biri söyləyir ki, Məmmədqasım özü ilə qaçaqçılıq edən kiçik qardaşı Ələsə toy etmək üçün Samuxa gəlmişdi. Toya möhkəm hazırlıq görülürdü. Hadisədən xəbər tutan Gəncə Qəza Komitəsi və NKVD toya dəvətli olan Rüstəmi və Təhməzi "ya tutmaq, ya öldürmək" qərarını verir. Bu məqsədlə bolşeviklər Məmməqasımın evinin yaxınlığında, məscidin damına gecə pulemyot qoyub, toy məclisini hədəfə alırlar. Gəncə, Şamxor, Gədəbəy, Qazax, Göyçay, Qarabağ, Şəki, Ağdaş, Zaqatala milis qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirilir...

Tələdən xəbərsiz olan qaçaq Məmmədqasım deyirdi ki, gün çıxar-çıxmaz güllə səsi eşitdik. Bu güllə məsciddən bir silahdaşımıza atılmışdı. Güllə səsləri çoxalanda məsələ aydınlaşdı. Məsciddən evimiz güclü atəşə tutulurdu. Hər tərəfdən milis nəfərləri evimizi mühasirəyə almaq üçün sürünə-sürünə bizə tərəf irəliləyirdilər. Birdən milislər "ura!" deyərək hücuma keçdilər. Biz evin içində 7 nəfər idik (onların arasında Ramazan oğulları da olub), onlar isə çox. Lakin onlara göz açmağa imkan vetmədik və Göyçay Qəza Komitəsinin rəhbəri Məhəmməd bəyi əsgərlərilə birgə öldürə bildik. Ayağa durmaq istəyən yerə sərilirdi. Bizə ardıcıl olaraq "Təslim olun!" deyə qışqırırdılar. Lakin müsəlman olduğumuza görə məscidə atəş açmırdıq...

Toy üçün ətlik heyvan gətirməyə gedənlərin də bu vuruşmadan xəbərləri yox idi. Onlar kəndə girəndə atəş səslərini eşidirlər, elə başa düşürlər ki, atəş səsi toy şənliyindən gəlir. Lakin yaxınlaşanda hər şey aydın olur. Onlar da heyvanları buraxıb, milislərin arxasında mövqe tutub atəş açırlar. Beləcə, iki atəş arasında çaş-baş qalan milislər qorxub qaçmağa başlayırlar.

Axşama yaxın toy yeri qan çanağına döndü. Düşmən tərəfdən ölənləri bir yerə topladıq, 37 cəsəd vardı, yaralı daha çox idi. Ertəsi gün cəsədləri arabalara yüklədib Gəncəyə - vilayət mərkəzinə göndərdik...

Yerli əhali Rüstəmə, Təhməzə, qaçaq Əbdüləliyə, Tanrıverdiyə, gürzalıya, Məmmədqasıma böyük hörmət göstərirdi. Onların dəstə üzvlərindən hansı biri kimin qapısına, nəyəsə göndərilsəydi, heç vaxt əliboş qayıtmazdı. Təsadüfi deyil ki, o illərdə neçə-neçə gəncəbasarlı "xalq düşməni" adıyla güllələnəndə və ya sürgünə göndəriləndə NKVD müstəntiqlərinin və "troyka"nın belə insanlara vurduğu bir damğa da "sənin qaçaqlarla əlaqən olub, onlara ərzaq, silah, patrondaş çatdırılmasında yardımçı olmusan və s." idi. Əslində, bu həqiqət idi. Çünki xalqının, vətəninin şərəfini qorumaq istəyən belə qaçaqlardan camaat nəinki hər hansı köməyini, hətta canını belə əsirgəmirdi. Rüstəmi, Təhməzi, Əbdüləlini, Eminli Tanrıverdini, Gürzalını, Məmmədqasımı daşnak-bolşevik hökumətindən, satqınlardan el özü qoruyurdu. Bolşeviklər onları tutmaq üçün kənddə-kəsəkdə nə qurğu qursaydılar, təəssübkeş insanlar dərhal qaçaqlara çatdırırdılar. İki-üç aydan bir Gəncə, Şəmkir, Tovuz, Qazax milisi, Az.QPU əməkdaşları Rüstəmin yerini öyrənən kimi onu tutmaq, ya da öldürmək üçün hücuma keçirdilər. Hər dəfə də belə hücumlar ən azı 40-50 əsgərin ölümü ilə nəticələnirdi.

