Müstəqillik tariximizin şanlı səhifəsi

 

Ötən əsrin 70-ci illərindən başlanan milli özünüdərk duyğularının, milli ruhun yüksəlişi xalqımızın illərdən bəri qəlbində yaşatdığı dövlətçilik ideyasının milli-azadlıq mübarizəsində əsas hərəkətverici qüvvəyə çevrilməsində mühüm zəmin oldu. 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində müstəqillik uğrunda mübarizənin yüksəlişi Heydər Əliyevin ölkəyə rəhbərliyinin birinci mərhələsində əldə edilmiş iqtisadi canlanmamilli mübarizlik ruhunun təşəkkülü nəticəsində mümkün oldu.

Totalitar sistemin elm və mədəniyyət xadimlərinə, ziyalılara qarşı ağır təzyiqləri, təqib və təhdidləri Sovetlər İttifaqının bir çox başqa respublikalarında  özünü aşkar hiss etdirdiyi halda, qorxmaz, cəsur, möhkəm iradə sahibi olması sayəsində Heydər Əliyev Azərbaycanda yaradıcı insanlar üçün sərbəst düşünmək və düşündüyünü tam ifadə edə bilmək, alt qatda isə milli-mənəvi ideala, Azərbaycanın dövlətçilik tarixində suverenliyi, müstəqilliyi təmin edən dəyərlərə aparan yolları tapmaq imkanı verən bir şərait yaratmışdı. 80-ci illərin sonu, 90-cı illərin əvvəlində müstəqillik hərəkatının geniş vüsət alması Heydər Əliyev dövründəki iqtisadi yüksəliş və ona paralel olaraq tarixi fürsətdən dərhal bəhrələnməyə hazır milli mübarizlik ruhunun təşəkkül tapması sayəsində mümkün olmuşdur.

Qorbaçov-erməni işbirliyi tərəfindən 1987-ci ildə istefaya göndərildikdən sonra Heydər Əliyevin özünə və ailəsinə qarşı təzyiqlər gücləndi. Amma Heydər Əliyevin siyasi hakimiyyətdən kənarlaşdırılmasının ən ağır zərbəsi Azərbaycana dəydi. Heydər Əliyev siyasi fəaliyyətdən uzaqlaşdıqdan sonra Ermənistanın Azərbaycan əleyhinə çıxışları güclənməyə başladı. 1988-ci il fevralın 20-də Xankəndidə vilayət xalq deputatları sovetinin sessiyası Dağlıq Qarabağın Ermənistana "birləşdirilməsi" barədə qərar qəbul etdi. Moskvanın erməni separatçılığına münasibəti anlaşılmaz olur, hətta Sov.İKP.MK DQMV-nin birləşdirilməsinin qeyri-mümkünlüyü barədə əlahiddə qərar da qəbul edir. Qərarda, haqlı olaraq, bunun qarşısıalınmaz nəticələrə səbəb ola biləcəyi qeyd olunurdu. Lakin bu qərar kağız üzərində qalır, Dağlıq Qarabağ ətrafındakı siyasi ehtiraslar getdikcə şiddətlənirdi. O illərdə Azərbaycan xalqının əleyhinə nə qədər qərəzli məqalələr dərc olunur, sərt hücumlar edilirdi. O illərdə Heydər Əliyev erməni lobbisininşovinist dairələrinin süni şəkildə yaratdığı tam siyasi izolyasiyada idi. Azərbaycan xalqı müdafiəsiz, himayəsiz qalmışdı.

1988-ci ilin noyabr-dekabr aylarında cərəyan edən hadisələrin ağır xronologiyası, yəqin ki, yaddaşlardan heç zaman silinməyəcək. Respublika Prokurorluğunun məlumatında deyilirdi: 1988-ci ilin noyabr ayının 28-dən dekabr ayının 8-dək kütləvi surətdə azərbaycanlılar yaşayan 22 rayonun 185 yaşayış məntəqəsinə quldurcasına basqın edən erməni vəhşiləri 217 nəfəri müxtəlif işgəncə ilə qətlə yetirmişlər. Onlardan 49 nəfər divan tutulmaqdan qorxub qaçarkən dağlarda borana-çovğuna düşüb donmuş, 41 nəfər qəddarlıqla döyülüb öldürülmüş, 115 nəfər diri-diri yandırılmış, 16 nəfər güllələnmiş, 10 nəfər təhqirlərə dözməyib infarktdan ölmüş, 2 nəfər erməni həkimləri tərəfindən xəstəxanada öldürülmüş, 3 nəfər suda boğulub öldürülmüş, 1 nəfər asılmış, 1 nəfər əzablardan qurtarmaq üçün özünü öldürmüş, 1 nəfər elektriklə öldürülmüş, 2 nəfərin başı kəsilmiş, 29 nəfər qəsdən avtomobilin altına salınmaqla öldürülmüş, 3 nəfər xəstəxanada olarkən tibbi xidmət göstərilməməsi nəticəsində öldürülmüş, 8 nəfər oğurlanmışdır. Öldürülənlərdən 57 nəfər qadın, 5 nəfər körpə uşaq, 18 nəfər yeniyetmələr olmuşdur. 250 min azərbaycanlı məcburi qaydada deportasiya edilmiş, mənzil və əmlaklarından məhrum olmuşdur.

