Neft sevgisi, neftçi sədaqəti

 

Rasim Dadaşovu mən ötən əsrin 50-ci illərində onun Neft Daşlarında çalışmağa başladığı vaxtdan tanıyıram. İllər keçdikcə tanışlığımız möhkəm dostluğa çevrilmişsonralar yerlərimiz, vəzifələrimiz neçə dəfə dəyişsə də, bir-birimizə münasibətimiz heç vaxt dəyişməmişdir. Bu işgüzar və təvazökar insanın öz peşəsinə və həmkarlarına sədaqəti illərin sınağından çıxmış, ona böyük hörmət qazandırmışdır.

Rasim Dadaşov 1933-cü ildə Bakı şəhərində dövrün məşhur ictimai-siyasi xadimlərindən birinin - sonralar uzun müddət respublika Veteranlar Şurasına rəhbərlik etmiş Müseyib Dadaşovun ailəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra təhsilini Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) geoloji-kəşfiyyat fakültəsində davam etdirmişdir. İnstitutu 1957-ci ildə bitirmiş, əmək həyatına neftqaz yataqlarının geologiyası və kəşfiyyatı üzrə mühəndis-geoloq kimi başlamışdır. Gənc mütəxəssis təyinatla birbaşa Xəzərin qoynuna - əfsanəvi Neft Daşlarına göndərilmiş, "Gürganneft" Neft Mədənləri  İdarəsində (indiki "Neft Daşları" NQÇİ) çalışan dəniz neftçilərinin böyükmehriban ailəsində əsl həyat məktəbi keçmişdir.

Neft Mədənləri İdarəsində bir müddət neftqaz quyularının tədqiqatçı operatoru, sonra isə quyuların istismarı üzrə mühəndis vəzifəsində çalışdığı günləri Rasim Dadaşov illər keçəndən sonra məqalələrinin birində belə xatırlayır: "Həyatda mənim bəxtim ən əvvəl onda gətirdi ki, institutun auditoriyasını tərk edən kimi Xəzərin dalğalı-fırtınalı qoynuna düşdüm. Burada çalışan dəniz neftçiləri onlara tapşırılan vəzifələri şərəflə yerinə yetirir, mürəkkəb məsələləri uğurla həll edir, dənizin dərinsulu akvatoriyasına doğru inamla irəliləyirdilər. Hər ayın 19-20 gününü biz dənizdə olurduq. Burada insanlar özlərini bir ailənin üzvləri kimi hiss edirdilər və hər an bir-birinin köməyinə gəlməyə hazır idilər. Neft Daşları həmişə yenilikçi neftçilərin qabaqcıl məktəbi olmuşdur. Azərbaycan neft sənayesi rəhbərlərinin əksəriyyəti bu məktəbdə yetişmişdir".

1958-ci ilin sonunda Rasim Dadaşov Neft Mədənləri İdarəsi geoloji şöbəsinin geoloqu təyin olunmuşdur. Bu təyinat o vaxt artıq təkcə Azərbaycanda deyil, bütün keçmiş ittifaqda tanınmış məşhur neftçilərin - "Gürganneft"in rəisi Bəxtiyar Məmmədovun, baş mühəndisi Bəhmən Hacıyevin və baş geoloqu Fuad Səmədovun Rasim Dadaşovun işgüzarlığına, biliyinə verdikləri qiymətin ifadəsi idi.

O vaxt Neft Daşlarında gənc mühəndislərin elmi araşdırmaları geniş vüsət almışdı. Neft Daşları yeni yataq olduğundan elmi-texniki yeniliklərin tətbiqi üçün burada yaxşı imkanlar var idi. Rəhbərlik etdiyim elmi dərnək artıq Ümumittifaq "Bilik" Cəmiyyətinin yerli təşkilatı kimi çox səmərəli fəaliyyət göstərirdi. Bizim elmi mərkəzimizin işində fəal iştirak edən gənc geoloqlardan biriRasim Dadaşov idi.

1964-1966-cı illərdə o,  Çilov adasında "Cənub" neft-qaz mədəninin baş geoloqu, 1966-1981-ci illərdə isə Bakı arxipelaqında "Səngəçal-Duvannı-Bulla adası" neft-qaz yataqları bazasında yeni yaradılmış N.Nərimanov adına NQÇİ-nin geoloji şöbəsinin rəisi və baş geoloqu olmuşdur. R.Dadaşovun Neft Daşlarında topladığı zəngin təcrübə, yenilikçi və əsl tədqiqatçı geoloq kimi istedadı məhz Çilov adasında və N.Nərimanov adına NQÇİ-də özünü parlaq şəkildə göstərmişdir.

