AXCP ilə Müsavat arasında kompromat müharibəsi kəskinləşir

 

Bu il Azərbaycanda keçiriləcək prezident seçkiləri yaxınlaşdıqca, aqressiv müxalifət düşərgəsində gərginlik və bir-birlərinə qarşılıqlı ittihamların sayı da artır. Xüsusən də AXCP ilə Müsavat Partiyasının birgə mübarizə üçün qurduqları "İctimai palata" artıq dağılmaq üzrədir. Bunun səbəbi isə hər iki partiya funksionerlərinin bir-birlərinə qarşı ağır ifadələr səsləndirmələri, birİsa Qəmbərin öz partiyası tərəfindən namizədliyinin irəli sürülməsidir.

Tərəflər arasındakı soyuq müharibə hələ keçən ildən başlanıb. "Azadlıq" radiosunun canlı efirində "2013-cü il prezident seçkilərində iştirak etmək niyyətindəyəm. Mənə səs verəcək insanların ümidlərini doğruladacağam" - deyən İsa Qəmbər bu ifadəsi ilə körpüləri yandırıb.

Artıq AXCP və Müsavat Partiyası üzvləri arasında gərginlik gündən-günə artır. Qarşılıqlı ittihamlar, atmacalar xüsusilə sosial şəbəkələrdə də davam etdirilir. Bu partiyaların fəallarının bir-birlərinə qarşı apardıqları gözdənsalma kampaniyası geniş vüsət alıb. Daha dəqiq desək, ictimai rəydə formalaşan yekdil nəticədən də görünür ki, 2013-cü ildə keçiriləcək prezident seçkilərində daha öncələr razılaşdırıldığı kimi, namizəd məsələsində güzəşt olmayacaq.

Onu da qeyd edək ki, Müsavat başqanı dəfələrlə heç kimdən asılı olmadığını bildirərək, seçkilərdə əsas namizəd olacağını iddia etməkdədir. O, şəraitdən asılı olmayaraq, seçkilərə qatılacağını bildirib. "Mediaforum" saytının sorğusuna əsasən isə AXCP-nin namizədi müxalifətin ən şanslı namizədi bəyan edilibbu, AXCP fəalları tərəfindən geniş təbliğ olunmaqdadır. Müsavatçılar isə hesab edirlər ki, bu sorğu Əli Kərimlinin sifarişi ilə təşkil olunubonun təbliği məqsədini güdür. İki partiya üzvləri arasında gedən açıq mübarizə rayon təşkilatlarının üzvlərinə də təsir göstərir. Ağcabədi rayonunda baş verən hadisə buna misaldır. Qeyd edək ki, bu rayonda bir neçə müsavatçı AXCP-yə keçdi, onlar Ə.Kərimlinin mövqeyini İ.Qəmbərin mövqeyindən daha üstün tutduqlarını bəyan etdilər, həmçinin bu hal "Azadlıq" qəzetində geniş təbliğ olundu. AXCP sədrinin müavini Asəf Quliyev mətbuata verdiyi açıqlamalarının birində işarə edib ki, İ.Qəmbər 1998-ci il seçkilərində müxalifətin lideri Əbülfəz Elçibəyə güzəştə getməyib və "cəbhəçilər" onun bu "hədiyyəsini" hələ də unutmayıblar.

Məhz belə açıqlamalardan sonra hər hansı ideya ətrafında da yekdil razılığa gələ bilməyən partiya "liderləri"  bir-birlərini dağıdıcılıqda günahlandırmaqdadırlar. Müsavat tərəfi AXCP-ni, AXCP tərəfi isə Müsavat rəhbərliyini müxalifəti parçalamaqda ittiham edir.

Bütün bunlar AXCP ilə Müsavat Partiyası arasında dərin ziddiyyətlərin olduğunu, onların bir-birlərinə qarşı kəskin mübarizə apardıqlarını açıq göstərir.

 

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.-2013.- 18 yanvar.- S.4.