Bakı şəhər Baş Polis İdarəsində 2012-ci ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilmişdir

 

Yanvarın 18-də daxili işlər naziri general-polkovnik Ramil Usubovun iştirakı ilə Bakı şəhər Baş Polis İdarəsində 2012-ci ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilmişdir.

Müşavirəni giriş sözü ilə açan daxili işlər naziri demişdir ki, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi demokratik dövlət quruculuğuna yönəlmiş strateji kursun Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilməsi nəticəsində regionun lider dövlətinə çevrilən Azərbaycan sürətlə inkişaf edir, beynəlxalq nüfuzu artır. Dövlət başçısının yanvarın 15-də Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da qeyd etdiyi kimi, ölkəmiz üçün ötən ilçox uğurlu olmuşdur.

İqtisadiyyatın inkişafının, strateji əhəmiyyətli dövlət proqramlarının və beynəlxalq layihələrin uğurla həyata keçirilməsinin mühüm amillərindən olan ictimai asayiş daxili işlər orqanları, o cümlədən paytaxt polisi tərəfindən etibarlı qorunmuşdur.

Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov hesabat dövründə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və təhlükəsizliyin təmini, xidməti fəaliyyətin digər sahələrində həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış etmişdir.

Qeyd olunmuşdur ki, paytaxt polisi qanunla müəyyən edilmiş vəzifələrin, o cümlədən vətəndaşların hüquq və azadlıqlarının təminatı, cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində məqsədyönlü tədbirləri davam etdirmiş, kriminogen durum nəzarətdə saxlanılmışdır.  Hesabat dövründə Bakı şəhərində 9719 cinayət qeydiyyata alınmış, onlardan 79,1 faizinin açılması təmin edilmişdir. Bu cinayətlərin 85,8 faizi az ağır və böyük ictimai təhlükə törətməyən, 14,2 faizi ağır və xüsusilə ağır növ cinayətlər olmuşdur. 

Cinayətlərin sayı 14,1 faiz (1597 fakt), şəxsiyyət əleyhinə olanlar  22,1 faiz, mülkiyyət əleyhinə olanlar 16,1 faiz azalmış və bu müsbət təmayül, əsasən, şəxsi əmlak və mənzillərdən edilən oğurluqların azalması hesabına baş vermişdir.

Hesabat dövründə ümumən cinayətlərin açılması 5,3 faiz, onların ağır və xüsusilə ağır növlərinin açılması 7,9 faiz yaxşılaşmış, şəxsiyyət əleyhinə törədilmiş 2468 cinayətdən 96,4 faiz, o cümlədən 69 qəsdən adamöldürmənin 94,9 faiz və 34 adam öldürməyə cəhdin hamısı açılmışdır.

Bu müddətdə 65 soyğunçuluqquldurluq törətmiş 122 nəfərdən ibarət 49 qrup, eləcə də 117 mənzil oğurluğu törətmiş 74 nəfərdən ibarət 31 qrup zərərsizləşdirilmiş, habelə keçmiş illərdən bağlı qalmış 252 cinayət açılmışdır.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə və narkomaniyanın yayılmasının qarşısının alınması üzrə fəaliyyət çərçivəsində 2012-ci ildə 917 nəfər  məsuliyyətə cəlb olunmuş, onlardan 204 kiloqram narkotik vasitə götürülmüş, 30 nəfərdən ibarət 14 qrup ifşa edilmişdir.

Baş idarənin rəisi işdə mövcud olan nöqsanları və onların aradan qaldırılması üzrə qarşıda duran vəzifələri də diqqətə çatdırmışdır.

Məruzə ətrafındakı çıxışlarda struktur qurumlarının və rayon polis idarələrinin rəisləri əldə olunmuş müsbət nəticələrin inkişaf etdirilməsi, qeyd edilmiş qüsurların və çatışmazlıqların gələcəkdə təkrarlanmaması üçün planlaşdırılan təşkilati tədbirlər haqda məlumat vermişlər.   

Əməliyyat müşavirəsinə yekun vuran nazir general-polkovnik Ramil Usubov vurğulamışdır ki, əvvəlki illərdə olduğu kimi 2012-ci ildə də Bakı şəhərinin polis orqanları cinayətkarlığa qarşı mübarizədə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirmiş, yol verilmiş qanun pozuntularının sayı, o cümlədən insan hüquq və azadlıqlarının pozulması halları  əvvəlki illə müqayisədə xeyli azalmışdır.

Daxili işlər naziri müşavirə iştirakçılarının diqqətini qarşıda duran həlli vacib  məsələlərə yönəltmiş, tapşırıq və tövsiyələrini vermiş, nöqsanların aradan qaldırılması yollarını göstərmişdir. Eyni zamanda, qeyd etmişdir ki, bu gün daxili işlər orqanlarının öz xidməti vəzifələrini uğurla yerinə yetirməsi üçün Azərbaycan Respublikasının Prezidenti tərəfindən bütün lazımi şərait yaradılmış, əməkdaşlar və hərbi qulluqçular dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunmuşlar. Bu ali etimada cavab olaraq hər bir əməkdaş üzərinə düşən vəzifələri nümunəvi yerinə yetirməli, Vətəninə, dövlətinə, xalqına ləyaqətlə xidmət etməlidir.

Ramil Usubov sonda Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi əmin etmişdir ki,  daxili işlər orqanları cinayətkarlığa qarşı mübarizəni əzmlə davam etdirəcək, dövlət başçısının sabitliyin, əmin-amanlığın, ictimai asayişin nümunəvi təmini istiqamətində qarşıya qoyduğu bütün tapşırıqları və vəzifələri yerinə yetirəcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 19 yanvar.- S.5.