...1930-cu il fevral ayının son günləri idi. Novruz bayramının yaxınlaşması ilə əlaqədar inanc yerlərinə üz tutanların, "Bitdili İmamı"na ziyarətə gələnlərin sayı çoxalmışdı. "Allahsızlığı" təbliğ edən bolşeviklər bundan çox narahat idi. İlk çərşənbədən Əliheydər Qarayevin tapşırığı ilə Şəmkir stansiyasında vaqon-qərargah yaradılmışdı. Qərargaha rəhbərlik Gəncə Qəza Komitəsinin təşviqat məsələləri üzrə şöbə müdiri Cəmil Məmmədzadəyə və Ağahüseyn Tağıyevə tapşırılmışdı. Onlar Şəmkir stansiyasında, Koltəhnəli, Keçili, Qurulux, Xuluf, Qapanlı, Bitdili, Qaracəmirli və digər kəndlərdə "xalq toplantıları" keçirirdilər. Camaatı bölgədəki qaçaqlara - o cümlədən, Rüstəmə, Təhməzə, Tanrıverdiyə, Gürzalıya, Əbdüləliyə və Məmmədqasıma, eləcə də el-oba adamı kimi tanınan nüfuzlu insanlara qarşı qaldırırdılar. Dinin şeytan əməli olduğunu söyləyərək camaatı "Bitdili İmamı"na getməməyə, mollalara, axundlara, şeyxlərə, əfəndilərə və ruhanilərə inanmamağa, yeni quruluşu bəyənməyənlərə qarşı birgə mübarizəyə çağırırdılar... Bunların nəticəsiz qaldığını görən firqəçilər "Bitdili İmamı"nı darmadağın etmək və orada olan din təəssübkeşlərini məhv etmək qərarına gəlirlər. Bunun üçün Ümumittifaq Kommunist Bolşeviklər Partiyası Mərkəzi Komitəsi tərəfindən göndərilən Qəzənfər Musabəyov və Gəncə Qəza Komitəsinin birinci katibi Əliheydər Qarayevin rəhbərliyi altında Şamxor, Tovuz, Qazax, Gədəbəy, Goranboy rayon qəza komitələri katiblərinin, büro üzvlərinin, Az.QPU-nun rayon təşkilatının iştirakı ilə Gəncədə xüsusi yığıncaq keçirilir, əhalinin qəzəbindən qorxaraq əlverişli vaxt kimi Novruz bayramından bir həftə sonra planın həyata keçirilməsini qərara alırlar.

Rüstəmə xəbər çatır ki, əsgərlər Şəmkir stansiyasının aşağı hissəsindən başlayaraq, Bitdili kəndini hər tərəfdən üzük qaşı kimi mühasirəyə alıblar. "Bitdili İmamı" dağıtmaq istəyirlər. Bunu Əbdüləliyə, Gürzalıya və Məmmədqasıma da çatdırırlar.

Novruz bayramından bir həftə sonra səhər açılar-açılmaz əsgərlər "Bitdili İmamı"na gedənlərin qabağını kəsib, dörd bir tərəfdən atəş aça-aça irəliləyəndə, Rüstəmin, Əbdüləlinin, Tanrıverdinin və Məmmədqasımın dəstələri onları arxadan qıra-qıra gəlirlər. Şəmkir stansiyasında əyləşən qərargah rəhbərləri kol-kosun içində ölən əsgərlərdən yalnız Rüstəmin dəstəsi "Bitdili İmamı"nı bolşeviklərdən qabaq dövrəyə alanda xəbər tuta bilirlər. Ziyarət yerinin təşkilatçılarından Hacı Əhməd və qardaşları, Qululu Abdulla, İsgəndər, Temur və qardaşları, habelə bir neçə kənd adamı şəhid olsa da, çoxlu sayda əsgər öldürülmüşdü.

Hadisədən xəbər tutan Şamxor Rayon Partiya Komitəsinin büro üzvü Məhəmməd Qurbanov (Kürən Məhəmməd) qırğına yol verməmək üçün əvvəllər dost münasibətində olduğu Rüstəmlə və quruluxlu Əbdüləliylə görüşür. Məhəmməd Qurbanovun bir sözünü iki etməyən qaçaqlar axşama yaxın Kürqırağı ormanlara çəkilirlər. Martın 30 və 31-də bolşeviklər tərəfindən daşı-daş üstə qalmayan "Bitdili İmamı"nın ərazisində uzun illər heç nə bitmirdi, sanki torpaq da nahaq qan tökənlərdən incimişdi.

