«YAY!» qalereyasında «PAT vəziyyəti» adlı sərgi açılmışdır

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgiyə baxmışdır

 

 Yanvarın 15-də "YARAT!" Müasir İncəsənət Məkanının "YAY!" qalereyasında "PAT vəziyyəti" adlı sərgi açılmışdır.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva sərgiyə baxmışlar.

 "YARAT" Müasir İncəsənət Məkanına məxsus olan bu kurator layihəsi ilk dəfə keçən ilin yayında Moskvada - "Mars" qalereyasında, Gənclərin III Beynəlxalq İncəsənət Biennalesi sərgisi çərçivəsində uğurla təqdim edilmişdir.

Sərgidə bir qrup gənc rəssamın - Reza Hazare, Fidan Seyidova, Nəzrin Məmmədova, Djemma Səttarovanın əsərləri nümayiş etdirilir.

 "PAT vəziyyəti" sərgisi müasir dünyada kişilər və qadınlar arasında olan qarşılıqlı münasibət, dəyişən yaşam şəraitinin kontekstində həmişə maraqlı və aktualdır. Onilliklərlə gender mövzusunda davam edən sosial-mədəni araşdırmalar, demək olar ki, cinslər arasındakı münasibətlərə aydınlıq gətirməmiş, əksinə, hər şey daha da mürəkkəbləşmişdir. Çətinliklərin dərəcəsinin artması onunla əlaqələndirilir ki, müasir dünyada postmodernizmdən təyin olunmayan "X" zamanına keçid baş verir. Bu zəmanə isə özündə müxtəlif sistemləri - ənənəvi cəmiyyətdə yaşayanların zamanı ilə müasirlik rejimində yaşayanların zəmanəsini birləşdirəcəkdir. Amma bir çox ölkələr qarışıq zəmanələr zonasında mövcud olur ki, onlarda nəinki gender problemi radikallaşır, həm də yaradıcılıq üçün maraqlı materiallar olur. Məsələn, Azərbaycandan gənc rəssamlar - burada yaşayan əfqan rəssamı və üç nəfər azərbaycanlı xanım rəssam belələrindəndir. Əfqanıstanlı rəssam Reza Hazare elə bir ölkədəndir ki, orada şəriət qanunları hökm sürür. Onun yaradıcılığı da daha çox patriarxal xarakter daşıyır: rəssam tarxi-ənənəvi vasitələrdən - karandaş və kağızdan istifadə edir. Onun qəlbində Şərq Qərblə, Cənub Şimalla mübarizə aparır, çünki öz xanım həmkarlarından fərqli olaraq, o, islam ölkəsindən dünyəvi ölkəyə - Azərbaycana gəldiyindən uyğunlaşmağa məcburdur. Fidan Seyidova, Nəzrin Məmmədova, Djemma Səttarova isə doğulduqları gündən dünyəvi bir məkanda yaşayırlar. Onların öz yaradıcılıq ideyalarını reallaşdırmaları üçün vasitə seçimləri də çox genişdir - həm heykəltəraşlıq instalyasiyaları, həm video... İki növ dünyagörüşünün və iki ayrı cinsin toqquşması maraqlı nəticə vəd edir, hansının baxışı tamaşaçı üçün orijinal və aktualdır: müasirlik şüalarını sındıran barışmaz, sərt və çox ənənəvi kişi optikası, yoxsa qadınların probleminə kişi dominantlığını yuyub aparan yanaşma tərzi?

Sərgi fevralın 16-dək davam edəcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 16 yanvar.- S.5.