1981-ci ildə Rasim Dadaşovun həyatında və neftçi kimi fəaliyyətində əlamətdar hadisə baş vermişdir. Ümummilli lider Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə o, Azərbaycan SSR Nazirlər Sovetinə işə dəvət olunmuşdur. R.Dadaşov burada Neft, neft emalı, neft-kimyakimya şöbəsinin müdiri kimi neft işinə rəhbərlik sahəsində bir sıra yeniliklər etmişdir. İstehsalat adamı olduğundan kabinetə bağlanıb oturmaq onun təbiətinə yad idi. O, neft sənayesi ilə bağlı məsələlərin bilavasitə yerlərdə müzakirə olunmasına üstünlük verirdi.

Ötən əsrin 80-ci illərində Azərbaycan rəhbərliyinin təşəbbüsü ilə neftçilərin müntəzəm keçirilən zona müşavirələrini, həmin müşavirələrin hazırlanıb keçirilməsində R.Dadaşovun iştirakını bu gün də yaxşı xatırlayıram. Neft Daşlarında, Qaradağda, "Balaxanıneft" NQÇİ-də, Siyəzəndə və digər yerlərdə keçirilən müşavirələrdə neft-qaz hasilatı, qazma, quyuların əsaslı və yeraltı təmiri kimi məsələlərlə yanaşı, neftçilərin məişətinin, əmək şəraitinin yaxşılaşdırılması, mənzil tikintisinin sürətləndirilməsi problemləri, sosial həyatın digər sahələrindəki vəziyyət ciddi diskussiya mövzusu olurdu.

Respublikamızda yeni neftqaz yataqlarının işlənilməsi, yeni neftqaz kəmərlərinin çəkilməsi, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun tikilməsi, dəniz neftçilərinin xüsusi texnika ilə təmin olunması, yeni kompressor stansiyalarının və qaz anbarlarının istifadəyə verilməsi... Bütün bu işlərin hamısında yaxından iştirak etmiş Rasim Dadaşov müstəqil Azərbaycanın Nazirlər Kabinetində Neftkimya şöbəsinə rəhbərlik edəndə də əsl gənclik həvəsi ilə çalışmış, ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi yeni neft strategiyasının həyata keçirilməsinin fəal iştirakçısı olmuşdur. "Əsrin müqaviləsi" çərçivəsində onunla birlikdə BP şirkətində, "Çıraq" platformasında, 2001-ci ildə Baş nazir Artur Rasizadənin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Norveçdə bu ölkənin Şimal dənizində sahildən 250 kilometr uzaqda yerləşən neft-qaz platformasında olduğumuz günlər indi də yaxşı yadımdadır. Bütün bu ziyarət və görüşlərdə Rasim müəllim daim diqqəti özünün yüksək mədəniyyəti və neftçi peşəkarlığı ilə cəlb edirdi.

Elmi araşdırmalarına hələ Neft Daşlarında işləyərkən başlamış R.Dadaşov geologiya-mineralogiya elmləri namizədidir. O, 100-dən çox elmi işin, bir çox ixtiraların və səmərələşdirici təkliflərin müəllifidir. Xəzər dənizində bir sıra neft-qaz yataqlarının kəşf edilməsində R.Dadaşovun danılmaz xidmətləri var. Axtarış-kəşfiyyat quyularının qazılmasında, neftqaz-kondensat yataqlarının işlənilməsində, məhsuldar layların seçilməsində və öyrənilməsində onun təklif və tövsiyələrinə neftçilərimiz bu gün də müraciət edirlər.

R.Dadaşov ölkəmizdə neft-kimya sənayesinin inkişafındakı çoxillik xidmətlərinə görə keçmiş SSRİ-nin "Xalqlar dostluğu" və müstəqil Azərbaycanın 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenlərinə, medallara, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin, SSRİ Neftçıxarma Sənayesi NazirliyininNeft-Kimya Sənayesi İşçiləri Həmkarlar İttifaqı Mərkəzi Komitəsinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəxri fərmanlarına, "SSRİ neftçıxarma sənayesi əlaçısı" döş nişanı, ÜİXTNS-nin bürünc medalına layiq görülmüşdür.

2011-ci ildə pensiyaya çıxmış 2-ci dərəcəli dövlət müşaviri Rasim Dadaşov öz həmkarları ilə bu gün də tez-tez əlaqə saxlayır, ölkəmizdə sənayenin neft və kimya sahələrinin işini diqqətlə izləyir, ümumi işimizə öz məsləhətləri ilə kömək etməyə çalışır. Ömrünün 80-ci ilinə qədəm qoymasına baxmayaraq, o özünü yenə də şanlı neftçilər ordusunun ön cərgəsində hiss edir. Çünki onun neft sevgisi əbədidir, ucadır...   

 

 

Xoşbəxt YUSİFZADƏ,

ARDNŞ-nin birinci vitse-prezidenti,

Akademik

 

Azərbaycan.-2013.- 19 yanvar.- S.7.