Bolşevikər yerlə-yeksan etdikləri "Bitdili İmamı"nın xarabalıqlarına, ora gedən yollara keşikçi qoymuşdular, Kürqırağı kəndlərə, yataqlara, ormanlara adam saldırıb, dəstə-dəstə əsgər göndərib Rüstəmi, Təhməzi axtarırdılar. Ramazan oğulları onları axtaranların sayının gündən-günə çoxaldığını görüb izi itirmək məqsədilə Gürcüstan tərəfi meşəliklərə çəkilirlər. Gəncə və Şəmkir qəza komitəsi, qəza milisinin dəstələri isə daim onların axtarışında idi. Həmin il qış da sanki tez gəlmişdi. Soyuq gecələr ormanlarda qalmağa, qaçaqları axtarmağa imkan vermirdi. Odur ki, NKVD-çilər əvvəlcə qış aylarında Ramazan oğullarının etibar edib, baş çəkdikləri yataqları müəyyən edirlər. Sonra Rüstəmin atasının yaxın dostu, qardaşı Alməmmədin kirvəsi samuxlu Şəməhli İsrəfili tapırlar. Rüstəm İsrəfilin xətrini çox istəyirdi, heç vaxtı onun bir sözünü iki etməzdi. Özü də bu, qarşılıqlı idi.

Gəncə Siyasi İdarəsinin əməkdaşları İsrəfili idarədə elə sıxma-boğmaya salırlar ki, onların təklifinə "baş üstə" deməkdən başqa çarəsi qalmır.

Səhərə yaxın öz yatağının yaxınlığında NKVD-çilərin atından düşürülüb öz atına mindirilən İsrəfil bütün günü ora-bura vurnuxub, nə edəcəyini bilmir. Axşam dözməyib əhvalatı arvadına danışır. "Əgər onların dediyinə əməl etməsəm, hamımızı ya qıracaq, ya da sürgünə göndərəcəklər" - deyir.

Məcburiyyət qarşısında qalan İsrəfil kişi, səhərisi oğlunu çağırıb deyir:

"Get, Rüstəm əminə mənim adımdan de ki, gəlsinlər bizə, çimsinlər, təmizlənsinlər, ona təzə paltar da tikdirmişəm, gəlsin geyinsin..."

Uşaq atasının dediklərini olduğu kimi Rüstəmə çatdırır.

Axşamtərəfi Rüstəm qardaşı Təhməzə deyir: "Gedək kirvəgilə, gecəni də orada qalarıq".

Təhməz: "Ay qağa, uşaq sənnən danışanda rəngi yaman qaçmışdı, şübhələnirəm, gəl getməyək".

Rüstəm: "Söz vermişəm, getməsək yaxşı düşməz" -deyib getməyi məsləhət görür.

Axmazın günbatan tərəfində, meşənin qırağındakı yatağa az qalmış Təhməz Rüstəmə təkrar deyir: "Ay qağa, vallah at da yerimir, şübhələnmişəm, gəl bura girməyək".

Deyilənə görə, Təhməzin atında belə bir xüsusiyyət var imiş, xətalı yerə zorla, dayana-dayana gedərmiş.

Rüstəm "Əyə, qorxma gəl, birinci dəfə deyil ki"

Yatağa yaxınlaşanda Təhməz yenə atı saxlayıb, dayanır, ətrafa diqqətlə nəzər yetirərək deyir: "Burnuma soldat sapoğuna çəkilən mazın iyi gəlir, deyəsən, içəridə soldat var, gəl qayıdaq".

Rüstəm gileyli-gileyli: "Bir ümid yerimiz var, ondan da əl çəkək?"

Qardaşının bir sözünü heç zaman iki etməyən Təhməz məcbur olub: "Onda mən çöldə durum, sən gir içəri, sonra gələrəm" - deyir.

Qardaşı atını dəhmizləyib gedəndə Təhməz yatağın arxa tərəfinə keçir.

Rüstəm atdan düşüb, olacağa keçir, silahını dirəyə söykəyib, yapınçısını çıxartmaq istəyəndə ona bir neçə istiqamətdən eyni vaxtda atəş açılır.

Güllə səslərindən Təhməzə hər şey aydın olur, ürəyinə daman, başına gəlir.

