20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır

 

Türkiyə

 

 Azərbaycanın Türkiyədəki səfirliyində 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Azərbaycan və Türkiyənin millət vəkilləri, tanınmış siyasətçilər, elm xadimləri, Türkiyə paytaxtında təhsil alan tələbə və müdavimlərimiz, KİV təmsilçiləri tədbirdə iştirak etmişlər.

Salona toplaşanlar şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.   20 Yanvar faciəsinin səbəblərindən bəhs edən sənədli film nümayiş olunmuşdur.

Tədbiri giriş sözü ilə açan ölkəmizin Türkiyədəki səfiri Faiq Bağırov müstəqilliyin bərpa edilməsi yolunda canlarını fəda etmiş qəhrəmanlarımızın şücaətindən, Qanlı Yanvar hadisələrinin səbəb və nəticələrindən ətraflı bəhs etmişdir.

Milli Məclisin deputatı, professor Yaqub Mahmudov çıxışında bildirmişdir ki, 20 Yanvar bir hüzn və kədər günü deyil, xalqımızın qəhrəmanlıq və şücaətinin simvolu olan bir gün kimi qiymətləndirilməlidir. Təəssüf ki, torpaq uğrunda canlarını fəda etmiş insanlar həmin hadisələr zamanı respublikaya rəhbərlik edənlərin səhvi, bəzən isə xəyanəti ucbatından ölümə sürükləndilər. Mixail Qorbaçovun ermənipərəst siyasətinə, Dağlıq Qarabağda Arkadiy Volskinin başçılığı ilə xüsusi rejimə, Bakıya qoşun yeridilməsinə etiraz etməyən bu rəhbərlər azadlıq mübarizəsinə qalxmış insanları yalqız qoydular. Lakin bu ağır günlərdə Moskvada təhdidlər altında yaşayan ulu öndər Heydər Əliyev həyatını təhlükəyə ataraq Azərbaycanın daimi nümayəndəliyinə gəldi və qanlı cinayəti pisləyən bəyanat verdi. Bu hadisələrin layiqli siyasi-hüquqi qiyməti də məhz ulu öndərimizin ikinci dəfə hakimiyyətə gəldiyi vaxtda - 1993-cü ildə verildi. O mürəkkəb dövrdə respublikanın bədnam rəhbərlərinin SSRİ-nin qorunub saxlanılmasına dair referendumda imperiyanın lehinə səs verdikləri halda, ümummilli liderimizin sədrliyi ilə Naxçıvan Ali Məclisinin sessiyasında kommunist rejiminin əleyhinə qərar qəbul olundu.   

Toplantıda çıxış edən Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Necdət Ünüvar, Türkiyənin millət vəkili, professor Yusuf Halaçoğlu, tələbə Kamran Abbasov və hərbi məktəbin müdavimi Xəqani Abbaszadə ermənilərin və rus imperiyasının əsrlər boyu xalqımızın başına gətirdikləri müsibətlər, qətliamlar və etnik təmizləmə siyasətindən bəhs etmişlər.

Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşları TRT-nin Ankara studiyasında 20 Yanvar hadisələrindən bəhs edən proqramda da iştirak etmişlər.

 

Böyük Britaniya

 

 Azərbaycanın Böyük Britaniyadakı səfirliyində 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə səfirliyin əməkdaşları, Böyük Britaniyada fəaliyyət göstərən Azərbaycan təşkilatlarının nümayəndələri, Britaniya ictimaiyyətinin təmsilçiləri iştirak etmişlər.

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov bu qanlı faciənin tarixi kökləri, onu doğuran səbəblər barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, 1990-cı il yanvarın 20-də sovet silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi qanlı aksiya insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi yadda qalmışdır. Həmin günlərdə Azərbaycan xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar. Ona görə də 20 Yanvar Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur.

İngilis şairi və dramaturqu Deyvid Perri 20 Yanvar hadisəsində mərd Azərbaycan övladlarının Vətənimizin suverenliyi uğrunda canlarından keçmələrini yüksək qiymətləndirmiş, beynəlxalq aləmdə ədalətin bərpa olunmasının vacibliyini vurğulamışdır.

Londonda fəaliyyət göstərən "Azərbaycan Evi"nin nümayəndəsi və 20  Yanvar hadisələrinin şahidi Fəridə Pənahova tarixə nəzər salaraq, xalqımıza qarşı törədilən bu ədalətsiz faciə  haqqında iştirakçılara ətraflı məlumat vermişdir.

Tədbirdə xüsusi vurğulanmışdır ki, Azərbaycan xalqı 20 Yanvar qurbanlarının xatirəsini həmişə əziz tutur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şəhid ailələrinin sosial problemlərinin həlli ilə bağlı mütəmadi olaraq konkret tədbirlər həyata keçirir, onlara lazımi diqqət və qayğı göstərir.

Tədbirdə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 20 yanvar.- S.6.