Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva «Afrika üçün qabaqcıl inkişaf Fondu»nun təsisçisi və prezidenti ilə görüşmüşdür

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yanvarın 14-də "Afrika üçün qabaqcıl inkişaf Fondu"nun təsisçisi və prezidenti xanım Kumba Ture ilə görüşmüşdür.

Qonağı ölkəmizdə salamlayan Mehriban xanım Əliyeva bu səfərin uğurlu olacağından əminliyini ifadə etmişdir. Heydər Əliyev Fondunun fəaliyyəti barədə məlumat verən Azərbaycanın birinci xanımı bildirmişdir ki, fond Azərbaycanda və dünyada humanitar, həmçinin sosial problemlərin həlli, yoxsul və ehtiyacı olan insanlara madditibbi dəstək, təhsil və mədəniyyət sahələri üzrə layihələri reallaşdırır. "Bu baxımdan fondlarımızın fəaliyyəti oxşardır", - deyən Mehriban xanım Əliyeva gələcəkdə uğurlu əməkdaşlığın qurulmasından məmnunluq duyulacağını diqqətə çatdırmış, Heydər Əliyev Fondunun müxtəlif layihələrin həyata keçirilməsi istiqamətində böyük təcrübəsi olduğunu vurğulamışdır.

Xanım Kumba Ture dəvət üçün Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü bildirmişdir. Qonaq fondun fəaliyyətindən xəbərdar olduğunu demiş, həyata keçirilən layihələrin uğurları münasibətilə Azərbaycanın birinci xanımını təbrik etmişdir. Xanım Kumba Ture həm Heydər Əliyev Fondunun, həm də rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərinin üst-üstə düşdüyü üçün məmnunluq ifadə etmiş, birgə əməkdaşlıqdan qürur duyacaqlarını bildirmişdir.

 

 

 AzərTAc

 

Azərbaycan.-2013.- 15 yanvar.- S.2.