Əsgərlər meyiti götürüb yataqdan aralanmaq istəyəndə Təhməz onları atəşə tutub, bir neçəsini öldürür. Güllə səslərindən qoyun-quzu, atlar, itlər hürküb pərən-pərən düşür. Sağ qalan əsgərlər qorxudan meyiti qoyub, qaçırlar. Təhməz Rüstəmin meyitini götürüb xeyli aparandan sonra heydən düşür. Təhməzin tək olduğunu görən əsgərlərdən bir neçəsi ürəklənib təzədən atəş aça-aça ona tərəf gəlir. Təhməz məcbur olub, qardaşının silahını, patrondaşını, üstündəki əşyaları, pulu götürüb, meyiti yolun qırağında qarla dolu çökəkliyə qoyub, üz tutur Ceyrançölə - həmkəndliləri olan digər çobanların yanına. Onlara deyir ki, Rüstəmi öldürdülər, arxamca düşmüşdülər. Ona görə gətirə bilmədim, imkanınız varsa, siz gətirib, dəfn edin.

Hava işıqlananda çobanlar deyilən yerə gedib orada qarın üstündə qan izləri görsələr də, meyiti tapa bilmirlər.

Səhər Gəncəbasara xəbər yayılır ki, Ramazan oğlu Rüstəm öldürülüb, meyiti də Sərdar bağındadır...

Gəncə Qəza Komitəsi və NKVD rəhbərləri Sərdar bağında Rüstəmin meyitini zəncirlə böyük bir çinar ağacına bağlatdırırlar. Hökumət tərəfindən təşkil olunan "vida görüşü" pullu olur. Bu qeyri-adi "tamaşaya" bir həftə bilet satırlar.

Rüstəmin bacısı Leyli Gəncəyə gedir, çinara bağlananın qardaşı olduğunu yəqin edəndən sonra, onu aparıb kənddə dəfn etmək istəyir, vermirlər.

Leylidən sonra Rüstəmin xalası oğlu Yunis və yaxın qohumu İsrafil də Gəncəyə gedirlər, lakin meyiti onlara da vermirlər. Əksinə, hər ikisini dərhal həbs edirlər. Bunu bilən kənd camaatı, dost-tanış əl-ayğa düşüb onları qurtarmaq üçün yollar axtarır. Çox axtarışdan sonra təzə hökumətin yanında sözü keçən dəllərli Qara Astanı tapırlar. Onun vasitəsilə Gəncə Qəza Milisinin rəisinə 18 dəvə verib, Yunislə İsrafili QPU-nun zirzəmisindən çıxarırlar.

 

***

 

Artıq Rüstəmin, Təhməzin, Alməmmədin qoyun sürülərini, əkin sahələrini, təsərrüfat alətlərini, öküzünü, atını, arabasını, bir sözlə, nəyi vardısa, şura hökuməti müsadirə edib kolxoz yaratmışdı. Bəzi qohum-əqraba, tanış-biliş bolşeviklərin qorxusundan Təhməzdən aralı gəzirdilər. Adlı-sanlı qaçaqlar da bir-bir yoxa çıxmışdı - kimisi tutulmuş, kimisi güllələnmiş, kimisi sürgünə göndərilmiş, kimisi də ya İrana, ya da Türkiyəyə qaçmışdı. 1932-ci ilin yayı idi. Təhməz azsaylı dəstəsi ilə Ceyrançöl, Kürqırağı ormanlardan tutmuş Şəki-Zaqatala meşəliklərini dolaşırdı. Bu yerlərin adamları dəstə üzvlərini yaxşı tanıdıqlarından hamısı onların qulluğunda dururdu. Təhməz qardaşı Rüstəm öldürüləndən sonra demək olar ki, Məmmədqasımın dəstəsindən heç ayrılmırdı. Həmin ilin yayında Məmmədqasımın təklifi ilə qaçaqlar İrana keçmək üçün hökumət qüvvələri ilə vuruşa-vuruşa Araz çayının ətrafınadək gəlirlər. Səhərə yaxın Arazı keçməyə hazırlaşanda Təhməz Məmmədqasıma deyir ki, mən sizi yola salmağa gəlmişəm. Dörd uşağı, arvadı düşmən əlində qoyub hara gedim?! Məmmədqasımgil Arazı keçir, Təhməz isə öz dəstəsiylə Qaracəmirliyə qayıdır. Bunu hökumət qüvvələri də bilirdilər. Odur ki, Kürqırağı meşələrdə gecə-gündüz Təhməzi axtartdırır, amma tuta bilmirdilər.