M.S.Qorbaçovun Azərbaycana, xalqımıza düşmən münasibəti ağır nəticələrə səbəb oldu. M.S.Qorbaçov tərəfindən respublikaya rəhbər vəzifəyə göndərilən, milli hisslərdən uzaq olan Ə.Vəzirovun hakimiyyəti dövründə Moskva hökumətinin "səyləri" nəticəsində Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal edilməsi prosesi dərinləşir, antiazərbaycan siyasəti həyata keçirilirdi. Azərbaycan xalqının milli-azadlıq mübarizəsi ruhunu sındırmaq üçün 20 Yanvarda Bakıda qırğın törədildi. Ə.Vəzirov Azərbaycandan qaçdıqdan sonra hakimiyyətə gətirilən A.Mütəllibov da imperiya mənafeyinə uyğun siyasət həyata keçirirdi. Xalq hərəkatı dalğalarında meydana gələn Xalq Cəbhəsinin səriştəsiz liderləri ilə A.Mütəllibov qrupu arasında hakimiyyət uğrunda gedən mübarizə ölkəni xaosanarxiya vəziyyətinə salmışdı.

Bakıdakı qanlı qırğından sonra onu və doğmalarını izləyən ağır təhlükələrə baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Heydər Əliyev ittifaq mərkəzinin Bakıda törətdiyi vəhşiliyə qarşı kəskin bəyanat verdi, bu cəlladlığı pislədi. Qorbaçovun əli ilə tökülən qanlara etiraz etdiyini, insanların azadlıq istəyinin məhv edilməsinin mümkünsüzlüyünü söylədi. Bu, sözün həqiqi mənasında təkcə Azərbaycan xalqına deyil, SSRİ məkanında azadlıq eşqi ilə yaşayan bütün xalqlara dəstək idi. Heydər Əliyevin həmin bəyanatı bir daha sübut etdi ki, siyasətdə böyük addımları ancaq dahilər ata bilirlər. Ona görə də bu dahi insanın Qorbaçovun ünvanına söylədiyi ittihamlar təkcə Bakıda deyil, Tbilisi, Vilnüs, Riqa və digər şəhərlərdə də hörmət və ehtiramla qarşılanmış, ulu öndərin bu aydın mövqeyi o dövrün siyasi təlatümlərindən çaşqın vəziyyətə düşən milyonlarla insan üçün aydın bir istiqamətə çevrilmişdi.

Sov.İKP sıralarını tərk edən ulu öndər özünün partiya ilə əlaqələrinin qırılmasını belə izah etmişdi: "Mən Kommunist Partiyasına xeyli gücenerji sərf etmişəm. Mən SSRİ-nin rəhbərlərindən biri olmuşam. Lakin əmin olanda ki bu quruluşun məhvi labüddür, partiya dönükdür və açıq-aydın xalqın əleyhinədir, mən onun sıralarını heyifsilənmədən tərk etdim. Azadlıq və demokratiya ideallarına xidmət naminə tərk etdim". Artıq Heydər Əliyev Moskvada qala bilməzdi. Ulu öndəri ölkənin gələcək müqəddəratının həll olunduğu vətən, coşqun siyasi hadisələrin mərkəzi özünə sarı çəkirdi. Ulu öndərin heç bir vəzifəsi olmadığı və fəal siyasətdən kənarda qaldığı illərdə hörmət və ehtiramla qarşılanan növbəti addımı onun Moskvadan Azərbaycana qayıtmaq barədə qərarı idi. Azərbaycan həmin dövrdə çox ağır günlərini yaşayırdı. SSRİ-nin dağılmasından sonra Azərbaycan ağır bəlalarla üzləşmiş, parçalanmaq təhlükəsi qarşısında qalmışdı. Ona görə də Heydər Əliyev həmin çətin məqamda öz xalqının yanında olmağı məqsədəuyğun saydı və Moskvadan Azərbaycana qayıtdı. Amma Heydər Əliyev Moskvada nə qədər təhdid və təzyiqlər altında yaşayırdısa, Azərbaycanda da onu xalqa zidd hakimiyyət tərəfindən bir o qədər təzyiq və hədələr gözləyirdi. Hətta ulu öndərin siyasi dəst-xəttinə və dövlətçilik təcrübəsinə açıq rəğbət göstərən tanınmış yazıçı Əjdər Xanbabayevin qətlə yetirilməsi ilə Heydər Əliyevə xəbərdarlıq edilmişdi. Ancaq böyük siyasətçinin öz xalqına inamı, eyni zamanda xalqa bağlılığı tam qarşılıqlı idi. Xalq ona inanır və hər zaman öz böyük oğlunu bütün təhlükələrdən qorumağa hazır olduğunu bildirirdi. Məhz həmin inamın nəticəsində Heydər Əliyev 1990-cı il iyulun 20-də təyyarə ilə Bakıya gəldi. İki gün sonra - iyulun 22-də isə səhər saatlarında ulu öndər hakimiyyətin təhdidləri nəticəsində təyyarə ilə Bakıdan Naxçıvana getməyə məcbur oldu. Bu, böyük qayıdışın başlanğıcı idi. Heydər Əliyevin Moskvadan Naxçıvana qayıdışı, o dövrün bəzi qəzetlərində yazıldığı kimi, əyalət mərkəzinə yox, vətənə, böyük siyasətə fəal şəkildə, birmənalı, ardıcıl, qətiyyətli qayıdış idi.

