20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad olunmuşdur

 

Yanvarın 19-da Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilmişdir.

 AzərTAc xəbər verir ki,  nazirliyin birlik və müəssisələrinin rəhbərliyi, eləcə də rabitəçi şəhidlərin ailə üzvlərinin iştirak etdiyi tədbirdə 20 Yanvar hadisələrinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

Qanlı Yanvar hadisələrindən bəhs edən  rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirmişdir ki, Azərbaycan xalqına qarşı həyata keçirilən vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayət kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, Bakıda fövqəladə vəziyyətin elan olunmasını əhaliyə xəbər vermədən sovet imperiyasının keçirdiyi hərbi əməliyyatlarda 147 nəfər silahsız mülki şəxs amansızcasına öldürülmüşdür. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanmasının totalitar sovet rejiminin cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdiyini qeyd edən Əli Abbasov bildirmişdir ki, faciə ilə bağlı xalqının fəryad səsinə səs verən yalnız Heydər Əliyev olmuşdur.

Nazir ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verildiyini qeyd edərək demişdir ki, 20 Yanvar faciəsindən 23 il keçməsinə baxmayaraq, xalq bu faciəni heç vaxt unutmayacaqdır.

Əli Abbasov Azərbaycan Prezidentinin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü naminə canından keçmiş bütün şəhidlərin adlarının əbədiləşdirildiyini, şəhid ailələrinə yüksək diqqət və qayğı göstərildiyini vurğulamışdır.

Sonda şəhid ailələrinin problemləri dinlənilmiş və  həlli üçün müvafiq tapşırıqlar verilmişdir.

 

 

Azərbaycan.-2013.- 20 yanvar.- S.4.