Şumer və türk leksik paralelləri

 

"Dillərin qohumluq məsələsini aydınlaşdırmaq üçün onların leksikonuna bura daxil olan sözlərin genetik və funksional oxşarlığı baxımından yanaşmaq, müqayisə olunan dillərin etimoloji mənalarını aşkar etmək lazımdır.

Lakin bu istiqamətdə atılan addımlar heç də həmişə uğurlu olmur. Vəziyyətdən yeganə çıxış yolu etnosu əhatə edən mühit və bunun əsasında formalaşmış etnodünyagörüş və dil vahidləri arasındakı semantik əlaqələrin aşkar olunmasıdır. Bu baxımdan dilin leksikonuna daxil olan sözlərin ikili mahiyyəti önəmli rol oynayır. Sözlər bir tərəfdən mühitə daxil olan nəsnələri işarə edir, digər tərəfdən isə həmin mühit haqqında etnodünyagörüşü formalaşdırır".

Bu fikirlər Nazim Hüseynli və Jalə Məmmədovanın "Türk dillərinin geneologiyası: Şumer və türk leksik paralelləri" kitabına yazılmış "Ön söz"dən götürülüb.

Bütövlükdə türkologiyada, şumerologiyada, həmçinin şərqşünaslıqda tutumuna, məzmununa və əhəmiyyətinə görə ilk təcrübə olan bu sözlük şumerlərə dair ingilis, alman, fransız, rus, türk dillərində nəşr olunmuş elmi ədəbiyyatlarda rast gəlinən şumer sözləri əsasında tərtib edilib.

Kitabın "Şumer-türk açar sözləri", "Şərti işarələr", "Azərbaycan əlifbası", "Qaynaqlar" bölümündə elmi mənbələrə əsaslanaraq şumer və türk dillərinin qohumluq məsələsinə aydınlıq gətirmək üçün müqayisəli şəkildə onların lüğət tərkibinə daxil olan sözlərin etimoloji mənalarına fərqli baxışlarla yanaşmağa cəhd göstərilir. Nəzərə almaq lazımdır ki, arxeoloji qazıntılar nəticəsində əldə olunan mədəniyyət nümunələri etnosun dünyagörüşü haqqında müəyyən biliklər verir və heç bir etnos tam mənada tarixin səhnəsindən silinmir, mövcudluğunu bu və ya digər formada davam etdirir.

Sözlük tarixçilər, etnoqraflar, etnolinqvistika, dil tarixi və nəzəriyyəsi, fəlsəfə, astrologiya ilə məşğul olan mütəxəssislər, eləcə də şumer və türk mədəniyyət tarixi ilə maraqlanan oxucular üçün nəzərdə tutulub. Sözlükdə 1088 şumer sözü verilib. Müəlliflərin fikrincə, onların bu ilk cəhdi ictimai-elmi dairələri maraqlandıracaq, müvafiq tövsiyə və təkliflərini əsirgəməyəcəklər, bununla da milli və ümumtürk qaynaqlarımıza daha dərindən kömək göstərəcəklər.

 

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.-2013.- 13 yanvar.- S.5.