Bolşeviklər çox arayıb-axtarandan sonra yenə kirvə məsələsi gündəmə gəlir. Şəmkir stansiyasında dəmir yolunda fəhlə işləyən Kəsəmənli Orucu tapıb gecə ikən rayon mərkəzinə gətirirlər. Az.QPU-nun Şəmkir təşkilatında "mehribanlıqla" qarşılanan dəmiryolçu Oruca deyirlər: "Bilirsən ki, dostun Təhməz hökumətə tabe olmur. Biz istəmirik onu da Rüstəm kimi öldürələr. Ona İran pasportu düzəldək, çıxsın getsin dostlarının yanına, onun da canı qurtarsın, bizim də. Amma bunu Təhməzə öz adından təklif elə, bizim adımızdan desən, razı olmaya bilər. Bundan kimsə xəbər tutsa, bizim də, sənin də yerin ya kənd qəbiristanlıgı, ya da köçlü-külfətli Sibirə sürgün olacaq". Bu görüşdə Oruc kişiyə hökumətdə vəzifə, uşaqlarının yaxşı işlə təmin olunacağı da vəd edilir.

...Oruc Kürsahili meşəyə, tanış yataqlara baş çəksə də, Təhməzi tapa bilmir. Etibarlı adamlara tapşırır ki, Təhməzi görəndə deyin ki, onunla vacib işim var, mütləq məni görsün.

Xəbər Təhməzə çatandan bir neçə gün sonra o, Orucgilə gəlir. Hal-əhval tutub çay içəndən sonra Oruc kişi mətləbə keçir:

- Mənim Bakıda, İran konsulluğunda bir tanışım var, gəl sənə bir İran pasportu düzəldim, qaçaqlığın daşını at, get ora, öz yer-yurdun olandan sonra külfətini də göndərərəm.

Kirvəyə etibarı böyük olduğundan Təhməz inanıb razılıq verir.

Bir neçə gündən sonra Şəmkir milisi Təhməzin adına yazılmış İran pasportunu Oruc kişiyə çatdırır.

Təhməz Qaracəmirliyə gəlib məsələni xalası oğlu Abdulkərimə danışır. Xalaoğlu da bu işdən xoşhal olur və axşamtərəfi faytonu qoşub, Təhməzi Şəmkir stansiyasına gətirir.

Kirvə İran pasportunu Təhməzə verir və bilet alıb onu Bakıya gedən sərnişin qatarına mindirir.

Qatar tərpənəndə Oruc da, Abdulkərim də dərindən nəfəs alırlar.

Təhməz vaqonda yerini rahatlayanda giriş qapısında iki əlisilahlı əsgər peyda olur. O biri başdakı qapıya baxanda görür ki, orada da iki əsgər gözlərini ona zilləyib. Təhməz tələni başa düşüb cəld silahını çıxarıb yaxın qapının ağzında dayanan əsgərləri güllələyib vaqonun pəncərəsindən çölə atılır.

Qatar dayandırılır, atışma başlayır. Güllə səslərinə yaxın ətrafdakılar hadisə yerinə axışırlar. Gələnlərin arasında Oruc kişi də olur, aldadıldığını görəndə ağlı başından çıxır.

Təhməz dəmiryol relslərinin altından keçən su arxında gizlənib onu axtaran əsgərləri bir-bir vurub öldürür. Əli fənərli vaqon bələdçilərindən kim fənər yandırırdısa, Təhməzin gülləsinə tuş gəlirdi. Bir saatadək davam edən atışma qəfildən kəsilir. Heç kim cürət edib fənər yandırmır. Az sonra atəş səsləri yenidən eşidilir. Su arxını 100-ə yaxın əsgər və hökumət adamı mühasirəyə alır. Bu qeyri-adi döyüşdə Təhməz düşmən əlinə sağ düşməmək üçün son gülləsini də özünə vurur.

Siyasi İdarənin əməkdaşları Təhməzin meyitini Şəmkirə aparıb Süleyman ağa Bədirbəylinin müsadirə olunmuş mülkündə yerləşən milis idarəsinin darvazasına bağlayıb üç gün saxlayır, camaatı kəndbəkənd yığıb meyitin "tamaşasına" gətirirlər.

...Müstəqillik uğrunda mübarizədə şəhid olan yüzlərlə azərbaycanlı kimi, Ramazan oğullarının da nə qəbirlərinin yeri məlumdur, nə də onlar haqqında qaldırılan "cinayət işi"nin arxivlərdə qovluğu var. Amma onların mərdlikləri, vətənpərvərlikləri, Vətənin azadlığı və müstəqilliyi uğrunda göstərdikləru şücaətlər, xeyirxahlıqlar xatirələrdə yaşayır, nəsildən-nəslə ötürülür.

 

Rəhman SALMANLI

 

Azərbaycan.-2013.- 12 yanvar.- S.5.