Azərbaycanın siyasi tarixində özünə parlaq iz qoymuş bu böyük şəxsiyyətin Naxçıvanda yenidən siyasi hakimiyyətə qayıdışı, əvvəlcə deputat, sonralar isə Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi fəaliyyət göstərməsi Naxçıvandan başlanan müstəqillik yolunun bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımlar atılmasına gətirib çıxardı. Azərbaycanın üçrəngli bayrağı ilk dəfə olaraq Heydər Əliyevin sədrliyi ilə keçən Naxçıvan parlamentinin iclasında qaldırıldı. Keçmiş Sovetlər Birliyinin mövcud olduğu bir dövrdə cəsarətli addımlar atılaraq Naxçıvan Muxtar Respublikasının adından "sovet sosialist" sözləri götürüldü. Milli şüurun dirçəlməsi istiqamətində ən zəruri tədbirlər görüldü. Sovet qoşun hissələri və sərhəd dəstələri onlara məxsus silah-sursatın, texnikanın və əmlakın tamamilə Naxçıvanda saxlanması şərtilə ilk dəfə olaraq bu torpağı tərk etdilər. Ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə siyasi qiymət verildi, həmin günün milli matəm günü kimi qeyd olunması, dünya azərbaycanlılarının birlik və həmrəylik gününün təsis edilməsi barədə tarixi qərarlar qəbul olundu.

20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsi ümummilli lider Heydər Əliyevin sayəsində həllini tapmışdır. Ulu öndərin tövsiyəsi ilə 1994-cü ilin fevral ayında Milli Məclisin xüsusi sessiyası kecirilmişdir. Sessiya 1990-cı il yanvarın 20-də Sovet Silahlı Qüvvələrinin Bakı şəhərinə və respublikanın bir necə rayonuna yeridilməsini, nəticədə haqq və ədalətin müdafiəsi naminə kücələrə cıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsini Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirmişdir. Xalq hərəkatını boğmaq ücün 20 Yanvar faciəsini təşkil etmiş Sovet İttifaqı Kommunist Partiyası, sovet dövləti və hökuməti rəhbərliyinin, o cümlədən şəxsən Mixail Qorbacovun Azərbaycan xalqına qarşı ağır cinayət törətdiyi qeyd olunmuşdur. Eyni zamanda, xalqa qarşı törədilən hərbi təcavüzə görə məsuliyyətin o dövrdəki respublika rəhbərliyinin (Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov, Viktor Polyanicko, Vaqif Hüseynov) üzərinə düşdüyü, onların Azərbaycan xalqına xəyanət etdikləri qeyd olunmuşdur.

"20 Yanvar şəhidi" fəxri adının təsis edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti 31 mart 1998-ci il tarixdə fərman imzalamışdır. 29 dekabr 1998-ci ildə "20 Yanvar şəhidi" fəxri adı haqqında Əsasnamə təsdiq edilmişdir. 1990-cı il yanvarın 20-də kecmiş SSRİ Silahlı Qüvvələrinin Bakıya və respublikanın bir necə rayonuna hərbi təcavüzü zamanı həlak olmuş şəxslərə "20 Yanvar şəhidi" fəxri adı verilmişdir. 20 Yanvar hadisələrində şəhid olanların, itkin düşənlərin ailələrinə və əlil olan şəxslərə hər il birdəfəlik dövlət yardımları edilir.

1990-cı ilin qanlı Yanvar hadisəsi Azərbaycan xalqı ücün təkcə böyük faciə deyildir. O, ləyaqətini qorumaq ücün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. 20 Yanvar faciəsi eyni zamanda həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. Ümummilli lider Heydər Əliyevin söylədiyi kimi, bu təcavüz xalqımızı mənəvi cəhətdən cox sarsıtsa da, itkilərə məruz qoysa da, onun mənliyini tapdalaya, qürurunu sındıra bilmədi, qəhrəmanlıq salnaməsinə yeni bir səhifə kimi yazıldı.

 

 

Azərbaycan.-2013.- 20 yanvar.- S.1.